Köhnə Yeni il

Yalçın İmanov

Yalçın İmanov

Bəlkə elə, bu, sadəcə zaman reinkarnasiyasıdır, özgə bir şey deyil?!

Yeni təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl and içirlər. Ötən ilin son ayının son günlərinin birində Ali Məhkəmənin Plenumunda təşkil olunmuş təntənəli tədbirlərdən biri məhz bu məsələyə həsr edilmişdi. “Məhkəmələr və hakimlər haqqında” Qanunda “hakimlərin andı” adında ayrıca bir maddə var. Həmin maddədə hakimlərin içdiyi and belə təqdim edilir: “Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranacağıma and içirəm”. Qanuna görə, andiçmə hakimin üç subyektin - dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında məsuliyyətini təcəssüm etdirir. Bu subyektlərdən yalnız biri – vətəndaş – realdır, hakimin onun qarşısında məsuliyyət hissini hardasa anlayıb, dərk etmək olar. Amma digər iki subyekt - dövlət və ədalət mühakiməsi bu mənada bir az qəliz təsir bağışlayır. Hərçənd təxəyyül gücü, necəsə dövləti də bu sıraya aid edir, amma bax, məsələn, hakimin ədalət mühakiməsi önündə məsuliyyəti necə olur, bunun mexanizmi nədir, anlamaq bir az müşküldür.

And içmək, içdiyi andın, başqa sözlə, söz verdiyinin, dediyinin həqiqliyinə inandırmaqdır, yaxud da inandırmaq cəhdidir. İçilən and, onun proseduru, təqdim edilmə forması inandırmağın yarısıdır, bəlkə də çoxu. Amma sözügedən qanundan edilən iqtibas - and mətni belə bir ovqat yaratmaq gücündə deyil. Cəmi bir cümlə, vur-tut 26 söz. Üstəlik də sönük və trafaret. Hətta vur-tut bu bir cümləlik andın vahiməli aurası və başlanan müqəddəs missiyaya uyğun cazibəsi olsaydı belə, sözün avtoritetdən düşdüyü cəmiyyətlərdə sözə and içməyin hansı perspektivi ola bilər ki? Quruca sözə?

Azərbaycan cəmiyyətində sözə içilən and elə heç nəyə içilən and kimi bir şeydir. Söz, sadəcə sözdür, onun nəinki dövlət, vətəndaş, eləcə də mücərrəd ədalət mühakiməsi qarşısında məsuliyyət yaratmaq gücü, əzmi, qabiliyyəti yoxdur.
Məhz elə bu səbəbdəndir ki, sözə and içən şahidlər ölkə boyunca məhkəmələrdə dayanmadan yalan üyüdüb, tökürlər. Məhz elə buna görədir ki, 26 sözlük vur-tut bir cümləyə and içən hakimlər, usanmadan ədalətsizlik saçır, yorulmadan ölkənin zil qaranlığa sürüklənməsində əvəzsiz rol oynayırlar.

Sözün dəyəri olmayan cəmiyyətlərdə sözə and içənlərə də heç vaxt andları xatırladılmaz. Məsələn, mən heç vaxt, ədalətsiz qərar, hökm çıxaran hakimə “axı sən işlərə düzgün baxacağına and içmisən?” deyildiyini, andının onun yadına salındığını, üzünə vurulduğunu görmədim, eşitmədim.

Quruca sözə and içilən yerdə, hakim ləyaqəti dərhal və yaxud da lap tez unudular, anda qəsd olar, and tez tərk edilər, ləyaqət quraqlığı olar, səhralıq yaranar. Və bir gün ayılıb “...yer üzünü qupquru görərsən!”.

***
Sumqayıtda, Azərbaycan prospekti, Heydər Əliyev prospektindən yalan olmasın azı iki-üç dəfə balacadır. Yox, mənim, küçə arşınlamaq, prospekt ölçmək kimi bir şakərim yoxdur. Sadəcə, Azərbaycan prospektiylə Heydər Əliyev prospekti, bir yerdə kəsişib, “görüşdüyündən” istər- istəməz müqayisə təəssüratı yaradır.

Və bu paralel xətlərin kəsişməsində “Azərbaycan” yetim, ögey atanın burunlayıb, gözdən saldığı uşaq kimi ölümcül kədərli görünür!
Bu, bütöv bir ölkənin bir insan qarşısında ayağa verilməsinin simvoludur. Bu, bir ölkənin bir adama münasibətdə məqsədli balacalaşdırılmasının, küncə qoyulmasının təsdiqidir.

***
Hər yeni ilin əvvəli, ilk günləri qəribə, izaholunmaz əhval doğurur. Nə bilim, ilkinlik, təzəlik, hər şeyi yenidən başlamaq, sahmana salmaq, nizam-intizama gətirmək istəyi, həvəsi. Nə işdisə, elə bu ilkinlik, təzəlik havasında da adam həmişə yeni ilin ilk avtoqəza hadisələrini həyacanla oxuyur. Qəzalar sanki yanımızda olubmuş kimi, ölənləri, yaralı adamları, onların yaxınlarının və özlərinin ağrı-acısını kəskin hiss eləyir, dərindən yaşayırsan. Amma elə ki, günlər astaca, bala-bala yanvarın 7-8-ni keçib, 10-nu adladı, hər şey əvvəlki ritminə, qaydasına düşür, çox zaman saytlardakı əksər qəza xəbərləri belə diqqəti çəkib, həyacanlandırmır, gözünün ucuyla da baxmırsan.
Bir sözlə, quruca statistika!

Niyə belədir, illərdir anlaya, başa düşə bilmirəm.

Sözsüz ki, Tanrının təqvimində tutaq ki, 2018-lə 2019-u bir-birindən ayıran hansısa demarkasiya xətti yoxdur, onun ixtiyarındakı zaman tam və bütövdür.

Ancaq bəlkə bütün bu üzümüzə gələn yeni illərin hamısı elə köhnə illərdir? Bəlkə elə bu köhnə yeni illərdə ilkinlik, təzəlik, kainatı sahmana salmaq, onu nizam-intizamda görmək istəyi, həvəsi, ilk avtoqəza hadisələrini həyacanla oxumaq vərdişi sadəlövh ilğımdan başqa bir şey deyil? Vur-tut adi bir gün fərqinin adamda yaratdığı ağılsız inam onun özüylə hələ də çarpışmasının əlaməti olmasın ki? Bəlkə elə, bu, sadəcə zaman reinkarnasiyasıdır, özgə bir şey deyil?!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xmand5

Ən çox baxılan