“Konstitusiya ili”: “Hakimiyyət deyir ki, hər yerdə insan hüquqları pozulur”

Foto: Azertag

“Azərbaycanda insan hüquqları pozuntuları fərdi yox, sistemli, struktural və mütəmadi səciyyə daşıyır”

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib.

1995-ci il, noyabrın 12-də Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

2025-ci ildə sənədin qəbul edilməsinin 30 ili tamam olacaq.

Rəsmi açıqlamaya görə, bu səbəbdən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib.

Əliyevin sərəncamında qeyd edilib ki, konstitusiya hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlara layiqli həyat şəraitinin təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühim qanunvericilik bazası rolunu oynayıb.

Bəs Konstitusiyada qeyd edilən insan hüquq və azadlıqlarına dövlətin praktik münasibəti necədir? 

III Respublika Platformasının qurucu heyət üzvü, hüquqşünas Səməd Rəhimli deyir ki, konstitusiyanın mövcudluğu təməldə iki əsas məsələni həll etmək üçündür:

  • Dövlət hakimiyyət orqanlarının səlahiyyət çərçivələrinin müəyyənləşdirilməsi;
  • İnsan haqlarının tanınması və xüsusi sənəddə qeyd edilməsi.

Onun sözlərinə görə, Konstitusiyaya praktik münasibət bu iki əsas məsələ çərçivəsində nəzərdən keçirilə bilər:

Hüquqşünas Səməd Rəhimli
Source: MİL Şəbəkəsi

“Birinci bəndi nəzərdən keçirdikdə Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi Prezidentə qeyri-məhdud səlahiyyət verir. 1995-2016-ci illər ərzində bu bənd Prezidentin ixtiyari hərəkət etməsinə şərait yaratdı, 2016-ci ildə parlamenti rahat buraxmaq səlahiyyəti əldə etdi və bu da parlamentin Prezidentdən tabeliliyini yaratdı. Konstitusiyada insan hüquqları sadalansa da, həmin hüquqlar praktikada effektiv təminata malik deyillər. Azərbaycan hökuməti insan hüquqları pozuntularına həmişə belə münasibət bildirib ki, dünyanın hər yerində insan hüquqları pozuntuları var. Lakin Azərbaycanda insan hüquqları pozuntularının səciyyəvi xarakteri var”.

Hüquqşünas deyir ki, Azərbaycanda insan hüquqları pozuntuları fərdi yox, sistemli, struktural və mütəmadi səciyyə daşıyır:

“Aktual nümunə kimi hakimiyyət tərəfindən açılan cinayət işlərini gözdən keçirmək olar. Azərbaycanda cinayət mühakimə prosesiylə hüquq-mühafizə orqanlarının nəticə əldə etməsi məhz insan hüquqları pozuntularının üzərində qurulub. Məsələn pis rəftar (o cümlədən işgəncə) cinayət işlərində köklü xarakter daşıyır. Çünki ifadə almaq və ya sübut əldə etməyin əsas vasitəsi kimi bu metod istifadə edilir”.

Səməd Rəhimlinin sözlərinə görə, 1995-ci ildən 2005-ci ilə qədər ölkədə insan hüquqlarının vəziyyəti indikindən daha yaxşı olub:

“Nisbi formada da olsa, azadlıqlar praktikada işləyirdi; beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda vəziyyət tam yox, qismən avtoritarizm kimi səciyyələndirilirdi. Lakin iqtisadi inkişaf artdıqca, insan hüquqlarının effektivliyi praktik səviyyədə sıradan çıxarıldı”.

“Həbslər dövlətin və cəmiyyətin yox, hakimiyyətin maraqlarına xidmət edir”

“Beynəlxalq insan hüquqları təşkilatları tərəfindən illər ərzində və eləcə də 2023-2024-cü illərdə siyasi məhbus kimi tanınmış şəxslərin Konstitusiyada nəzərdə tutulan hansı hüquqları pozulub?” sualına isə hüquqşünas belə cavab verib:

“Burada əsas problem, müstəqil məhkəmə institutu olmadığı üçün həmin şəxslərin prossesual ədalət mühakiməsi təminatlarının olmamasıdır. Bundan yararlanaraq, hökumət qeyri-müstəqil məhkəmə sistemi vasitəsilə ictimai və siyasi fəal şəxslərə qarşı siyasi təqiblər həyata keçirir. Bununla yanaşı, hökumətin həmin şəxslərə qarşı cinayət hüquqi vasitələrdən istifadə etməsi konstitusion xoşməramlılıq (good faith) prinsipinin pozuntusudur. Bu prinsip bütün hüquqi aktlar kimi konstitusion hüquqi fəaliyyətin fundamentini təşkil edir. Bu prinsipə görə, dövlətin fəaliyyəti ümumi maraqların təmin edilməsindən irəli gəlir. Lakin həmin həbslər dövlətin və cəmiyyətin yox, hakimiyyətin maraqlarına xidmət edir”.

Müstəqil hüquqşünasların və hüquq müdafiəçilərinin sözlərinə görə, hər ötən il Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşir, hüquq və azadlıqlar praktikada məhdudlaşdırılır.

Hazırda Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğu bildirilir.

Ana səhifəSiyasət“Konstitusiya ili”: “Hakimiyyət deyir ki, hər yerdə insan hüquqları pozulur”