Konstitusiyalı monarxiya

İbrahim İbrahimli

İbrahim İbrahimli

İham Əliyevin 21-ci əsrdə etmək istədiklərini hələ Lui Napoleon orta əsrlərdə Fransada həyata keçirmək istəmişdi


Azərbaycan hakimiyyəti üçüncü dəfə Konstitusiyaya dəyişikliklər edir. Hər üç dəyişiklik birbaşa sülalə hakimiyyətinin qurulmasına, gücləndirilməsinə və otürülməsinə xidmət edir: 2002-ci ildə əsas məqsədi sülalənin varisi İlham Əliyevin hakimiyyətə maneəsiz gəlişini təmin etmək; 2009 –çu ildə bu hakimiyyətin ömrünü uzatmaq; 2016 – cı ildə isə bu hakimiyyətin maneəsiz ötürülməsinə nail olmaq. Əslində, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması birbaşa ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklər faktiki olaraq heçə illərdir ki, tətbiq edilən monarxiya quruluşunun qanuniləşdirilməsidir. Daha doğrusu, İlham Əliyev sülalənin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki olaraq konstitusiyalı monarxiyaya dəyişmək istəyir.

İlham Əliyev taxtda

İlham Əliyev taxtda

Gələcək hakimiyyətin varisi

1-ci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması, əslində hakimiyyətin gələcəkdə maneəsiz olaraq sülalə üzvlərindən birinə ötürülməsi üçün bir mexanizmdir. 1-ci vitse-prezident və vitse-prezidentləri birbaşa prezident təyin edir. Bu vəzifəyə təyin olunan namizəd gələcək hakimiyyətin varisi hesab oluna bilər. Çünki konstitusiya dəyişikliklərində 1-ci vitse – prezidentə prezident olmadığı təqdirdə onu əvəzləmək hüququ nəzərdə tutulur. Bu isə o deməkdir ki, prezident öz səlahiyyətlərini istənilən vaxt faktiki olaraq xalq tərəfindən seçilməmiş, parlament tərəfindən təsdiq edilməmiş istənilən bir adama verə bilər. Əslində, 1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi çəhətdən hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilməlidir.

Tarixi ibrət…

Deyirlər, tarix adətən iki dəfə təkrar olunur - əvvəl faciə kimi, sonra isə komediya, məzhəkə şəklində. Təbii ki, birinci ağlamal olur, ikinci isə gülməli. Bəli, gerçəkdən gülməli günlərə qalmışıq… İham Əliyevin 21-ci əsrdə etmək istədiklərini hələ Lui Napoleon orta əsrlərdə Fransada həyata keçirmək istəmişdi. Amma başda Viktor Hüqo olmaqla böyük bir ziyalı ordusunun müqavimətilə qarşılaşdı və sonda məğlub oldu. Bu gün “mən siyasətlə məşğul olmuram, məni siyasətə qatmayın, flan şeyi siyasiləşdirməyin” deyərək, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınıb, öz hərəkətlərinə haqq qazandırmaq istəyən və zaman- zaman parlamentdə təmsil olunan ziyalılarımız və yazarlarımız, lütfən, gözlərinə su verib Viktor Hüqonun həyatını oxusunlar.


Fransanın sonuncu monarxı: 3-cü Napoleon

Hakimiyyətə çan atan Lui Napoleon, nəhayət, çevriliş çəhdlərindən əl çəkib 1848- ci ildə kecirilən prezident seçkisində iştirak etmək üçün İngiltərədən Fransaya qayıdır. Sosial ədalət və milli həmrəylik şüarları altında seçkiyə qatılır, 70 faiz səslə rəqibi Lui Ejen Kavenyaka qalib gələrək, ilk dəfə demokratik yolla hakimiyyətə gəlir. Amma demokratiya uzun sürmür… Üç ildən sonar hakimiyyətinin sona çatmasına çox az müddət qalmış Lui Napoleon konstitusiyanı dəyişmək, öz prezidentlik müddətini artıqmaq barədə parlamentə layihə təqdim edir, cünki mövcüd qanunveriçiliyə görə prezident bir dəfədən artıq seçilə bilməzdi. Parlamentdə respublika tərəfdarları ilə monarxiya tərəfdarları arasında amansız mübarizə başlayır. Bu mübarizədə təşəbbüsü öz üzərinə götürən Viktor Hüqo məclis üzvü kimi Lui Napoleon başda olmaqla bütün monarxiya tərəfdarlarına qarşı çox sərt və kəskin çıxışlar edir: -Siz başqa əsrin adamlarısınız, siz meyitsiniz. Gəlin, canlıları rahat buraxın... Siz qəbirdən xortdamaq istəyirsiniz? Keçənləri unutmusunuz? Ayağınızı məşum Tüilri sarayınin iki addımlığında olan səkiyə qoyun, onda iki şeydən birini seçməli olacaqsınız: ya köhnə monarxiyanı qəbirə sürükləyən eşafot, ya da yeni kralları sürgünə göndərən kirayə edilmiş kareta. Ömürlük prezidentlik size hara aparıb çıxaracaq? Əlbəttə, imperiyaya. Məgər biz vaxtilə Fransada Böyük Napoleon olduğuna görə indi də Kiçik Napoleona dözməliyik? - - Siz prezidenti təhqir edirsiniz. -Prezidentin böyük adam olmadığını söyləmək əsla təhqir etmək deyil. Bizim cənab prezidentdən tələbimiz budur ki, ləyaqətli bir adam kimi hakimiyyətdən əl çəksin. Mən Boyük Napoleondan sonra Kiçik Napoleonu hakimiyyətdə görmək istəmirəm. Parlamentdə güclü müqavimətlə qarşılaşan Lui Napoleon faktiki olaraq 2 dekabr 1851-ci ildə dövlət çevrilişi edir. O, yaranmış vətəndaş qarşıdurmasından istifadə edərək parlamentə təqdim etdiyi konstitusiya dəyişikliyini nəzərdə tutan layihəni ümumxalq səsverməsinə- referenduma çıxartmaq istəyir. Fransanı ağır günləri başlayır. Parlamentdə təmsil olunan müxalifətçi deputatlar Milli Müqavimət Hərəkatını təşkil etmək üçün Viktor Hüqonun başçılığı altında Milli Müqavimət Komitəsi yaradırlar.

Viktor Hüqonun xalqa müraciət:
" …Son dərəcə böyük bir toqquşmanın baş verəcəyi gün yaxınlaşır. Böyük və şanlı döyüş meydanı keçmışın inadcıl iddiaları sayəsində yenidən zülmət pərdəsinə bürünəcəkdi. O meydan ki, orada təfəkkür və tərəqqi öz vuruşunu genişləndirir. O meydan ki, onun adı Fransadır. Bu qaranlığın nə qədər sürəcəyini, bu döyüşün nə qədər davam edəcəyini deyə bilmirəm, amma bir şeyə əminəm və əmin olduğuma görə də qəti şəkildə öncədən deyirəm ki, haqq ölməyəcəkdir! Konstitusiyanın müdafiəsi Fransa vətəndaşlarının hüququdur. Parlament Lui Napoleonun səlahiyyətlərinə xitam verir. Xalqı öz konstitusion hüquqlarının bərpası uğrunda mübarizəyə çağırır. Ümumi seçki qanunu bərpa olunur. Yasasın, Respublika!" Amma Lui Napoleon daxili çəkişmələrdən- vətəndaş qarşıdurmasından istifadə edərək ümumi vəziyyəti öz xeyirinə dəyişir. Konstitusiya dəyişiklikliyini xalq səsverməsinə-referenduma çıxararaq səs çoxluğu ilə (7,5 milyon lehinə və 640000 əleyhinə) təsdiqləyir.

2-ci imperiyanın 3-cü imperatoru

Vəziyyət təhlükəli hal alır. Müqavimət komitəsinin üzvlərini izləyirlər. Onlar 2 gün ərzində 17 dəfə yerlərini dəyişməyə məcbur olurlar. Lui Napoleon şəxsən Hüqonu tutub təslim edənə və ya öldürənə 25000 frank mükafat vəd edir. Respublikaçıları sıradan çıxarmaq üçün ölkədə kütləvi repressiyalara başlayır. Minlərlə insan həbsxanalara atılır, xeyli Fransa vətəndaşı mühacirətə gedir. O cümlədən, Viktor Hüqo da əvvəl Brüsselə, oradan da Normand (Kanal, La-Manş) adalarına qaçır və mühacirətdə ikən Lui-Napoleona qarşı sərt mübarizəsini davam etdirir. Mütləq hakimiyyət əldə edən Lui-Napoleon müxalifətin müqavimətini qırandan sonra prezidentliklə kifayətlənmir, yeni iddiaya düşür, daha doğrusu, imperator olmaq istəyir. Bu məqsədlə 21 noyabr 1852-ci ildə imperiyanın bərpa edilməsini ümumxalq səsverməsinə şıxarır. Və imperiya səs çoxluğu ilə (7824000 lehinə və 253000 əleyhinə təsdiqlənir. Lui Napoleon 2 dekabr 1852-ci ildə özünü Fransa İmperatoru III Napoleon elan edir.

III Napoleon

III Napoleon

3-çü Napoleonun məğlubiyyəti...

Krım müharibəsində Rusiyanı məğlub edən 3 –cü Napoleon Fransa İmperiyasının hegemonluğunu bir daha təsdiq edir. Keçmiş kontinental Rusiya İmperiyasının yerini Fransa tutmuş olur. Artıq Rusiya Avstriyanın deyil, Fransa və Prussiyanın müttəfiqinə çevrilir. Amma çox çəkmir ki, Fransa Prussiya münasibətləri gərginləşir. Fransanın hərbi gücünə arxalanaraq guya əldə edəcəyi qələbə ilə öz siyasi səhvlərini ört-basdır etmək məqsədilə 3-cü Napoleon müharibəyə başlayır. Və baş komandanlığı öz üzərinə götürərək Metç qalasına gəlir. Beumont döyüşündən sonra Metç qalasına qayıdarkən prussiyalıların mühasirəsinə düşür. Hamının, hətta xanımının da onun intihar edəcəyini gözlədiyi halda, Lui Napoleon könüllü olaraq almanlara təslim olur.

3-cü Republikanın bərpası…

Artıq Prussiya ordusu Fransanın paytaxtına doğru irəliləyir. 4 sentyabr 1870-ci ildə Milli Müqavimət Komitəsi təşəbbüsü oz əlinə alıb, Fransada III Respublika hakimiyyətini elan edir. Hüqo sürgündən Fransaya qayıdır. Gecə vaxtı minlərlə parisli Hüqonu “Var olsun Fransa, Yaşasın Hüqo” çağırışlarıyla vağzalda qarşılayır. Hüqo izdihama müraciət edir:
"...Mən sizə demişdim ki, Azadlıq geri dönəndə, Respublika qayıdan gün mən də qayıdacağam. Budur, mən burdayam. Mən buraya öz borcumu yerinə yetirmək üçün gəlmişəm. Parisi müdafiə etmək üçün, Parisi qorumaq üçün gəlmişəm. Bilirsinizmi Paris niyə böyük mədəniyyət şəhəridir? Çünki o, inqilablar şəhəridir. İnqilablar şəhərini işğal etmək mümkünmü? Yox, bu, mümkün deyildir! Belə bir şey heç vaxt ola bilməz! Yaşasın Respublika!"

Sülh müqaviləsindən sonra azad edilən 3 Napoleon İngiltərəyə- Çizelherstə gedərək ömrünün sonuna kimi orada qalır. Fransaya qayıtmaq üçün plan hazırlasa da, 9 yanvar 1873- cü ildə ürək çatışmazlığından vəfat etdiyinə görə o planı həyata keçirməyə müvəffəq olmur. Ölümündən sonra quruca adı qalır…

P.S. Viktor Hüqonun 80-cu ad gününü Paris- bütün Fransa milli bayram kimi qeyd edir. Eylau küçəsində triumfal arka quraşdırmışdılar. Evinin qarşısından 600 min parisli keçəndə nəvələrilə pancərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Son mənzilə yola salınanda isə cənazə arabasının qabağında 200 min parisli gedirdi. 2 milyondan artıq fransalı isə yolboyu düzülüb məhrumla vidalaşırdı. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo." Ölümündən sonra Fransızlar Hüqo üçün belə yazırdılar: «Hüqo doğulanda əsrin iki yaşı vardı, öləndə isə əsrin cəmi 15 il ömrü qalmışdı".

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l8avlb

Ən çox baxılan