“Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək və o, dərhal azadlığa buraxılacaq”
Mayın 20-də ABŞ Konqresinin üzvü Ceyms Makqovern Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.
O, “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həbsdə qalmasından dərin narahatlığını bildirib.
“Azadlıq” radiosunun məlumatına görə, konqresmen 1 il haqsız yerə həbs olunmuş jurnalistin bu müddət ərzində dünyaya gələn qızını cəmi bir dəfə görə bildiyini qeyd edib.
“Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, onun həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram”, – Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri Makqovern yazır.
Konqresmen qeyd edib ki, Fərid Mehralızadə “AbzasMedia” araşdırmaçı nəşrinə qarşı cinayət işi çərçivəsində saxlansa da, onun bu media qurumu ilə əməkdaşlığının olmadığı aydın şəkildə bildirilib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti onun bu nəşrə bağlılığına dair hər hansı dəlil ortaya qoya bilməyib.
Konqresmen məktubunda Fəridin zorakılığa, eyni zamanda məhkəmədə aşağılanmaya məruz qaldığını, fevralın 11-də onun və bu iş üzrə təqsirləndirilən altı nəfərin pis rəftarla bağlı şikayətləri araşdırılmadığı üçün məhkəməyə qatılmaqdan imtina etdiklərini vurğulayıb:
“Bu etiraza cavab olaraq, hakimiyyət onu məhkəməyə zorla gətirib ki, bu da həbsdə pis rəftarın daha bir formasıdır”.
Makqovern aprelin 29-da keçirilən məhkəmə prosesində prokurorun Fəridi təhqir etdiyini, hakimin bununla bağlı heç bir tədbir görmədiyini də xüsusi qeyd edib.
“Bu qeyri-peşəkarlıq və sayqısızlıq nümayişi Fəridin işində qərəzsizliyin olmadığını göstərir, onun ədalətli məhkəməyə çıxışı sarıdan ciddi narahatlıq yaradır”, – məktubda deyilir.
“Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək, Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq”, – konqresmen Makqovern yazır.
Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.
Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra ittihamlar ağırlaşdırılıb.
Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.
O, ittihamları qəbul etmir, qurama sayır.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs olunmadığını bildirir.
2023-cü ilin noyabrından başlayaraq ölkədə qruplar halında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub.
Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib.
Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300-dən çox siyasi məhbusun olduğunu bildirirlər.