Devid Rouzer alimin həbsini əsassız və siyasi motivli sayır
ABŞ konqresmeni, Şimali Karolinadan olan respublikaçı Devid Rouzer həmkarları adından Konqres rəhbərliyinə müraciət edib.
Rouzer deyib ki, Dövlət Departamenti Azərbaycan hökumətindən Qubad İbadoğlunun qeyd-şərtsiz azad edilməsini tələb etməlidir.
Bu barədə “Turan” məlumat yayıb.
“Cənab spiker, fəxr edirəm ki, Amerikanın bir neçə aparıcı universitetində dərs deyən hörmətli alim və iqtisadçı doktor Qubad İbadoğlunun vəziyyətilə bağlı ikipartiyalı qətnamə təqdim etdim”, – deyə Rouzer müraciətində qeyd edib.
Konqresmen 2023-cü ilin iyulunda Qubad İbadoğlu və onun xanımının polisin amansız hücumuna məruz qaldığını qeyd edib.
O bildirib ki, alim siyasi motivli və əsassız ittihamlarla həbs edilib:
“Bu günə qədər onu həbsdə saxlamağa davam edirlər. Vəkillə görüş və həyati əhəmiyyətli dərmanların çatdırılması imkanlarından da məhrum olunub. Bu sui-istifadə qanunsuzdur və həyat üçün təhlükəlidir”.
Devid Rouzerin müraciəti ABŞ Dövlət katibi Entoni Blinkenin Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən bir neçə saat əvvəl yayılıb.
Dövlət Departamentinin məlumatına görə, E.Blinken İ.Əliyevə Azərbaycanın insan hüquqları ilə bağlı öz beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini deyib.
Dövlət katibi və Prezidentin konkret məsələləri müzakirə edib-etmədiyi bəlli deyil, lakin köməkçisi Ceyms O’Brayen xarici işlər naziri Ceyhun Bayramovla ayrıca görüşüb.
Ötən həftə konqresmen Rouzer və ABŞ Konqresinin 20 digər üzvü Azərbaycanı Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnamə (1012 saylı qətnamə) qəbul ediblər.
Həmmüəlliflər həmçinin dövlət katibini Azərbaycan hökumətilə bütün əlaqələrdə Qubad İbadoğlunun azadlığa buraxılması məsələsinə xüsusi diqqət yetirməyə çağırıblar.
Fevralın 17-də ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç (Richard Kauzlarich) də Qubad İbadoğlunun azad olunması üçün xarici ölkə liderlərinin İlham Əliyevə təzyiq göstərmələrini vacib sayıb:
“Əks halda, o da Aleksey Navalnı kimi həbsxanada ölə bilər”.
İqtisadçı Qubad İbadoğlu iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb.
Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.