Zaur Qurbanlının Meydan TV-də yayımlanmış yazısında xalqların öz allahlarına bənzəməsindən söhbət gedir. Alman kirxasına getməsindən ilhamlanmış müəllif qeyd edir ki, “protestant puritan amerikanlar elə öz tanrılarına oxşayırlar – müqaviləyə – vədə sadiq, demokratiyası öz yerində, azad bazarı da həmçinin.
2017-ci ilin demorkatiya indeksinə1 görə ABŞ 21-ci yer tutub, yəni, “flawed democracy” – qüsurlu demokratiya olan ölkələrin arasındadır. Siyahıda 14-cü yer tutan (“full democracy”) Avstriya 74 faiz katoliklərin yaşadığı ölkədir və ya ənənəvi katolik ölkə olan İspaniya 19-cu yerdədir. Bundan başqa, Malta kimi katolik tarixinə iz qoymuş ölkə də ABŞ-dan irəlidədir – 17-ci yerdə qərarlaşıb. Əhalisinin 78 faizdən çoxu Roma Katolik kilsəsinə aid edilən İrlandiya isə 6-cı yerdədir. Bəs, müəllif nə deyir?
“Katoliklər də öz tanrılarına oxşayırlar – Polşada abortu qadağan etmək istəyirlər, Latın Amerikasında camaat bir-birinin ətini yeyib həmişə. II İohann Pavel deyirdi ki, katolisizmin Avropa və Latın Amerikasından sonra ən böyük dayağı Afrikadır. Afrikanı da görürsünüz də”. Bu cür absurd, elmə zidd iddialar ilə Zaur Qurbanlı açıq-aydın auditoriyanı aldatmaq istəyir. Diskursun tənqidi analizində bu cür “faktların sayılması” manipulyasiyası populizmin ən məşhur vasitələrindən biri kimi tanımlanır. Əslində isə abortarla bağlı diskussiyalar Polşada olduğu kimi ABŞ-da da səngimir. ABŞ-ın Respublikaçılar Partiyası konservatizmə sadiq olaraq, abortların ən yaxşı halda məhdudlaşdırılmasının tərəfindədirlər.2 “Protestantlıq tərəqqiyə gedən yoldur” düşüncəsi ABŞ xalqının Trampı, ondan əvvəl konservativ Buşu seçməsi faktı ilə uzlaşmır. ABŞ-da abortlar əleyhinə iri yürüşlər keçirdilir, Konqresdə də bu mövzu tez-tez müzakirəyə qoyulur3. Göründüyü kimi, “proqressiv protestant” ABŞ-da abortların azaldılmasını, ənənəvi ailə dəyərlərini dəstəkləyən bir prezidenti var.
ABŞ-ın özünə baxdıqda da görünür ki, cənub ştatlarında protestantlıq (Cənubi Baptist konvensiyası) və konservativ düşüncə daha çox yayılıb, bu ştatları (“Bibliya kəməri”) Senatda adətən konservativ respublikaçılar təmsil edir. Təbii ki, Şimal ilə Cənubun müharibəsi də “protestantlıq haqda mifi” təkzib edir.
Bəs doğrudanmı “Latın Amerikasında camaat bir-birinin ətini yeyib həmişə?”
Latın Amerikasında yerləşən Uruqvay yuxarıda qeyd etdiyim demokratiya indeksində 18-ci yerdədir. Bu ölkə həm iqtisadi, həm də demokratik idarəetmə baxımından ən uğurlu modellərdən birini tərənnüm edir. Ümumiyyətlə, Latın Amerikasında “camaatın bir-birini qırması” haqda iddia dəqiqləşdirilmədiyi üçün bu haqda nəsə demək çətindir, ancaq bir məsələ dəqiqdir ki, bu ölkələrdə müharibələr o qədər də tez-tez baş verən hadisə deyil.
Sonuncu olaraq Kolumbiyada vətəndaş müharibəsi 2016-cı ildə sülh danışıqları ilə yekun fazasına çatdı.
Bəs həqiqətənmi protestant etikası və protestant Tanrısı tərəqqini, demokratiyanı simgələyir?
Frankfurt sosial təhqiqatlar məktəbinin ən məşhur yetirmələrindən olan Erix Fromm öz “Azadlıqdan qaçış” əsərində protestant etikasının psixoloji və tarixi-mədəni analizini aparıb. Öz kitabında o, 16 əsrdə, yəni Reformasiya dövründə İngiltərə (kalvinizm) və Almaniya (lüterançılıq) orta və aşağı sinfinin vəziyyətini, Lüter və Kalvinin aid olduğu orta təbəqənin qorxularını analiz edib.
Lüter öz dövrünün tipik orta təbəqə insanı idi. Qəddar atanın böyütdüyü Lüter, eyni anda hakimiyyətə nifrət edib, onu sevə bilirdi. Bütün ömrüboyu o, bir hakimiyyətə düşmən (ata, Roma papası), o birisinə isə qul idi (dünyəvi mülk sahibləri). İnkişaf edən kapitalizm orta sinif üçün gələcəyi qaranlıq edirdi: Lüter, bütün qorxu içində olanların ümidinə çevrildi. Həm orta sinif, həm də kasıblar, kəndlilər protestanlığa üz tuturdular.
Reformasiyaya qədər katolik inancı deyirdi ki, insan təbiəti Adəmin günahı ilə korlansa belə, insan yenə də yaxşılıq etməyə meyilli varlıqdır. Katolik mütəfəkkir Akvinalı Foma deyirdi ki, insanın taleyi əvvəlcədən yazılsa belə, bu, bütün həyata aid deyil, onun içində azadlıq da var.
Lüter isə deyirdi ki, insan günahkardır, təbiəti çirkabdır, yalnız birbaşa, kilsəsiz inanc və Tanrıya tabeçilik onu xilas edə bilər. Lüterə görə insanın öz iradəsi yoxdur, hər şey Tanrının istəyi ilə baş verir. Yalnız özündən imtina etmiş, özünü alçaltmış insan Tanrının mərhəmətinə ümid edə bilər. 1518-ci ildə Lüter belə bir fikir irəli sürdü ki, heç bir yaxşılıq insanı xilas edə bilməz – onu yalnız mütləq inanc xilas edəcək. Bir dəfə subyektiv və mütləq inancı yaşamış, onu hiss etmiş insan o dünyada mərhəmətə sığına bilər.
Zaur Qurbanlıya kirxada deyilən “birdən öləndən sonra o biri dünyada tanrı sizə qarşı ədalətsizlik eləsə, siz cənnətə layiq olduğunuz halda sizi ora salmasa, yəni müqaviləni pozsa, tutun onun yaxasından, deyin ki, belə deyil e, biz söhbət eləmişik neçə min il əvvəl, mən sən deyən qaydalarla yaşamışam, sən də sözünü yerinə yetirməlisən” düşüncəsi qarantiya verilməsi düşüncəsinin məhsuludur. Öz irrasional qorxuları ilə çırpınan Lüter bu cür mütləq qarantiya inancı sayəsində öz təhlükəli düşüncələrini yatızdırırdı. Onun yoluna meyillənmiş və üsyana qalxmış kəndlilərdən üz döndərən və onları quduz itlərə bənzədən Lüteri heç cür proqressiv adlandırmaq olmaz. O, açıq-aydın yazırdı ki, “hakimiyyət nə qədər pis olsa da, ona baş əymək lazımdır”. Öz diatriblərində Lüter deyirdi ki, “gizli və ya açıq şəkildə onları məhv edin, qırın. Üsyançı qədər zəhərli, ziyanlı heç nə yoxdur. Onlar quduz itlər kimidirlər, ya onları məhv etmək lazımdır, ya da onlar məhv edəcək”.
O ki qaldı Kalvinə, onun düşüncələri Lüterin düşüncələrindən daha pessimist idi. Kalvinə görə, insan anadan olmamış cənnətə və ya cəhənnəmə vasil ediləcəyi bəlli edilir, yəni, insan nə etsə də, özünü xilas edə bilməz. Həyatı boyu nə qədər uğur və pul qazansa, o qədər də şansları cənnətə düşməyə çoxdur, çünki Tanrı beləliklə mesaj verir. Deməli, bu insanlara anlaşılmayan yol ilə Tanrı öz hədsiz müdrikliyini nümayiş etdirir…
Zaur Qurbanlının “bədbəxt xalqlar da öz diktatorlarına oxşayırlar” iddiasını “ölkədə rejimin qəddarlığı artdıqca, metroda ayağımızı tapdalayanlar, eskalatorda solda dayananlar, düşənlərə imkan verməyib minənlər artır” arqumenti ilə əsaslandırmağa çalışır. Yəni, Zaur Qurbanlının fikrinə görə, siyasi hakimiyyət mədəni olaraq “sadə xalqın” fikirlərinə və dəyərlərinə təsir edir. Bəs necə oldu ki, qəddar diktatorları devirən xalqlarda bu yöntəm işlək olmadı?
Bu cür səthi “analiz” siyasi kulturologiya ilə tanış olana köhnəlmiş və primitiv görünər. İntuitiv olaraq bu düşüncə dəyərlərin və “xətti-hərəkətin”, yəni xalqın nələrisə edib, nələrisə etməməsinin bağlı olması inancından gəlir. Siyasi kulturologiyada bu xətkeş üç nöqtəyə bölünür: dəyərlər / diskurs / (siyasi) hərəkətlər. Dəyərlər özü-özlüyündə siyasi hərəkətlənməyə təsir göstərə bilməz, çünki sosial kontekstə “giriş izinləri” yoxdur. Diskurs isə sosial sərhədləri müəyyən edir, yəni, hər-hansı bir fenomen haqda nəyi demək olar, nəyi olmaz, onu müəyyən edir. Beləliklə, sosial mühiti diskurs müəyyən edir. Ona görə də, siyasi ayaqlanma dəyərlərə zidd də ola bilər, ancaq sosial mühitə uyğun olması ən əsasıdır. Beləliklə, dəyərləri bənzər olan cəmiyyətlər diskursiv fərqliliklərə görə eyni siyasi şəraitdə müxtəlif addımlar ata bilərlər. Bu da Zaur Qurbanlının “xaqların diktatorlara bənzəməsi” iddiasının köhnəlmiş düşüncə tərzi olduğunu göstərir. Bu kimi məsələlər hər cəmiyyətə ayrılıqda tətbiq olunmaqla, sosial, kulturoloji və siyasi, elmə söykənən ciddi analiz tələb edir. “Müsəlmanlar öz allahlarına bənzəyir”, “xalqlar öz diktatorlarına bənzəyir” kimi iddialar populizmdən başqa bir şey deyil.
Zaur Qurbanlının yazdığı məqalə populizmə xas əlaqəsiz məsələləri bir yerə gətirib, “tez-bazar nəticə” çıxarmaq cəhdidir. Azərbaycanda çap olunan intellektualların azadlığı bu cür məqalələrin tanınmış media agentliklərində çıxmasına gətirib çıxarır. Gələcəkdə səthi analizlərin və populist məqalələrin ciddi yoxlanışdan keçəcəyi ümidi ilə…
Biblioqrafiya:
Edward W. Said. Orientalism, 1978
Erich Fromm. Escape from Freedom, Farrar & Rinehart, 1941 (Freedom in the Age of Reformation)
Stephen Welch. The theory of Political Culture, 2003
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.