Britaniya mətbuatı: Əliyevə konstitusiya mane olmurdusa, onu niyə dəyişdi?
“The Financial Times” yazır ki, Azərbaycan konstitusiyası prezident İlham Əliyevi heç vaxt məhdudlaşdıra bilməyib, buna görə də onun ana qanunu dəyişməsinin səbəbi müəmmalıdır:
“Görünür, ölkəyə 13 ildir mütləq hakimiyyətlə prezidentlik edən İlham Əliyev indi özünü kifayət qədər qüdrətli hiss etmir. Ötən həftə o, özünün prezidentlik səlahiyyətlərini artırmaq məqsədilə Konstitusiyaya 29 düzəliş edib. Avropa Şurası Venesiya Komissiyasının rəyində deyilir ki, təklif edilmiş düzəlişlərin əksəriyyəti prezidentə misilsiz səlahiyyətlər verməklə hakimiyyət balansını sərt şəkildə pozacaq. Bu düzəlişlərə prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması, prezidentə parlamenti buraxmaq və erkən prezident seçkisi təyin etmək səlahiyyətlərinin verilməsi daxildir. Bundan əlavə, prezident ona xələf olacaq vitse-prezident təyin edəcək”.
“The Financial Times” yazır ki, Azərbaycan hökumətinin dediyinə görə, bütün bu 29 düzəliş islahatların həyata keçirilməsi üçün zəruri tədbirdir:
“Prezidentin müşaviri Əli Həsənov deyib ki, dəyişikliklər prezident qərarlarını bürokratik əngəllərdən azad etmək üçün mühümdür. Lakin cənab Əliyev çox nadir hallarda parlament və ya bürokratik əngəllər tərəfindən məhdudlaşmış görünür. Bütün rəsmilər və millət vəkilləri onun iradəsi qarşısında farağat dayanırlar. Bu isə müşahidəçiləri dəyişikliklərin həqiqi motivləri barəsində düşünməyə vadar edib” –
“Financial Times” yazır ki, ola bilsin, cənab Əliyev iqtisadi qeyri-müəyyənlik şəraitində seçkidən yayınmağa ümid edir:
“Bəziləri bu qənaətdədirlər ki, vitse-prezident postunu təsis etməklə prezident hakimiyyətə öz varisini hazırlamağı planlaşdırır. Cənab Əliyevin motivləri qeyri-müəyyən olsa da, o regionda belə təşəbbüslə çıxış edən yeganə lider deyil. Təkcə ötən bir il ərzində keçmiş sovet Mərkəzi Asiyası və Qafqazında səkkiz ölkə öz Konstitutisiyasını yenidən yazıb. Beşinci ölkə, Qırğızıstan da belə bir tədbirə bu il hazırlaşır. Bəzi hallarda dəyişikliklər birmənalı şəkildə prezidentin mövqeyini gücləndirir. Ötən ay Türkmənistan parlamenti prezidentlik müddətini 5 ildən 7 ilə artırıb və prezidentlik üçün yuxarı yaş limitini ləğv edib.
Əksər müşahidəçilər düşünürlər ki, bu, hazırkı prezident Qurbanqulu Berdımuxammedovu ömürlük prezident etmək məqsədi güdür. Ötən may ayında Tacikistan parlamenti Emomali Rahmona da ömürlük hakimiyyət hüququ verib.
Bəzi ölkələrdə isə dəyişikliklərin məqsədi birbaşa deyil. Ermənistanda prezident səlahiyyətləri azaldılaraq baş nazir səlahiyyətləri gücləndirilib. Bir çoxu inanır ki, bu, hazırkı prezident Serj Sarkisyanın baş nazir postuna əyləşərək hakimiyyət ömrünü uzatması üçün edilib.
George Washington Universitetində keçmiş Sovet İttifaqında siyasi sistemlər üzrə ekspert Henry Hale deyir ki, avtoritar liderlərin konstitusiyaları yenidən yazmağa ehtiyacları olmasa da, onlar bunu ölkə üzərində hakimiyyətlərini göstərmək üçün edirlər”.
Qəzet yazır ki, region liderləri kənardan qüdrətli görünsələr də, onlar hakimiyyətləri üçün mövcud təhlükələrdən narahatlıq keçirirlər:
“Bu avtoritar liderlərin qorxuya düşməsi iqtisadi tənəzzül və Rusiyanın qonşularına qarşı artan təcavüzkarlığıdır”.
Tərcümə: BBC Azəri