Konstitusiya Məhkəməsi MSK-nın nəticələrini təsdiqlədi

Source:


Qərar elan olunan andan qüvvəyə minib

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Aprelin 11-də keçirilmiş Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası

olub

.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda MSK-nın təqdim etdiyi protokola baxılıb, seçkilərlə bağlı ümumi məlumat verilib.

Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S.Salmanova deyib ki, MSK prezident seçkiləri ilə əlaqədar yekun protokolu aprelin 15-də Konstitusiya Məhkəməsinə təqdim edib. R.Qvaladze isə deyib ki, araşdırmalar zamanı prezident seçkilərilə əlaqədar məhkəmələrə şikayət daxil olmadığı məlum olub. O qeyd edib ki, səsvermənin nəticələrinə əsasən, namizədlərdən ən çox səsi İlham Heydər oğlu Əliyev toplayıb. O, 86.02 faiz seçici səsi qazanıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək deyib ki, prezident seçkilərində 8 namizəd iştirak edib: “Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsini əhatə edib”.

MSK sədrinin sözlərinə görə, seçici siyahılarında olan seçicilərin sayı 5 milyon 293 min 561-dir, 4 seçki məntəqəsinin nəticələri ləğv olunub. 5 milyon 347 min 803 seçki bülletenindən 1 milyon 383 min 792-si istifadə edilmədən ləğv olunub, 1 888 bülleten isə korlanıb, etibarsız hesab edilən səslərin sayı isə 12 min 413, etibarlı hesab edilən səslərin sayı isə 3 milyon 946 min 439-dur. Səsvermədə ümumi seçicilərin 74.30 %-i iştirak edib”.

MSK sədri qeyd edib ki, ölkə üzrə olan seçki məntəqələrinin 20 faizində 1000 veb-kamera quraşdırılıb, kameralar vasitəsilə səsvermə prosesi izlənilib. M.Pənahov qeyd edib ki, səsvermə prosesini 58 min 175 yerli, 894 beynəlxalq müşahidəçi izləyib: “Siyasi partiyalar bu prosesdə kifayət qədər fəallıq göstəriblər. Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müxtəlif maarifləndirmə tədbirləri həyata keçirib, bu da müsbət nəticəsini verib”.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını açıqlayıb. Qərara əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Qərar elan olunan andan qüvvəyə minib.

Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

Aprelin 18-də yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimi (inauqurasiya) keçiriləcək. Bu barədə məlumatı jurnalistlərə prezidentin səlahiyyətli nümayəndəsi Əli Əhmədov verib. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Bu barədə missiya aprelin 12-də keçirdiyi mətbuat konfransında məlumat

yayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Ana səhifəXəbərlərKonstitusiya Məhkəməsi MSK-nın nəticələrini təsdiqlədi