Mənbə: Meydan TV

''Kölgəli'' arzular

İnsan özünü tanıdıqca həyat daha da asanlaşır

“Filankəs özünü tanımır” – bu ifadəni hardasa 17-18 yaşım olanda eşitmişdim. Bəlkə də yaşım nisbətən aşağı olanda da eşitmişəm, ancaq indi məhz həmin yaş dönəmini xatırladım.

Eşitdiyim bu ifadə yaşıdım oğlanlar arasında bir-birini alçaltmaq şəkilində işlənirdi. Özünü tanımayan - əsasən müəyyən “səhvlər” buraxan, kiminsə sevgilisinə sataşan, avtobusda, yolda kiminsə ayağını tapdayan, hardasa kiminsə məhəlləsində bərkdən söyüş söyən və s. bu tərz əməllərlə yadda qalan oğlanlar sayılırdı.

Həmin ifadə dəliqanlı yeniyetmələr və həyata təzə atılan enerjili gənc oğlanların dilində bu qədər yayğın olsa da, o sözü başqası üçün işlədənlərin heç biri özünü fərli-başlı tanımırdı. Heç mən də həmin dövrdə özünü tanımağın mahiyyəti barədə eşitməmişdim. Təəssüf ki, nə məktəbdə, nə evdə mənə bu haqda heç nə deyilməmişdi.

Tolstoy deyirdi ki, özünü tanımaq xoşbəxtçilikdir.

Özünü tanımaq, özünü dərk etmək bizə nələr verə bilər?

İnsan özünü tanımaqla onun uğur qazanması daha da asanlaşır. Yox, mən “şəxsi inkişaf” kitablarındakı kimi “uğuru necə qazanmalı” şəkilində olan xüsusiyyətləri sizə sadalamaq fikirində deyiləm. Nə kiməsə dərs keçmək niyyətindəyəm, nə də bəlağətli nəsihətlər verməyi düşünmürəm. Yazdıqlarım hazırkı düşüncələrim və özüm üçün gəldiyim son qənaətlərin kiçik icmalı kimi qəbul oluna bilər.

İnsan özünü tanıdıqca həyat daha da asanlaşır. Bir şey var ki, özünü tanımaq asan şey deyil. Özünü dərk bizə qarşımıza məqsəd qoymağa, hədəflərə çatmağa təşviq edən unikal yollardandır. Özünü tanımağa başlayan biri güclü və zəif tərəflərini müəyyən edir, reallaşa biləcək arzularla yaşayır və vaxtın dəyərini daha yaxşı anlamağa başlayır.

Ətrafımıza diqqətlə baxaq. Görün nə qədər problem və çətinliklər var. Əgər bir balaca həssas adamsınızsa, laqeyd kəslərdən sayılmırsınızsa, təbii ki, sizi ölkədə və dünyadakı xoşagəlməz hadisələr də çox incidəcək.

Belə ağır dönəmlərdə və ya ümumiyyətlə ətrafı, yaşadığınız cəmiyyəti müsbətə doğru dəyişmək eşqində olanlar ancaq öz üzərlərində çalışmaqla, özünü dərk ilə yaxşı şeylər edə bilərlər. Bunun əksi sadəcə kədərlənib özünə zərər vermək və boş yerinə çərənləməkdən başqa heç nə ola bilməz.

Bu proses həyatımızdakı çox şeyi sadələşdirməyə xidmət edir. Belə ki, özünü dərk ilə biz əhvalımıza təsir edən nüansları, həmçinin özümüzü və digər adamların psixologiyasını daha da yaxşı biləcəyik.

Biz çox vaxt özümüzə “sənə nə lazımdır?”, “sən nə edirsən?” kimi suallar veririk. Bunların əvəzinə “sənin üçün nə vacibdir?”, “səni qayğılandıran nədir?” sualları vərməklə öz maraqlarımızı müəyyən etməyimizə və həyatımızın mənasını dərk etməyimizə yaxınlaşa bilərik.

Boşluqlarımızı bildikcə və cəsarətlə onları doldurmağa başladıqca, “bekarçılıq” xəstəliyindən qurtulub, daha keyfiyyətli həyat yolu seçmiş oluruq.

Prosesin başqa hissəsi də başqalarını müşahidə etməkdir. Danışdığın müsahibini diqqətlə dinləmək, adamların bədən dilinə fikir vermək, onların hadisələrə reaksiyalarına baxmaq bizi təkcə yaxşı müşahidəçi yox, həm də psixologiyanı öyrənməyimizə səbəb olur.

Psixiatr Karl Yunqun maraqlı bir tezisi var. O, bunu “kölgə” termini adlandırır. Bu bizim şəxsiyyətimizin elə hissələridir ki, hansı ki, biz onlar barədə heç nə bilmək istəmirik. Yunq bu tezisi ilə bildirir ki, biz daha çox başqalarında görüb qıcıqlandığımız xüsusiyyətlər, əslində özümüzdə görmək istəmədiyimiz cəhətlərdir. Əgər biz başqalarında görüb qıcıqlandığımız xüsusiyyətlərə fokuslanıb, bu vəziyyəti özümüz üçün aydınlaşdırmağa başlasaq, şəxsiyyətimizin gizli tərəfləri ilə əlaqə yarada bilərik. Bunları təyin etməklə biz mənəvi cəhətdən böyüyə və inkişaf edə bilərik.

Psixoloq Lisa Marchiano bu barədə öz həyatından maraqlı bir misal bölüşmüşdü. Həmin misalı elə olduğu kimi onun nəql etdiyi şəkildə bölüşürəm:

“Mənim keçmiş həmkarım çox cazibədar qadın idi və özü də bunun fərqində idi. O, flirt etməyi və diqqət mərkəzində olmağı xoşlayırdı. Onun bu sərbəstliyi və hərəkətləri məni qıcıqlandırırdı. Sonra mən özümə sual verdim ki, onun bu xüsusiyyətləri niyə məndə bu qədər güclü emosiyalar yaratmaqdadır?!

Bizim ailəmizdə böyüklərimiz beynimizə yeritmişdi ki, diqqət cəlb etmək və başqalarının sənə yönələn diqqəti ilə fəxr etmək ayıb haldır. Mən qıcığımın kökünü özüm üçün aydınlaşdırandan sonra həmin həmkarıma olan bu neqativ hissimi yox etdim və şəxsiyyətimin qaranlıq, “kölgəli” tərəfi ilə də tanış oldum. Bu onu göstərir ki, mənim kölgəli arzum bəzən diqqət mərkəzində olmaq imiş...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/205p73

Ən çox baxılan