Paytaxtda 4 kollec birləşdirilib
Nazirlər Kabineti ”Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılıb. Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci də birləşdirilərək Şəki Dövlət Regional Kolleci olub. Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci isə birləşərək Şamaxı Dövlət Regional Kolleci adını alıb. Bundan başqa Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Bakı Sənaye-Pedaqoji Kolleci isə Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
Təhsil Nazirliyi bu qərarın icrası ilə bağlı qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini təmin etməlidir. Eyni zamanda, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin təkmilləşdirilməsinə dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
APA