Kommunist fəallar 3 ay müddətinə həbs olunublar

Photo: Screenshot from video

Noyabrın 26-da Bakıda saxlanılan kommunist fəallar Abdulla İbrahimli, İbrahim Əsədli və adları açıqlanmayan digər şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Məlumata görə, Nizami Rayon Məhkəməsi hər iki şəxsi Cinayət Məcəlləsinin 233-cü maddəsi — “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə” — ilə ittiham edib.

Həmin şəxslər ötən gün, noyabrın 26-da Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıraraq yürüş keçirməyə cəhd etdikləri üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd edilirdi ki, ilkin istintaq həmin şəxslərin “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdiyini və mütəmadi toplantılar təşkil etdiyini” müəyyən edib.

Saxlanılanların özlərinin və ailə üzvlərinin məsələyə münasibəti məlum deyil.  

Ana səhifəSiyasətKommunist fəallar 3 ay müddətinə həbs olunublar