Köçkünlər: Çəkilən qaz xətləri görüntü və saxta hesabatlar üçündür

420 köçkün ailəsinin məskunlaşdığı qəsəbədə qaz problemi var

Source:


420 köçkün ailəsinin məskunlaşdığı qəsəbədə qaz problemi var

“May ayından qəsəbəmizdə maye qaz “yoxa çıxıb”. 420 ailə əziyyət çəkir. Yazmadığımız, müraciət etmədiyimiz qurum qalmayıb. Üzü qışa gedir, yenə odun ümidinə qalmışıq”.

Bunu Meydan TV-yə Biləsuvarda, qaçqınların məskunlaşdığı 6-cı qəsəbənin sakinləri deyir.

Çaydan səhərəcən qaynamır

Qəsəbədəki 129 saylı evdə yaşayan Cəbrayıl köçkünü Xanəli Məstəliyev deyir, bu ilin yanvarında qəsəbəyə qaz xətti çəkilib. İlk vaxtlar evlərə normal təzyiqlə qaz verilsə də, may ayından təzyiq azalıb. Getdikcə vəziyyət daha da pisləşib, indi gah aşağı təzyiqli qaz verilir, gah da ümumiyyətlə, verilmir:

“Çox aşağı təzyiqlə verilir, axşamdan çaydanı qoyuruq qazın üstünə, səhərəcən qaynamır. Ya az təzyiqlə verilir, ya da günlərlə yerli-dibli verilmir. Hərdən də aşağı təzyiqlə ona görə qaz verilir ki, ora-bura hesabat yazanda desinlər, qəsəbənin qazı var. Ancaq faktiki, yox kimi bir şeydir. Hamamı odunla qızdırırıq, yemək hazırlayanda, çay qaynadanda ocaq qalamalı oluruq”.

Odun tədarükünə başlamışıq

Köçkünlər deyir, ümumilikdə təqribən, 18 min köçkünün yaşadığı 11 qəsəbənin hamısında qaz problemi var. Bir neçə ay əvvəl digər qəsəbələrdən də Meydan TV-yə qaz problemi barədə danışmışdılar.

6-cı qəsəbədə yaşayan köçkünlərin sözlərinə görə, yayı birtəhər ötüşdürüblər, ancaq üzü soyuqlara durum çətinləşməyə başlayıb. Köçkün ailələri odun tədarükünə başlayıblar.

Cəbrayıl köçkünü Fatma Nəsirova:

“Odun dəllalları da bilir ki, qaz yoxdur, satdıqları qiymətə almağa məcburuq, ona görə qiyməti bir az da qaldırırlar. Almaq imkanımız yoxdur. 420 ailəni istiliklə sınağa çəkən məmurlar düşünməlidirlər ki, işsizlik problemi olan qəsəbədə əhali oduna pulu hardan tapsın?”

Deyirlər, xətlər düz çəkilməyib

Biəsuvarda cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin bir qismi 2003, digəri isə 2007-ci ildə salınıb. Məcburi köçkünlər qəsəbələrdə məskunlaşdıqları gündən kommunal xidmətlərdən içməli su və elektrik enerjisi ilə təmin olunsalar da, qəsəbələrdə mavi yanacaq olmayıb. Ötən ilin fevralından başlayaraq qəsəbələrdə qazlaşma və sayğaclaşma işləri aparılıb və təqribən 1 ay sonra mavi yanacağın verilməsini bildirən rəmzi məşəl yandırılıb. Buna baxmayaraq, qəsəbələrdə əvvəlki kimi mavi yanacaq qıtlığı davam edir. Qışqabağı qəsəbələrdəki köçkün evlərində yenə odun sobaları kara gəlib.

Qəsəbə sakinləri deyir, hələ ötən il qaz xəttinin açılışından sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri xətlərə baxış keçirəndən sonra mənfi rəy veriblər. Sakinlərə bildirilib ki, xətlər çəkilərkən təhlükəsizlik qaydalarına əməl olunmayıb, işıq xətlərinin altı ilə çəkilib. İşıq xətləri isə çox köhnədir, qırılıb qaz xətlərinin üzərinə düşsə, partlayış və yanğına səbəb ola bilər. Sakinlərə bildirilib ki, qəsəbəyə normal qaz verilişi yenidən kabelləşmə işlərinin aparılmasından sonra baş tuta bilər.

Sakinlər həm “Azəriqaz”a, həm də “Azərişıq”a müraciət ediblər. Ancaq müsbət cavab almayıblar.

Təzyiq artacaq

Biləsuvar rayon Qaz İdarəsindən bildirilib ki, 11 mart 2017-ci il tarixdə Cəbrayıl köçkünlərinin məskunlaşdığı köçkün qəsəbəsinə məhəllədaxili qaz xətti çəkilişləri yekunlaşıb. 4456 abonentlə müqavilə imzalanıb, sayğaclaşma aparılıb və mənzillərə qaz verilib. Hazırda da mənzillərdə maye qaz var. Qəsəbənin bəzi yerlərində təzyiqin az olmasına gəlincə, idarəyə köçkünlər tərəfindən heç bir şikayət daxil olmayıb: “Orda normal qaz var. Qaz xətlərinin çəkilişində də heç bir problem olmayıb. Xətlər çəkilməmişdən əvvəl müvafiq qurumlar baxış keçirib rəy verirlər ki, burdan xətt çəkmək olar, ya yox… Elə bir problem olsaydı, qəsəbələrə yerli-dibli qaz verilməzdi. Qəsəbələrdə qaz var, yaxın vaxtlarda təzyiqdə də artım olacaq”.

Bu ilin mart ayında Beyləqanın Birinci Şahsevən kəndinin sakinləri də Meydan TV-yə danışmışdılar ki, kənddə mavi yanacağın verilişiylə bağlı tədbir keçirilsə də, qaz verilməyib. Hətta sakinlərə məlum olub ki, məmurların alışdırdığı rəmzi məşəl də qaz balonu ilə işləyirmiş.

Ana səhifəBölgəKöçkünlər: Çəkilən qaz xətləri görüntü və saxta hesabatlar üçündür