Yeni qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır.
Komitə hesab edir ki, valideyn məsuliyyəti artırılmalı və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir. Artıq “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib.
Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, qanun layihəsi uşaqların zərərli informasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir.
“Qanun layihəsinin qəbul edilməsi, həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcək. Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir”- komitədən bildirilib.
Məlumatda qeyd olunub ki, son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılır:
“Mətbuatda Dövlət Komitəsinin bu məsələ ilə bağlı məlumatı düzgün şərh edilməyib. Azərbaycan konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığa zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu, birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır. Həmin maddəyə əsasən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə, valideyn hüquqları ləğv edilə bilər”.
“Uşaqların Aşura mərasiminə getməsinə pis baxmaq olmaz. Uşaqlar harda olmalıdır? Gör-götür dünyasıdır. Hər şey olar bu gün. ‘Uşağın məscidə getməsi qadağandır’ demək düzgün deyil”, – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Qəni Axundzadə son günlərin mübahisəsi haqqında – azyaşlıların Aşura mərasimlərinə aparılmasından danışarkən AzadlıqRadiosu-na belə deyib.
“Yəhudi uşağını sinaqoqa, xristian kilsəyə, müsəlman da öz yanında məscidə apara bilər. Bu şərtlə ki, məktəb vaxtı olmasın, uşaq təhsildən yayınmasın. Mənim tanıdığım məscidə gələn uşaqların əksəriyyəti savadlıdır, yüksək davranış qabiliyyətinə malikdirlər. Uşaq Aşura günü məscidə gedirsə, əxlaq öyrənirsə, dini ayinlərdə iştirak edirsə, bu, çox gözəl haldır”- QMİ nümayəndəsi vurğulayıb.
Oktyabrın 1-də Azərbaycanda uşaqların Aşura mərasimlərinə aparılması, onların ağlaşmaya, zəncir vurma, baş yarma səhnələlərinə şahid olması, azyaşlı qızların hicaba, çadraya bürünməsi sosial şəbəkələrdə, mətbuatda, Milli Məclisdə müzakirə mövzusuna çevrilib.