“Banklar Konstitusiyamızı və qanunlarımızı pozur, insanlarımıza qan uddurur. Konstitusiya Məhkəməsi də buna qanuni don geyindirdi”
“Bu gün Konstitusiyamızın 20 yaşı tamam olur! Təəssüf ki, Konstitusiyamızın keşiyində durmalı olan Konstitusiya Məhkəməsi bu il ona ən ağır zərbəni vurdu – bankların xeyrinə, əhalinin isə əleyhinə olaraq Konstitusiyanın məntiqsiz və qanunsuz şərhini verdi”.
Bu sözləri hüquqşünas Əkrəm Həsənov özünün Facebook səhifəsində yazıb: “Təsadüfi deyil ki, məhkəmənin həmin iclasında hakim Südabə Həsənova da təəccübünü gizlədə bilmədi: “Biz bu il Konstitusiyanın 20 illiyini qeyd edəcəyik. Belə çıxır ki, banklar 20 il ərzində Konstitusiyanı pozub?!”
Bəli, banklar Konstitusiyamızı və qanunlarımızı pozur, insanlarımıza qan uddurur. Konstitusiya Məhkəməsi də buna qanuni don geyindirdi. Əfsuslar olsun ki, Konstitusiya Məhkəməsi vaxtı ilə ən qabaqcıl məhkəməmiz olsa da, hazırda ən geridə qalmışına çevrilib. Hətta iclaslarını belə faktik olaraq qapalı keçirir. Halbuki, qanuna görə iclasları açıq olmalıdır. Heç bir məhkəməmizdə bunun analoqu yoxdur! Qanuna görə iclasın vaxtı haqqında məlumat iclasa azı beş gün qalmış dərc edilməlidir. Lakin ən yaxşı halda Konstitusiya Məhkəməsi iclasın günü barədə məlumat verir, dəqiq vaxtını isə gizlədir. İclas açıqdırsa, iştirak etmək istəyənlər onun dəqiq vaxtını bilmədən necə iştirak etsinlər? Kimdən qorxur Konstitusiya Məhkəməsi? Məntiqsiz, qanunsuz qərarlarının ifşa olmağından?”