Komitə sədri: Gəncədə 200 milyon avrodan çox vəsait xərclənib, nəticə yoxdur

Musa Quliyev Hesablama Palatası və Baş Prokurorluğa müraciət edib

Foto: president.az


Musa Quliyev Hesablama Palatası və Baş Prokurorluğa müraciət edib

“Murtuz Ələsgərovun vaxtında hamı bilirdi ki, həftənin ikinci və beşinci günləri parlamentin iclasıdır. Məncə, parlamentin iclaslarının sayı artırılmalıdır”.

Deputat Qüdrət Həsənquliyev iyulun 2-də keçirilən Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasında belə deyib.

O bildirib ki, deputatlara çıxış üçün imkan yaradılmalıdır.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, hər həftənin 2-5-ci günləri iclas olur və deputatlara çıxış etmək imkanı yaradılır: “Əgər müəyyən edilən vaxta kimi kimsə çıxış edə bilməzsə, çıxışını katibliyə təqdim edə bilər. Həmçinin parlamentdə olan jurnalistlərə açıqlamalar və müsahibələr də vermələri mümkündür”.


Gəncədə su qıtlığı…

İclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Gəncədəki su qıtlığı ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edib.

O deyib ki, yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır: “Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur”.

Deputat bildirib ki, əksər məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir: “Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011-ci ildə “Azərsu” ASC- nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur”.

Musa Quliyevin sözlərinə görə, layihələrin icra edilməməsi dövlətə qarşı cinayətdir: “İndi orada nəticə qazılmış küçələr, gündə bir küçədən partlayıb dağılan, keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən pisi, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu il yanvarın 1-dən dayandırılıb. Bu, xalqa və dövlətə qarşı cinayətdir. Mən Hesablama Palatasına səslənirəm: araşdırın, bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü. Mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub?”

Gəncədə yaşıllıqların məhv olmasından danışan deputat bildirib ki, insanlar bundan əziyyət çəkir: “Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya sistemi yoxdur. Bu problemlər tezliklə həll edilməlidir. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda, bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulub. Mən hökumətə müraciət edirəm: cənab Baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.


Təyyarəsiz qalan hava limanı

Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var. Təkcə təyyarəsi yoxdur”, – deputat Elşən Musayev belə deyib.

O qeyd edib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz, AZAL qiymətləri azaltmalıdır. İndiki halda, biletlərlə insanın cibinə girir: “Toylarda bəylə gəlinin maskadan istifadəsi ilə bağlı qərar da doğru deyil. Onlar bilməlidirlər kimə ərə gedir və ya kiminlə ailə həyatı qururlar”.


Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklik

İclasda “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bundan sonra əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq.

İclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik layihəsi də I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanuna da dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda, təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənili

Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Ana səhifəXəbərlərKomitə sədri: Gəncədə 200 milyon avrodan çox vəsait xərclənib, nəticə yoxdur