Malik Baxşəliyev 10 ilə yaxındır kök əkib-becərir. Bərdənin Şirvanlı kənd sakini deyir ki, əkinçilik sahəsində ən çətin iş kök əkməkdir:
“Əvvəlcə torpaq şumlanır, sonra avqustda əkin başlayır. Noyabrda sahə alaqdan təmizlənir, kök çıxarılır. Əvvəlcə torbalara yığılıb yuyulur, sonra torbalara yığılıb satılır”.
Malik kişinin həyat yoldaşı İradə xanım da təsərrüfat işləri ilə məşğuldur. Xanım deyir ki, öz sahələrindən başqa digər sahələri də icarəyə götürüblər. Ancaq kökə çəkilən əziyyət sonda büdcələrinin “kökəlməsinə” səbəb olmur. Çünki malları əllərində qalır. Malik Baxşəliyev deyir ki, rayon maşınlarının Bakıya buraxılmaması onların satışına ciddi zərbə vurub:
“Əvvəllər məhsulu Bakı bazarlarına aparardıq. İndi sata bilmirik. Üstəlik bəzi iş adamları xaricdən məhsul gətirərək, bazara təsir edirlər”.
Malik Baxşəliyev inanır ki, prezidentin sahibkarların müdafiəsi ilə bağlı çıxışından sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Onlar da çəkdikləri əziyyətin bəhrəsini görəcəklər.