”Komissiya xaricdə müalicəmə imkan yaratmır”

Komissiya sədri: “Nə yazıb onu xaricdə müalicəyə göndərək?”

Source:


Komissiya sədri: “Nə yazıb onu xaricdə müalicəyə göndərək?”

“Həkimin yalnış müalicəsi ucbatından ayağımda sağalmaz, xroniki yara əmələ gəlib. Hara getdim, dedilər: “Bizdə müalicəsi mümkün deyil”. Xaricdə müalicəyə də mənim gücüm yetmir”, – 29 yaşlı, I qrup əlil Rafiq Vəliyevin sözləridir.

R.Vəliyev həm də talassemiya xəstəliyindən əziyyət çəkir. Deyir, əli hər yerdən üzüləndən sonra vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyaya müraciət edib:

“Müraciətimlə bağlı komissiya təşkil edildi. Bir ay müddətində araşdırıldı. Sonda mənə rəsmi cavab verildi ki, müalicəm akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində mümkündü. Məktubu da götürüb mərkəzə getdim. Orada yarama baxandan sonra bildirdilər ki, bizlik deyil, ikinci, bəlkə də üçüncü dərəcəli xroniki yaradır, sağala bilməz. Əməliyyat lazımdır. Əməliyyatı isə Azərbaycanda edilmir, xaricdə mümkündür”.

Müalicəm Azərbaycanda yoxdur, xaricə isə göndərmirlər

“Elmi Cərrahiyyə Mərkəzindən tələb etdim ki, müalicəmin burada mümkün olmaması ilə bağlı sənəd versinlər. Rəsmi sənəd verdilər ki, mənim o klinikada müalicən mümkün deyil.

Sənədi aparıb verdim Nəsib Quliyevə. Yenidən rəy yazdı ki, sən mütəmadi gedib orda müalicə almalısan. Neyləyim, necə edim, bilmirəm”.

Rafiq Vəliyev problemi ilə bağlı Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini, bugünə qədər cavab ala bilmədiyini deyir:

“Özü də müraciətləri həm elektron, həm də məktub formasında göndərmişəm. Aylardır gözləyirəm. Bu müddətdə ayağımın vəziyyəti daha da ağırlaşıb. Ancaq cavab gəlməyib”.

Vətəndaş sənədləri ilə Səhiyyə Nazirliyinə müraciət etsin

Eks-prezident Heydər Əliyevin sərəncamına əsasən, müalicəsi ölkə daxilində mümkün olmayan əlilliyi olan şəxslər hər il dövlət hesabına xarici ölkələrə göndərilməlidir.

Səhiyyə Nazirliyində 2005-ci ildə “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya” yaradılıb. Komissiyaya Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir.

Rafiq Vəliyevin şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, onlar yalnız xəstələrin yol xərcini ödəyirlər. Xəstənin xaricə müalicəyə göndərilməsi qərarını Səhiyyə Nazirliyi verir.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova isə bildirdi ki, Rafiq Vəliyevin məktubunu almayıblar: “Biz onun şikayətinin dəqiq olduğuna əmin olmalıyıq. Vətəndaş sənədləri ilə Səhiyyə Nazirliyinə müraciət etsin. Biz baxaq, araşdıraq”.

Nə yazıb göndərək onu xaricdə müalicəyə?

Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyanın sədri Nəsib Quliyev isə bildirdi ki, Rafiq Vəliyev talassemiya xəstəsidir və müalicəsi ölkə daxilində mümkündür. O ki qaldı ayağındakı yaraya, onu da cərrahlar əməliyyat edə bilər:

“Talassemiya irsi xəstəlikdir. Elə bir xəstəlik ki, ömür boyu həmin insanla bərabər olur. O şəxsin bütün hüceyrələrində bu xəstəlik var. Onun topuğunda yaranan yaranın müalicəsini isə cərrahlar əməliyyat etməlidir. Xaricə göndərmək üçün gərək ciddi göstəriş olsun. Nə yazıb onu xaricdə müalicəyə göndərək? Tutaq ki, mən xaricdəki professora yazıram ki, bu xəstəni göndərirəm. Yazım orda müalicə et? O da, mən də bilirik ki, talssemiya irsi xəstəlikdir, çarəsi yoxdur. Ancaq müalicə ola bilər. O da ölkə daxilində mümkündür. Bu cavab xəstəni qane etmir, ona görə də narazı qalıb”.

Ana səhifəXəbərlər”Komissiya xaricdə müalicəmə imkan yaratmır”