Əksər media təmsilçilərinə iclasda iştirak etməyə icazə verilməyib
***
12.10. APA-nin məlumatına görə, Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verib.
Lider TV, Region TV, Xəzər TV, Azadlıq radiosu və “Azadlıq” qəzeti iclasa buraxılmayıb.
***
İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı xüsusi iclası keçirilir.
Məlumatı Trend agentliyi yayıb.
İclasda prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi Referendum Aktı layihəsinə rəy veriləcək.
Plenumun iclasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıb. O qeyd edib ki, iclası 8 hakim idarə edir.
İclasda Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.
İyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli Konstitusiyaya dəyişikliklər haqqında prezidentin təqdim etdiyi layihə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. AXCP sədri bildirir ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 43-cü maddəsinə əsasən maraqlı subyektlərin Konstitusiya Məhkəməsinin iclaslarında iştirak və çıxış etmək hüququ var. Maraqlı tərəf sübutları, digər materialları təqdim edə, işə baxılmasına dair vəsatət və təkliflər verə bilər.
Meydan TV-nin məhkəmənin qarşısında olan jurnalistlərdən aldığı məlumata görə, AXCP sədrinə, müstəqil və müxalifyönlü media təmsilçilərinə iclasda iştirak etməyə icazə verilməyib.