Sulduz Həsənov deyir, qaz idarəsi ləğv olunmuş məhkəmə əmrini icra etmək istəyir
“Yerli qaz idarəsi bizi “ev dustağına” çevirib. Nə işə gedə bilirik, nə evdən çölə addım ata bilirik… Biz evdən çıxan kimi traktoru çəkib gətirib qoyurlar evin qarşısına ki, qaz xəttini kəssinlər”.
Mingəçevirdə 1 nömrəli Beton Zavodunun ərazisində məskunlaşmış köçkün Sulduz Həsənov Meydan TV-yə danışır ki, Tərtər Regional Qaz İstismar İdarəsi ona borc yazıb.
Yandırmadığım qaza görə borcla yüklənmişəm
Köçkün iddia edir ki, idarənin yazdığı borc qanunsuzdur:
“Yandırmadığım qaza görə məni borcla yükləyiblər. Məhkəmə əmrinə əsasən, 988 manat 40 qəpik məndən alınıb “Azəriqaz”a verilməlidir. Ancaq həmin məhkəmə əmri mənim vəsatətimə əsasən ləğv edilib. Sonradansa məhkəmə baxışı zamanı bu borc sübut olunmadığı üçün ötən il iyunun 21-də məhkəmə qərardadına əsasən, baxılmamış saxlandı. Bəlli oldu ki, “Azəriqaz” İB-nin iddiası sübuta yetirilməyib. Bu barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə də rəsmi məlumat verildi ki, icra dayandırılsın. Bununla belə, qaz idarəsi nə məhkəmə, nə dövlət, nə qanun sayır… Hər gün traktor, fəhlə göndərir, qaz xəttini kəsməyə çalışır”.
İcra sənədinə xitam verilib
Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Eynur Babayev ötən ilin iyun ayında qərar verib. Qərarda göstərilir:
“Mingəçevir şəhər Məhkəməsinin 20.11.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Həsənov Sulduz Qara oğlundan 998 manat 40 qəpik məbləğində əsas borc “Azəriqaz”a ödənilməlidir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin 19.04.2018-ci il tarixli qərardadına əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 21.11.2017-ci il tarixli məhkəmə əmri ləğv edilib. (Yəni, icra sənədi növbəti gün elə eyni məhkəmə tərəfindən ləğv olunub). Bu səbəbdən də icra sənədinə xitam verilsin”. Şöbə icra sənədinin xitam olunması haqqında qərarın surətini “Azəriqaz”a da göndərib.
Tələb etdikləri borcu sübut eləyə bilmədilər
Sulduz Həsənov deyir, icra sənədinin xitam olunmasına səbəb borcun sübuta yetirilməməsidir:
“Məhkəməyə verdilər ki, yüklədikləri pulu məndən alsınlar. Məhkəmə də onlardan borcuma dair sübut istədi, dedi, ortaya sənəd, sübur qoyun ki, bu abonent bu qədər qaz yandırıb. Heç bir sübut ortaya qoya bilmədilər. Burda əvvəllər sayğac olmayıb. 2010-cu ildən 2017-ci ilin sonunadək isə bir neçə qonşu eyni sayğacdan istifadə edib. Sayğac mənim evimdən 700 metr aralıda olub. Bircə manat da borcum olmayıb. 2017-ci ilin dekabrında bizim ünvana ayrıca sayğac qoyulub. Heç bu sayğaca da borcum yoxdur. Qaz idarəsi qonlularla işlətdiyimiz sayğacdakı bütün borcu mənim ayağıma yazıb. Baxmayaraq ki, mənim o sayğaca borcum olmayıb, həmişə ödəmişəm, bununla belə, qaz idarəsinə təklif elədim ki, gətir o vaxtın borcunu dörd ailə arasında bölüşdür, ortaq qaydada ödəyək, onu da eləmədi”.
Məcbur edirlər ki, adam özünü yandırsın
Sulduz Həsənov deyir, indi qaz idarəsinin fəhlələri onun yaşadığı evi güdür:
“O gün evdən çıxmışam, elə biliblər evdə heç kəs yoxdur, traktoru gətiriblər qapıya, bir-birlərinə deyiblər, nə qədər evdə heç kəs yoxdu, “turbanı” kəsək, aradan çıxaq. Yoldaşım pəncərədən görüb, çıxıb qovub… Hər gün də belə davam edir. Evdən çıxırq, işə gedirik, 1-2 saatdan sonra qonşular zəng vurur ki, yenə gəliblər, tez özünüzü çatdırın. Günümüz-güzəranımız belə keçir. Onlar gəlir, biz qovuruq. Bu, nə dövlət-vətəndaş münasibətidir, vətəndaşı niyə o dərəcəyə gətirib çıxarırlar ki, od vurub özünü yandırsın? Bizim əsəblərimiz, ürəyimiz dəmirdən deyil, biz də insanıq. Kor-kor, gör-gör, icraya xitam verilib, xitam verilmiş sənədi necə icra etmək olar?”
Hüquqşünas Vaqif Alıyev deyir, qanun ləğv olunmuş icra sənədinin icra olunmasına yol vermir. Əgər belə bir hal varsa, abonent məhkəməyə müraciət etməlidir.
Tərtər Regional Qaz İstismar İdarəsindən isə bildirilib ki, Sulduz Həsənov məhkəməyə müraciət edib, martın 11-də onun idarəyə qarşı iddiasına baxılacaq. Son qərarı məhkəmə verəcək. Bu səbəbdən də idarə məsələyə münasibət bildirə bilməz.