”Vüqarla Orxan dedilər ki, məni çılpaq soyundurub, videomu çəkib, internetə verəcəklər”
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda M.Hüseynova ifadə verərək bildirib ki, İ.Quliyeva ilə 9 il əvvəl tanış olub:
“İlhamə Quliyeva mənə təklif etdi ki, köməkçi kimi yanında işləyim. Mən də razılaşdım. Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti pisləşdi. Təkcə mənim ona kömək göstərməyimi istəyirdi. Deyirdi ki, “hamı mənə düşməndi”. Mənə həmişə “bacı” deyirdi. Onun ən ağır vəziyyətində yanında olmuşam. Bir gün dedi ki, evini satmaq istəyir, lakin oğlu Orxana bildirmək istəmir. Dedi, Orxan bilsə, pul istəyəcək. Mənə etibarnamə verdi. Həmin ərəfədə müalicə olunurdu, mənə tapşırmışdı ki, onun müalicə aldığını heç kimə deməyim. İlhamə Quliyeva evini 330 minə satmışdı. Sahibəsi olduğu gözəllik salonunda isə hər şeyi mənə etibar etdiyini dedi. Bu isə Orxanın qulağına çatdı. Bir gün mənə zəng etdi ki, anam hər şeyini sənə etibar edib? Mən də dedim, düz eşitmisən. İlhamə Quliyeva Orxanı evinə buraxmırdı. Bir gün Orxanın dostu Vüqar zəng etdi ki, Orxan bəzi adamlara 95 min manat pul atıb. Vüqar bizi şantaj edib dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək.
Mən məsələni İlhamə Quliyevaya danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Parkda Vüqarla görüşdüm və o, yenidən İlhamə Quliyeva barəsində şantaj xarakterli sözlər dedi. Bundan sonra İlhamı Quliyevanın yanına gedib, hər şeyi danışdım. Bir müddət sonra Vüqar evə gəlib dedi ki, İlhamə Quliyeva ilə məni öldürmək istəyir. Çünki İlhamə Quliyeva mənə etibarnamə verib. Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Biz də verdik. Sonra 3500 manat da aldı. Mən İlhamə Quliyevanın razılığı ilə bu məsələyə son qoymaq üçün yenidən Vüqarla görüşdüm. Vüqara dedim ki, Orxanın anasını zəhərlədiyini demisən. Bu zəhərli dərmanları kim satır? Sən ona şər atırsan? Bunu hansı həkimdən almısan, o dərmanları mənə göstərə bilərsən? Vüqar da razılıq verdi. Yəni, mən bunu sadəcə, yoxlamaq istəyirdim. Burada mənim məqsədim Vüqarı ifşa etmək idi. Çünki o, Orxana şər atırdı. Mənim ən böyük səhvim odur ki, bu barədə İlhamə Quliyevaya məlumat vermədim. Vüqar mənə kristal duz məmulatına oxşar maddə verdi. Mənim məqsədim o idi ki, bunları alıb maddi sübut kimi prokurorluğa verim. İlhamə Quliyeva mənə dedi ki, sənin haqqında mənə yaxşı məlumatlar gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim”.
M. Hüseynova daha sonra bildirib ki, İ.Quliyeva onunla Vüqarın arasında olan səs yazışmasını görəndə əsəbiləşib və ona bıçaq atıb: “Bıçaq ayağımı kəsdi, ayağım qanadı. İlhamə Quliyeva mənə tapşırdı ki, bıçaqlanmağımı heç kimə deməyim. Orada Vüqarla Orxan məni döydülər. Dedilər ki, məni çılpaq soyundurub, videomu çəkib, internetə verəcəklər. Əl çəkmədilər, məni öldürəcəklərini deyirdilər. Evə gedəndə İlhamə Quliyeva yoldaşıma zəng edib dedi ki, məni öldürsün, arxasında dayanıb. İki-üç gün sonra İlhamə Quliyeva məni evinə çağırdı, getdim. Mən qapıdan içəri keçən kimi, orada olan Kəmalə mənə iki sillə vurdu, Vüqar və Orxan da orada idi. Vüqar çantamı yerə töküb, içindəki 350 manat pulumu götürdü. İlhamə Quliyeva mənə vurduğu silləyə görə iki dəfə Kəmalənin əlindən öpdü. Vüqar mənə dedi ki, səni həbs etdirəcəyik. Məni bağışlamaq üçün, dedilər ki, diz çök, üzr istə. Mən də bildirdim ki, İlhamə Quliyevanın qarşısında diz çökürəm, üzr istəyirəm, amma mən heç bir sənədə qol çəkməmişəm, sadəcə, İlhamə Quliyevanı söydüyüm üçün ondan üzr istəyirəm. Belə də etdim. Onlar isə olanları videolentə aldılar. Guya mənim cinayət etdiyim haqda etirafedici məlumatlar alıblar. Mən ona heç bir dərman verməmişəm”.
Məhkəmə noyabrın 29-da davam edəcək.
M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.