Əliyevlər ailəsi

Mənbə: meydan tv

Başlıq: Əliyevlər ailəsi

Köçkün: İkinci çadırı da su basdı, çöldə qalmışıq

Qəbələnin Nij kəndində bir ailə gecələməyə yer tapmır

“Bu, yerləşdirildiyimiz ikinci çadır idi, yenə su basdı, səhərə yaxın qaçdıq çölə... İki gecədir çöldə yatırıq, hara gedəcəyimizi bilmirik”.

Ağdamdan məcburi köçkün olan və 26 ildir ki, Qəbələnin Nij kəndi yaxınlığında məskunlaşan Əliyevlər ailəsinin gecələməyə yeri yoxdur. Ailə başçısı Zabil Əliyev Meydan TV-yə danışır ki, mayın 20-dən 21-nə keçən gecə güclü yağış nəticəsində məskunlaşdıqları çadıra su dolub, ailə üzvləri iki gündür ki, daldalanmağa yer tapmır. Ailə nə edəcəyini, harada gecələyəcəyini bilmir.

Ötən gecə çadırı su basıb

Hər şey ondan başlayıb ki, bu il martın 26-da Zabil Əliyevin məskunlaşdığı fermanın ərazisindəki fin tipli, taxta konstruksiyalı otaqlar yanıb. Ailə üzvləri bir neçə gün küçədə qaldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onlara elə fermanın yaxınlığında çadır qurub. Zabil Əliyevin sözlərinə görə, hər şeyləri yandığından, çadırın bəzi vacib əşyalarını (köhnə çarpayı, yorğan-döşək, uşaqlara geyim) elə yaxınlıqdakı uşaq bağçasından veriblər. Ancaq qısa müddətdən sonra yağış nəticəsində həmin çadırı su basıb. FHN ailəyə bir qədər aralıda başqa çadır qurub. Ötən gecə yağış nəticəsində bu çadıra da su dolub.

çadır ev

çadır ev

Mənbə: meydan.tv

“Deyirlər, çıxın, gedin Ağdama...”

Zabil Əliyev hələ aprelin əvvəlində - birinci çadırda məskunlaşdıqları vaxt Meydan TV-yə müraciət edərək çadır həyatının dözülməzliyindən danışmışdı. Onun deməsinə görə, yazı sayta yerləşdirildikdən sonra Qəbələ Rayon İcra Hakimiyyətinin işçiləri ailəyə baş çəkərək tapşırıb ki, bundan sonra saytlara məlumat verməsin:

“Dedilər ki, bunlar hamısı xarici, bizə düşmən olan saytlardır. Bizim inkişafımızı gözləri götürmür. Bir də saytlara müraciət eləmə... Özümüz səninçün ev də tikəcəyik, şərait də quracağıq. Həmin çadırı su basdı, gətirib bizə başqa çadır qurdular. Adamların verdiyi yorğan-döşəyi, çarpayını suyun içindən çıxarıb, qurudub gətirib ikinci çadıra yığdıq. Buranı da su basdı. Evimizi itirəndən iki aya yaxın vaxt keçib, nə ev tikmək fikirləri var, nə də yardım etmək... Son sözləri də budur ki, Ağdamdan gəlmisiz, yığışın, çıxın, gedin Ağdama, oralarda sizə gün ağlasınlar”.

Zabil Əliyev deyir, Nij kəndi yaxınlığında – məskunlaşdıqları ərazidə iki hektar torpaq sahəsi, bir qədər də qoyun-quzusu var. İllərdir ki, heyvandarlıqla məşğul olaraq ailəsini saxlayır. Bu səbəbdən də başqa yerə köçə bilməz:

çadır ev

çadır ev

Mənbə: meydan.tv

“Biz burda oturuşmuşuq. Burda 26 ilimiz keçib. Uşaqlarım, nəvələrim burda dünyaya göz açıb, böyüyüb. Mənim malım-heyvanım var. Çörəyim heyvandarlıqdan çıxır. Bu boyda ailəni götürüb Ağdama qayıtsam, acından öləcəyik. Orda heç nəyimiz yoxdur. Elə bir hökumətimiz də yoxdur ki, mənə torpaq, heyvan versin, heyvandarlıq işimi sıfırdan qurmağa kömək eləsin...”

Çadır həyatı ailə üzvlərini xəstə edib

Əliyevlərin məskunlaşdığı taxta tipli otaqlar Sovet vaxtı çobanların daldalanacaq yeri olub. 1993-cü ildə Ağdamdan köçkün düşəndən ailə buraya sığınıb. Yanğına səbəb evin üzərindən hörümçək toru kimi sallanan qəzalı elektrik naqillərindəki qısaqapanma olub. Son iki ayda yaşadıqları çadır həyatı ailə üzvlərinin sağlamlığını əllərindən alıb. Xüsusilə də ailədəki azyaşlılara çətindir. Onlardan biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. Çadır həyatı başlayandan məktəbə getmirlər.

ailənin yaşayış yeri

ailənin yaşayış yeri

Mənbə: meydan tv

Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, köçkün ailəsinin məskunlaşdığı ev yandığı üçün ailəyə evi Fövqəladə Hallar Nazirliyi tikməlidir. Ya da ailəyə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sahib çıxmalı, onları qeydiyyatda olduqları Ağdama köçürməlidir. “Qaçqınkom” ailəni Ağdamda, yaxud yaxınlığında məcburi köçkünlər üçün yaradılmış yaşayış yerlərinə yerləşdirməlidir. Bununla bağlı icra hakimiyyəti həmin quruma müraciət edib.

Meydan TV FHN və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənə bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vpkexh

Ən çox baxılan