“Əhalinin sosial vəziyyətinə xələl gətirən belə halların tezliklə aradan qaldrılması üçün dövlət və hakimiyyət strukturları təcili tədbirlər həyata keçirməlidir!”
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosu manatın devalvasiyası ilə bağll bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan vətəndaşları növbəti dəfə respublika hökumətinin əhalinin sosial rifahı naminə apardıqları “ məqsədyönlü” siyasətinin qurbanına çevrilib. Dolların məzənnəsi 50 faizdən də çox artmışdır?!
Əgər bir hakimiyyət, yeni il qabağı, əhalinin bu cür “qayğısına” qalırsa, deməli, belə hakimiyyətin perspektivi yoxdur. Ərzaq və digər məsələlərlə bağlı “təhlükəsizlik” planları işlənib hazırlanırsa, bəs nə səbəbdən iqtisadi, maliyyə təhlükəsizliyi tədbirləri işlənib hazırlanmamalıdır?! Deməli, belə hökumət H.Əliyevin öz dəsti-xətti ilə yazılmış Azərbaycan Konstitusiyasına etinasızlıq göstərir.
Bu, ilk növbədə, xalqla dövlət arasında münasibətlərə ziyan vermək məqsədi daşıyır! Dolların bu cür artması iqtisadi-maliyyə siyasəti ilə məşğul olan strukturların öz işlərinə biganəliyindən xəbər verir”.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosu qətiyyətlə tələb edir: “Əhalinin sosial vəziyyətinə xələl gətirən belə halların tezliklə aradan qaldrılması üçün dövlət və hakimiyyət strukturları təcili tədbirlər həyata keçirməlidir! Bunun üçün respublikamızın bütün imkanları vardır! İlk növbədə milliardlarla manat pulu sağa-sola dağıdan və bu cür hallardan istifadə edərək öz şəxsi mənafelərini güdən məmurlara qarşı ciddi tədbirlər görülməlidir!
Xalqın iradəsi ilə oynamaq pis nəticələrə gətirib çıxara bilər! İnanırıq ki, respublikamızin Prezidenti bu məsələnin həllində xalqın mənafeyinə üstünlük verəcəkdir!”