Əli Həsənov: ”Fərman prezidentin məcburi köçkünlərə diqqət və qayğısının göstəricisidir”
Prezidentin məcburi köçkünlərlə bağlı vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanının icrası barədə fikir mübadiləsi aparılıb.
Fevralın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə müşavirə keçirilib.
Məlumatı komitə yayıb.
Ə.Həsənov fərmanı prezidentin məcburi köçkünlərə yüksək diqqət və qayğısı kimi dəyərləndirib. Qeyd edib ki, bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməlidir. Bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir:
“Məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir”.
Müşavirədə Komitənin bütün işçilərinə bölgü qrafikinə uyğun Bakı şəhərinin 11 rayonunda hər gün sayğaclar qoyulan obyektlərdə icra hakimiyyətlərinin işçiləri ilə birlikdə getmək göstərişi verilib. Onlar izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına cavab verməlidirlər.
Prezident İlham Əliyev yanvarın 23-də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman imzalayıb.
Sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.
Bu fərman məcburi köçkünlərin etirazları ilə qarşılanıb. Xırdalanda, Sumqayıtda və Bakının müxtəlif rayonlarında məskunlaşan köçkünlər etiraz aksiyası keçirərək sayğaclaşmaya yol verməyiblər. Onlar 36 manatın kommunal ödənişlərə yetməyəcəyini deyirlər.