Kombi bazarındakı bahalaşma köhnə mallara tələbatı artırıb

Satıcı: ”Ötən ilin bu vaxtı 420 manata satılan Çindən gətirilmiş kombilər indi 650 manata təklif edilir”

Source:
fotolar Meydan TV
fotolar Meydan TV


Satıcı: ”Ötən ilin bu vaxtı 420 manata satılan Çindən gətirilmiş kombilər indi 650 manata təklif edilir”

“Təxminən 1 ay əvvəl Dərnəgül yolunda yerləşən kombi mağazalarından birində kombinin, lazım olan digər avadanlıqların qiymətini hesablatdırdım. Mənzilimə çəkiləcək sistem və kombinin ümumi dəyəri 1280 manat etdi.Qiyməti 650 manata olan “Robello” markalı kombi seçmişdim. Satıcı ilə 1200 manata razılaşdıq. Danışdıq ki, həftəsonu gedib götürək. Ancaq həftəsonu həmin avadanlıqlar üçün 1400 manat istədilər. Dedilər ki, dolların kursuna görə qiymətlərdə kəskin artım var”.

Bu sözləri Bakı şəhər sakini Aynur Qasımova deyir.


“Ayda 4-5 kombi satanda sevinirik”

Havalar soyudusa, başlıca problem evlərin qızdırılması olur.“Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyətindən əli üzülənlər isə evlərini kombi ilə isitməyə çalışırlar. Amma kombi satıcıları deyir ki, devalvasiyadan sonra kombi bazarında bahalıq, həm də durğunluq hökm sürür.

“İkinci devalvasiyadan sonra kombilərin və istilik sistemləri avadanlıqlarının qiyməti 30-35 faiz bahalaşmışdı. Avqustdan indiyədək daha 25 faiz qiymət artımı var. Çünki dolların kursu hər gündəyişir”.

Bunu istilik sistemləri mağazasının sahibi Elnur İsmayılov deyir.

Onun sözlərinə görə, ötən ilin bu vaxtı 420 manata satılan Çindən gətirilmiş kombilər indi 650 manata təklif edilir. Amma alıcılıq qabiliyyəti o qədər azalıb k, indi ayda 4-5 kombi satılanda icarə haqqını ödəyə biləcəkləri üçün sevinirlər.


“Əhali imkansızlıqdan köhnə kombi istəyir”

Ən böyük kombi mağazalarından birinin sahibi Zaur Babayevisə köhnə, işlənmiş kombilərə tələbatın artdığını deyir:

“Köhnə, işlənmiş kombilər daha çox istənilir. Halbuki, bu mallara ən çoxu 6 ay təminat verilir.Yəni 6 aydan sonra xarab olduqda mağaza məsuliyyət daşımır. Lakin imkansızlıqdan çoxu bununla razılaşır”.

Bazarda köhnə kombilərin qiyməti 350 manatdan başlayır.

Kombi bazarını çökdürən səbəblərdən biri də bankların krediti dayandırmasıdır. İndi yalnız bir neçə mağazada kombi və ya istilik avadanlıqlarını kreditlə almaq mümkündür, lakin şərtlər sərtləşdirilib. Məsələn, yalnız dövlət müəssisələrində çalışmalı, yüksək məbləğdə məvacib almalı, banklara kredit borcu olmamalıdır.

“650 manatlıq kombi satıldıqda 16 dollar qazanc götürürük.Bəzən hər partiyada 5-6 kombi ya xarab çıxır, ya da gətirilərkən zədələnir. Nəticədə ziyana düşürük.Buna görə də qiymətlərə yenidən baxılacaq”, – Nizami rayonu, 4 saylı bazarın qarşısındakı məişət malları ticarət mərkəzində mağaza sahibi Əli Məmmədov söyləyir.

Ticarət mərkəzinin satıcıları mövsüm olmasına baxmayaraq alverin getmədiyini, əksər mağazanın bağlandığını söyləyirlər.

“İndi mövsümdür, amma günlərlə heç nə sata bilmirik. Devalvasiyadan əvvəl hər gün 3-4 kombi satırdıq”, – Əli Məmmədov qeyd edir.


Bazar Çin malları ilə doldurulub

Dərnəgül qəsəbəsindəki kombi satışı ilə məşğul olan mağazaların əksəriyyəti qıfıllanıb. Bahalşmadan sonra Almaniya, İtaliya və digər Avropa ölkələrindən gətirilən malların sayı azalıb, bazar əsasən Çin malları ilə doldurulub.

Satıcılar deyirlər ki, dolların kursu  2 manata yüksələrsə, nəinki kombilərin, eləcə də avadanlıqların qiyməti yenidən artacaq. Yəni bazarda bahalaşma vəziyyəti daha da pisləşdirəcək. Alqı-satqı olmadığı halda isə bağlanan mağazaların sayı artacaq, işsizlər ordusuna yeniləri qoşulacaq. Evlərin isidilməsi isə bahalaşma fonunda ikinci plana keçəcək.

Ana səhifəXəbərlərKombi bazarındakı bahalaşma köhnə mallara tələbatı artırıb