Əmlak Məsələləri Dövlət Komitəsi

Mənbə: meydan tv

Başlıq: Əmlak Məsələləri Dövlət Komitəsi

Komitə: Xəzərin sahilində torpaq mənimsəyənlərlə bağlı DİN-ə müraciət edilib

Məqalə yeniləndi:  17 İyul 2019

39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinq qrupları yaradıb.

Komitənin mətbuat xidmətinin məlumatına görə, monitorinq qrupları Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında qanunsuz istifadə halları aşkarlayıb.

Bildirilib ki, Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilir:

“Hazırki dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib, torpaq sahəsinin zəbtolunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb”.

Nazirliyin məlumatında qeyd olunub ki, qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır.

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü pozur. Bu isə turizm baxımından mənfi fəsadlara gətirib çıxarır”, deyə məlumatda bildirilib.

Komitə sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinqlərin davam etdiriləcəyini və vətəndaşları torpaq istifadəçiliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Hüquqşünas Aslan İsmayılov mövcud vəziyyəti bərbad adlandırıb.

Aslan İsmayılov deyib ki, əvvəllər qanunvericilikdə dəniz sahilində 120 metrədək ərazidən istifadə etmək olmazdı. Sonra oliqarxlar bu məsələyə girişdi, məsafəni 50 metrədək azaltdılar:

"Bu gün Xəzərin sahilində demək olar ki, vətəndaşların dəniz sahilinə ayaq basması üçün yer yoxdur. Hamısı zəbt olunub. Dəniz sahilində fərdi şəxslər bağlar tikib, beşmetrlik hasar tikib, 5 hektar da torpaq alıblar. Bu şəxlsər Azərbaycanda bir dəfə də dənizə girmirlər, dənizə ancaq xaricdə gedirlər, İtaliyada, İspaniyada və s. ölkələrdə. Digər tərəfdən sahilin bir hissəsini pullu çimərliklər tutub. Dünyanın heç bir yerində dəniz sahili hasarlanmır".

A.İsmayılov hasarlama işlərinin yalnız qəfəsəli olmaqla uzunluğunun 200 metrdən artıq olmaması ilə bağlı təəccübünü bildirib.

"Əgər söhbət hasarlamadan gedirsə, deməli, oradakı mövcud hasarları rəsmiləşdirirlər. Dəniz sahilinə heç nə ilə giriş məhdudlaşdırılmamalıdır".

Eks-Prezident Heydər Əliyevin 13 yanvar 2003-cü il 1122 saylı sərəncamı Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsini əhatə edir. Sənəddə qeyd olunub ki, dəniz sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.

Ancaq 2004-cü ildən sahil zolağının əksər hissələri hasarlanıb, bu barədə mətbuat dəfələrlə informasiyalar, reportajlar yaysa da, müvafiq qurumlara sorğular göndərsə də, reaksiya olmayıb.

Yalnız bir gün əvvəl "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələndiyi haqda məlumat yayılıb. O, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/62k1qu

Ən çox baxılan