Fərid Məlikov: ”Ehtiyat hissələrini manatla deyil, dollar məzənnəsi ilə satırlar”
May ayından etibarən dolların nisbətən bahalaşması ehtiyat hissələrinin qiymətlərinə təsir etməyə başlayıb. Belə ki, may ayında dollar 1,49 manatadək ucuzlaşsa da, hazırda 1,59 manata kimi bahalanıb. Avtomobil ekspertlərinin sözlərinə görə, dolların nisbi bahalaşması köhnə ehtiyat hissələrinin qiymətlərində 10 %-dən çox artıma səbəb olub.
Köhnə ehtiyat hissələrini ya dollarla satır, ya da bahalandırırlar
Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, Azərbaycanda əsas tələbat ikinci əl ehtiyat hissələri ilə bağlıdır: “Bəzi hallarda istismar müddəti bitdiyindən bəzi ehtiyat hissələri tapılmır. Ona görə də qiymət artımı ilk olaraq bu ehtiyat hissələrində hiss edilməyə başlayır. Tələbat olduğundan alverçilər də kiçik məzənnə dəyişikliyi zamanı ehtiyat hissələrini bahalaşdırırlar. Bəzi hallarda ehtiyat hissələrini bahalaşdırmasalar da, onu manatla deyil, dollar məzənnəsi ilə satırlar”.
“”Mercedes S Class”ın kapotunu 1200 dollara təklif edirlər
Məsələn, “Mercedes S Class” avtomobilinin ön kapotu 1700-1800 manata satılır. Amma alverçi onu 1200 dollara təklif edir. Qiymət demək olar ki, eyni olsa da, alverçi onu bahalaşmadan ehtiyat edərək dollarla təklif edir. Avtomobil ekspertinin sözlərinə görə, qiymət artımı əsasən avtomobillərin kuzovuna aid detallarda hiss edilir. Məsələn, istehsal tarixi 2000-ci ilə qədər olan “Mercedes E Class” avtomobilinin bamperi may ayına kimi 250-260 manata satılırdısa, indi bu detal 280 manata kimi bahalaşıb. 2011-ci il model “Toyota Carolla” avtomobilinin arxa bamperi əvvəl 160-170 manata satılırdı. İndi isə bu ehtiyat hissəsinin yalnız köhnə variantını 180 manata almaq olar.
Faralar 20 manat bahalanıb
Bamperlə yanaşı faraların qiymətlərində də 20 manat artım müşahidə edilir. Məsələn, köhnə “Mercedes”lərin faraları bir neçə ay əvvəl 150 manata təklif olunurdusa, indi eyni faranı 170 manatdan aşağı almaq mümkün deyil.
Dublikat şüşələrdə 12-13% qiymət artımı
F.Məlikov bildirib ki, avtomobil şüşələrinin dublikatları 12-13 % bahalaşıb. Belə ki, əvvəl 150 manata satılan avtomobilin ön şüşəsinin qiyməti hazırda 170 manatdır.
Yeni ehtiyat hissələri ona görə bahalaşmayıb ki…
Ekspertin sözlərinə görə, köhnə ehtiyat hissələri nisbətən bahalaşsa da, yeni ehtiyat hissələrinin qiymətlərində hər hansı bir artım yoxdur: “Bu ehtiyat hissələri bazarında yeni detallara tələbatın aşağı olması ilə bağlıdır. Satıcılar istəsələr də hələlik qiymətləri artıra bilmirlər. Yeni ehtiyat hissələrinin alıcıları onsuz da azdır. Bu detalların qiymətlərini artırmaq ona görə də məqsədəuyğun deyil”.