Dövlət Komitəsi: Torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın 4,1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işini yekunlaşdırıb və relyef xəritələrinin hazırlanması işinə başlayıb.
Bu barədə “Report”a komitənin mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri hazırlanıb.
Komitədən bildirilib ki, Azərbaycanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130 min ha ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.