”Köçkünlərin yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb”

Akif Nağı: “Köçkünlər üçün yaşayış binaları tikilir, amma işlə təmin edilmirlər”

Source:
İlham Əliyev və Əli Həsənov – Foto: president.az
İlham Əliyev və Əli Həsənov – Foto: president.az

“2007-ci ildə 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət köçkün düşərgəsində yaşayanlar yeni evlərə köçürülüb. 2016-cı ildə isə sonuncu fin tipli evlərdən ibarət qəsəbə ləğv olunub. Oranın sakinləri də yeni salınmış qəsəbələrə köçüblər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində belə deyilir.

Ə. Həsənov bildirib ki, köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalar tikilib:

“Yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevirin mənzil fondundan iki dəfə çoxdur. Konkret desək, 151 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib. 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətti çəkilib”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

Əli Həsənov deyir ki, indiyədək 50 min ailə və ya 250 min nəfər köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bunlardan 46 min ailə, yaxud 230 min nəfər son 13 ilin payına düşür:

“Qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait xərclənib. Bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir. Onun da 1,95 milyard manatı, yaxud 97 faizi son 13 ildə ayrılıb. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat məbləğində vəsait xərclənib. Bunun 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 85 faizi, yaxud 5,2 milyard manatı son 13 ildə istifadə edilib”.

Əli Həsənov son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləğinin 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarının isə 4,5 dəfə artırıldığını bildirib:

“Məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. 11 min məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev yalnız köçkünlərin yox, ümumiyyətlə ölkə üzrə yoxsulluğun səviyyəsini öyrənmək üçün etibarlı statistikanın olmadığını deyib:

“Nəinki köçkünlərin, bütövlükdə ölkə əhalisi üzrə yoxsulluğun miqyası barədə alternativ statistika yoxdur. Rəsmi statistikanı isə etibarlı hesab etmirəm”.

İqtisadçı deyir ki, hökumətin istifadə etdiyi yoxsulluğun ölçüsü mexanizmi real praktikada istifadə olunan mexanizmlərdən kəskin fərqlənir və yoxsulluğun real miqyasını açmağa imkan vermir:

İqtisadi ekspert Rövşən Ağayev

“Baxın, hökumət yoxsulluğun 5 faiz, Əli Həsənov məcburi köçkünlər arasında 12 faiz olduğunu deyir. Hər iki rəqəmi etibarlı saymıram. Çünki yoxsulluq insanların yalnız mənzil şəraitinin yaxşılaşdırılmasıyla ölçülmür. Ola bilər məcburi köçkünlərin əhəmiyyətli hissəsinin əvvəlki 10 illiklə müqayisədə mənzil şəraiti yaxşılaşsın. Amma yoxsulluğun ölçülməsində insanların maddi, xüsusən də gəlir əldə etmək imkanları, minimum ehtiyaclarının qarşılanması səviyyəsi, bunlar hamısı kompleks şəkildə olmalıdır. Bizim əlimizdə Dünya Bankının 2015-ci ildə hazırladığı yeganə sənəd var, qeyd olunur ki, Azərbaycanda 65 faiz əhali nə tam yoxsul, nə də orta təbəqəyə keçmiş sayıla bilər. Bunlar hansısa fövqəladə hallar şəraitində yoxsulluğa yuvarlana biləcək əhali kateqoriyasıdır”.

İqtisadçı deyir ki, bu hesabat hazırlananda neftin qiyməti yeni düşürdü. Ona görə də ölkədə yoxsulluğun ölçülməsi yenidən və etibarlı şəkildə aparılmalıdır: “Xüsusən son iki ildə neftin qiymətinin düşməsi nəticəsində iki devalvasiya qərarı, iş yerlərinin bağlanması nəticəsində məcburi köçkünlərin də həyat şəraiti dəyişib”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əli Həsənovun məcburi köçkünlərin yoxsulluq həddinin aşağı düşməsilə bağlı səsləndirdiyi rəqəmlərin reallığı əks etdirmədiyini deyir.

O iddia edir ki, məcburi köçkünlərin durumu 10-12 il əvvəllə müqayisədə daha pisdir, dolanışıq imkan çox məhduddur, iş imkanları isə yoxdur:

“Köçkünlərin məskunlaşdıqları bölgələrdə isə iş imkanlarının olmaması çox böyük problemdir. Ümumiyyətlə, Əli Həsənovun misal gətirdiyi statistika insanların həyatında öz əksini tapmır. 13 ildə yaşayış minimumu yüksəlib, amma rəsmilər köhnə qaydayla hesablama aparırlar. Reallıq qaçqınların dolana bilmədiyini göstərir. Rəsmi statistika sadəcə kağız üzərindədir, real deyil”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı

Akif Nağı məcburi köçkünlərin mənzillə təminatına da münasibət bildirdi. Deyir, düzdür, düşərgələr inşa olunur, amma 700 minə yaxın məcburi köçkündən, 350-400 min civarında olanı yeni tikilmiş mənzillərə köçürülüb:

“250-300 min nəfərsə ağır şəraitli yataqxanalarda, qəzalı binalarda yaşayırlar. Hətta bunu rəsmilər də etiraf edirlər. Ona görə Əli Həsənov heç kəsin gözünə kül üfürməyə çalışmasın. Ən əsası, məcburi köçkünlərin işlə təminatı kağız üzərindədir. Onların böyük əksəriyyəti “tolkuçka”larda və “qul bazarları”nda qazanc axtarışındadır. Bir sözlə, yaşayış binaları inşa olunur, amma iş yeri yoxdur, gənclərin 80-90 faizi işsizdir”.

Ana səhifəXəbərlər”Köçkünlərin yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb”