Köçürülən sakinlər kompensasiyadan narazıdır

“Mən xahiş eləmirəm, prezidentdən də, onun xanımından da tələb edirəm. Mən bu xalqın nümayəndəsiyəm”. Bu sözləri Nizami rayonu, Babək küçəsi 87-də yerləşən yataqxananın sakini deyir.

Burada yaşayan azı 112 ailəyə vaxt qoyulub ki, binanı boşaltsınlar. Yataqxananın yarıdan çox sakini məcburi köçkünlərdir. Köçməli olduqlarını onlara Nizami rayonu İcra Hakimiyyətindən bildiriblər. Xəbərdarlıq edilib ki, tezliklə oradan çıxmazlarsa, binaya gedən kommunal xətləri kəsiləcək.

Köçmə şərtlərindən narazı qalan sakinlər, yaxınlıqda yerləşən Mənzil Kommunal Təsərrüfatı Departamentinə üz tutdular. Orada İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədovla görüşdülər.

– Birinci xanım Mehriban xanımdan xahiş edirik ki, bu dövlət məmurlarının cilovunu çəksin, yığsın. Mənə deyirlər ki, 35 min pul verirəm. Mən 35 minlə nə alacam? Qızımı da yazmayıb oğlumla məni yazıb.

– İcra Hakiiyyətinin işçisi bizə deyir ki, işığı, qazı, suyu kəsəcəyik. Çıxın çöldə qalın. Hara çıxmalıyıq biz? Prezidentimiz, Mehriban xanım bizi qoruyur. Bunlar bizi niyə belə eləyir?

– Allaha and olsun evin içində od vurub özümü yandıracam. Mənim xaricə gedəsi pulum yoxdur. Bu yaşımda başqa dövlətə keçə bilmərəm.

Hər sakinə mənzilin əvəzinə 30 min manat təklif edilir. Lakin onlar bununla razılaşmır və deyirlər ki, ailələri heç “Qaçqınkom” tərəfindən qeydiyyata belə alınmayıb.

İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov açıqlamasında bildirdi ki, sakinlər üçün bank hesabı açılıb, pul köçürülüb. Bir ailə tərkibinə 30 min, üç və daha çox ailə tərkibli ailələrə 40 min manat pul verilir.

Qərib Məmmədov: “Nazirlər Kabinetindən bizə vaxt qoyublar ki, qısa zamanda orada yaşayan vətəndaşlar kompensasiyasını alıb, binanı tez boşaltsın ki, orada qəza olsa xəsarət alan olmasın”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən suallarımızı cavablandıran olmadı.

Ana səhifəVideoKöçürülən sakinlər kompensasiyadan narazıdır