24 apreldə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkünlər yolu bağlayıblar. Köçkünlər 90-cı illərinin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər. Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.
Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini daşıran isə icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etməsi olub.
Ölkə başçısı İlham Əliyev 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı sərəncamı ilə təsdiq edib. Sərəncama görə, 1992-1998-ci illər ərzində köçkünlərin müvəqqəti məskunlaşdıqları ünvanlardan dövlət tərəfindən yeni ünvana köçürülmədən çıxarılması yolverilməzdir. Köçkünlər dövlət qurumlarının bu sərəncama məhəl qoymadıqlarını bildiriblər.
Məcburi köçkünlər yolu bağlayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlib.