“Büdcədən kommunikasiya xidmətləri üçün 37.6 milyon manat ayrılması planlaşdırılır”
“2018-ci ilin büdcəsində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə köçkünlərin kommunal və kommunikasiya xidmətlərinə görə yenidən 37.6 milyon manat ayrılması planlaşdırılır”, – iqtisadçı Rövşən Ağayev belə deyir.
Rövşən Ağayev Azərbaycanda iqtisadiyyat sahəsinə şərh verən müstəqil ekspertdir.
“Bunun da 30.2 milyon manatı elektrik enerjisi haqlarına görədir. Bu addıma səbəb nədir? Güzəştlər 365 günə bərpa ediləcəkdisə, niyə ləğv edilirdi? Yox, bərpa edilməyəcəksə, Komitə üçün nəzərdə tutulan vəsaitin məqsədi və təyinatı nədir?”, – iqtisadçı sual edir.
Rövşən Ağayev ümumilikdə 2018-ci ilin büdcəsindən Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə ötən ilkindən 51.5 milyon manat (26.6 faiz) artıq vəsait ayrılması proqnozlaşdırıldığını deyir:
“Bunun da əsas səbəbi kommunal xidmətlərin bərpa edilməsi ola bilər. Eləcə də, müavinətlər üzrə də məbləğ 14 milyon manat artımla proqnozlaşdırılıb”.
Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il, 11 saylı qərarı ilə məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlər ləğv edilərək 36 manatlıq (bəzi qruplar üçün 20 manat) vahid müavinətlə əvəzlənmişdi. Bu səbəbdən 2017-ci ildə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən kommunal xidmətlərə görə vəsaitin ayrılması dayandırılmışdı.
Rövşən Ağayev açıqlamanı Maliyyə Nazirliyinin yaydığı təqdimat və dərc olunmuş qanun layihəsindəki büdcə məlumatları əsasında verdiyini söyləyir.
İqtisadçı Meydan TV-yə verdiyi geniş müsahibəsində bildirmişdi ki, yayılan məlumatlar əsasında dərin büdcə təhlili aparmaq mümkün deyil. Söhbət peşəkar büdcə təhlilindən gedirsə, son təyinat xərcləri, xərclərin iqtisadi strukturu, funksional təsnifatın paraqrafları səviyyəsində daha detallı məlumatlar qanunverici orqana göndərilən büdcə zərfində olur. Əldə olan göstəricilər isə sadəcə hökumətin büdcə prioritetləri, növbəti ildə gözlənilən büdcə trendləri ilə bağlı ilkin təəssürat formalaşdırmaq üçün yetərlidir. Bu da makroiqtisadi proseslərə büdcə siyasətinin təsiri haqda müəyyən qənaətlər yaradır.
Noyabrda Milli Məclis 2018-ci ilin büdcə zərfini müzakirəyə çıxaracaq. Odur ki, son iki həftədir büdcəylə bağlı rəsmi məlumatlar medianın gündəmindədir.
Dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 20 905 700,0 min manat səviyyəsində proqnozlaşdılırır. Neftin ixrac qiyməti dövlət büdcəsində 45 dollar səviyyəsində müəyyən edilib.