Ölkə başçısı İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Həmin layihədə ölkə konstitusiyasının müxtəlif maddələrinə ümumilikdə 29 əlavə və dəyişiklik yer alıb. Bunlar arasında ictimaiyyətin sosial şəbəkələrdə, mətbuatda ən çox müzakirə etdiyi prezidentin səlahiyyət müddətinin artırılması, vitse-prezident postunun yaradılması, prezident və millət vəkili seçilmək üçün yaş senzinin azaldılması olub. Bununla yanaşı layihədə sual yaradan və müzakirəyə açıq digər maddələr də var ki, onlara aydınlıq gətirməyə çalışacağıq.
Bu dəyişikliyin sadə vətəndaşlar üçün fərqi nədir və hər hansısa üstünlüyü varmı?
Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu dəyişikliyin vətəndaşlar üçün heç bir fərqi yoxdur:
“Əslində bu düzəlişlərə lüzum yoxdur: “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” və “Hüquqlardan sui-istifadəyə yol verilmir”. Prinsipcə, müddəaların özündə problem yoxdur, amma onlara ehtiyac da yoxdur, çünki Konstitusiyada məzmunu eyni olan oxşar müddəalar onsuz da var: “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” (46-cı maddənin II hissəsi) və “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur” (80-ci maddə).”
Bu dəyişiklik fiziki qüsurlu vətəndaşların həyatını asanlaşdıra biləcəkmi?
Referendum aktında təklif olunan digər bir dəyişikliyi şərh edən Əkrəm Həsənov bunun da çox ciddi fərq yaratmadığını bildirir. Onun sözlərinə görə, 25-ci maddənin III hissəsində “milliyyət” və “milli” sözləri “etnik” sözü ilə əvəz edilməsi sadəcə çaşqınlığı aradan qaldırır:
““Etnik” sözü yunan mənşəli olsa da, daha dar mənalıdır. Bildiyim qədər, “milliyyət” elə “etnos” deməkdir (halbuki, bizdə “azərbaycanlı” bütün aborigen etnosları əhatə edən dedikdə milliyyət ehtiva olunur). Amma “milli” sözü bizdə daha geniş mənada (“xalq” mənasında, misal üçün parlamentimizin adı – “Milli Məclis”) istifadə olunur. Görünən odur ki, vahid yanaşmanı təmin etmək üçün “milliyyət” sözündən də imtina olunub. Hər bir halda çaşqınlığı aradan qaldırdığı üçün məqbul dəyişiklikdir. Amma nədənsə Konstitusiyanın digər iki maddəsində (44-cü və 47-ci) “milli” sözü “etnik” sözü ilə əvəz edilməyib”.
25-ci maddəyə əlavə edilən VI hissəni isə Ə.Həsənov belə şərh edib:
“Həmin əlavədə yazılır: “Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar”. Burada sual doğuran “çətinləşən” sözüdür. Hər hansı fiziki və əqli qüsura görə həyata keçirilməsi çətinləşən hüquqdan vətəndaş niyə istifadə edə bilməz? Çətindir-nədir, bu onun öz işidir, istəsə istifadə edə bilməlidir. Elə vəzifəyə də münasibətdə məsələ birmənalı deyil. Çətindirsə, müəyyən güzəştlər etmək olar. Zənnimcə, burada “çətinləşən” əvəzinə “mümkün olmayan” yazılmalı idi”.
Xüsusi mülkiyyət hansı formada sosial məsuliyyətə səbəb olur və bunun mülk sahibi üçün hansı çətinlikləri olacaq?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, bu dəyişiklik Azərbaycan kəndlisinə ciddi problemlər yaradacaq. Dəyişikliyi Meydan Tv-yə şərh edən ekspertin sözlərinə görə, prezident Əliyevin təklifində iki maddədə dəyişiklik nəzərdə tutulub:
“Birinci, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğu qeyd olunub. Dəyişikliklər gerçəkləşsə, hökumət dövlət tərəfindən pay verilmiş torpağın sosial təyinatlı olduğunu iddia edəcək. Ona görə ki, ərzaq təminatında torpaq əsas vasitələrdən biridir. Dövlət də torpağı kəndliyə istehsalla məşğul olmaq üçün pay verib və istehsal etdiyi məhsul sosial təyinatlı hesab oluna bilər. Yəni kəndli istehsal etdiyi məhsulu dövlətin yaratdığı tədarük təşkilatına hökumətin müəyyən etdiyi qiymət diapazonunda təklif edir. Hökumət də məsələni qanuniləşdirdikdən sonra aqrar sahəyə məsul olan orqanlar kəndlini sosial ədaləti pozmaqda və hətta onu müəyyən etdiyi qiymətə görə də ittiham edəcək. Bununla da kəndliyə qanuni formada təzyiqlər ediləcək. Kimsə 1 hektardan 1 ton taxıl götürürsə, ona hektardan 5 ton məhsul götürən kəndlini nümunə gətirib, torpaqdan səmərəsiz istifadə etdiyini əsas gətirəcəklər.
Digər tərəfdən, kəndliyə istehsal etdiyi məhsulun maya dəyəri baha başa gəlsə də, ona sərf edən qiymətə satışına imkan verməyəcəklər. Misal üçün kəndli istehsal etdiyi kartofun 1 kiloqramını 8 qəpikdən tədarükçüyə satmalıdır. Kəndli məhsuldarlığın az olduğunu əsas gətirib qiymətin ona sərf etmədiyini deyə bilməz. Belə olan halda, ona torpaqdan səmərəsiz istifadə etdiyini, əsas gətirib cərimə tətbiq edəcəklər və yaxud torpağını əlindən alacaqlar, ona sosial öhdəliyini xatırladacaqlar. Qiymətlə razılaşmayanda, “sosial ədaləti “pozan kəndlini mülkiyyət hüququndan məhrum edə bilərlər”.
Ekspert hesab edir ki, Azərbaycan hökuməti üzərinə düşən sosial öhdəliyi yerinə yetirə bilmir, ona görə də öhdəliyin bir hissəsini xüsusi mülkiyyətin üzərinə qoymaq istəyir:
“Kəndliyə olan təzyiqlər nəticəsində torpaqlar müəyyən adamların, oliqarx-məmurların əlində cəmləşəcək. Problem ondadır ki, hökumət bazar iqtisadiyyatına uyğun hərəkət edə bilmir və yeni təsərrüfat sistemini yaratmağı bacarmır. Belə olan halda kəndliyə təzyiq edib istədiklərini almaq istəyirlər. Bununla da sahibkarların və kəndlilərin mülkiyyət hüququnu məhdudlaşdıracaqlar. Artıq kəndlilər sahibkar yox, məmurların təsərrüfatında fəhlə kimi işləyəcəklər. Xüsusi mülkiyyət bu formada olacaq, kəndlilər kiçik torpaq sahələrindən məhrum ediləcək, onlar oliqarxların təsərrüfatında cüzi əməkhaqqıyla adi işçi kimi işləyəcək. Bu gedişlə, 870 min ailənin pay torpağından məhrum edilməsi gözlənilir”.
Bu, informasiya almağı çətinlişdirmir?
İqtisadçı Qubad İbadoğlu hesab edir ki, 32-ci maddəyə təklif olunan dəyişiklik Azərbaycan Konstitusiyasının həm digər bir maddəsinə, həm də ölkənin götürdüyü beynəlxalq öhdəliyə ziddir. İqtisadçı vurğulayır ki, bu dəyişiklik, ilk növbədə, mülkiyyət sahibləri və dövlət şirkətlərinin fəaliyyətindən faydalananlarla bağlı məlumatlara çıxış imkanlarının məhdudlaşdırılmasına yönəlib:
“Hazırda konfedensial hesab olunan bu məlumatlara çıxışın qapalı olması bir tərəfdən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasını məhdudlaşdırır. Digər tərəfdən də Azərbaycanın beynəlxalq miqyasda götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycanın da qoşulduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) beynəlxalq idarə heyətinin 2016-cı il fevralın 25-də qəbul etdiyi qərara görə, üzv ölkələr mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı Yol Xəritəsi hazırlamalı və 2020-ci ilədək bu sahədə milli qanunvericilikdə olan bütün hüquqi baryerləri aradan qaldırmaqla, həmin ildən bu təşəbbüsü məcburi olaraq tətbiq etməlidir.
Belə olan halda Konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələr MHŞT-nin benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair tələbinin Azərbaycanda tətbiqində baryer yaradacaq. Nəticədə dövlət şirkətlərində payı olanlar, həmin şirkətlərin fəaliyyətindən bəhrələnənlərə dair məlumatların əldə edilməsi mümkün olmayacaq. Aydındır ki, bu əlavələr məhz mülkiyyət sahiblərinin və ondan faydalananların mənafeyinə xidmət edir və beynəlxalq təşəbbüslərlə əksdir”.
Q.İbadoğlu onu da əlavə edir ki, adı çəkilən maddəyə təklif olunan dəyişiklik həm də Konstitusiyanın 50-ci maddəsinə ziddir:
“Konstitusiyanın 50-ci «Məlumat azadlığı» maddəsinin I hissəsində deyilir ki, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Eyni zamanda Konstitusiyanın 155-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Beləliklə də, Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI – VIII hissələr qəbul edilməzdir”.