Köçəryan: Ermənistan suverenliyini qorumaq istəyirsə Avropadan əl çəkməlidir

Foto: Köçəryanın şəxsi facebook səhifəsi

Ermənistanın eks-prezidenti Belarus və Rusiya ilə münasibətlərin pisləşməsinə görə Paşinyanı ittiham edib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə deyib ki, Ermənistan prioritet olaraq öz suverenliyini qorumaq istəyirsə, “Aİ-dən uzaq durmalıdır”.

OC Media yazır ki, Köçəryan mayın 19-da bir neçə KİV-ə müsahibəsində Aİ-nin “üzv ölkələri cəzalandırmaq, cərimələmək və müəyyən məsələləri tətbiq etmək qabiliyyətinə malik” Avropa Komissiyasının olduğunu bildirib.

Əvəzində o, Ermənistanın regionda öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyini deyərək, “Rusiya ilə strateji tərəfdaşlığı bərpa etməklə” Yerevana Moskva ilə əlaqələri gücləndirməyi təklif edib. Köçəryan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya ilə üçtərəfli tərəfdaşlıq yaratmaq üçün əlavə “İran komponenti” də olmalıdır.

Köçəryanın rəsmi “Facebook” səhifəsində paylaşdığı müsahibədə diqqət çəkən məqam odur ki, o, Ermənistan hakimiyyətini “təbliğat maşınından” istifadə edərək Rusiyaya qarşı “yalan xəbərlər” yaymaqda ittiham edib.

“İndiki hakimiyyətin əsas məqsədi anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək və Rusiyaya qarşı inamsızlıq yaratmaqdır”, – deyə Köçəryan bildirib.

Mayın əvvəlində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Rusiya tərəfindən Ermənistana qarşı hibrid müharibə aparılır və Ermənistanda parlament seçkilərinin keçiriləcəyi 2026-cı ildə müharibə daha ​​da aktivləşəcək.

O, əlavə olaraq Köçəryanı “Ermənistanda rus casusu statusuna malik olmaqda” və “Rusiyanın maraqlarını güdməkdə” ittiham edib.

Simonyanın bəyanatı Ermənistanın Rusiyanı və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanın Ermənistana hücumları qarşısında fəaliyyətsizlikdə ittiham etməsindən sonra istiləşməyə başladığı bir vaxtda verilib.

Ermənistan Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarının hərəkətsizliyini, Azərbaycanın regionu doqquz ay mühasirədə saxlaması və 2023-cü ilin sentyabrında ildırım sürətilə onu təslim olmağa məcbur etməsini də misal gətirib.

İkitərəfli münasibətlərdəki böhranlara toxunan Köçəryan Rusiyanın Azərbaycana qarşı dəstək verməməsində günahı Ermənistan hakimiyyətinin üzərinə atıb. O bildirib ki, Azərbaycanın Ermənistan ərazilərini işğalı KTMT vasitəsilə deyil, Ermənistan və Rusiya arasında ikitərəfli əlaqələr vasitəsilə həll edilməli idi.

“Siz KTMT-nin onurğa sütununu təşkil edən ölkə ilə münasibətləri korlayırsız, sonra da deyirsiniz ki, KTMT bizə kömək etməyib”, – Köçəryan bildirib.

Köçəryan Ermənistanın “zərər çəkən” tərəf olması əvəzinə, Rusiya yanında olmasının lazım olduğunu söyləyib. O, buna səbəb kimi Praqada sənədin imzalanmasını göstərib ki, bu da “Rusiyanın vasitəçi rolunun neytrallaşdırılmasına” gətirib çıxarıb.

Köçəryan Paşinyanın 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanatını nəzərdə tutub.

Köçəryan həmçinin Ermənistanı Belarusla münasibətlərinin pisləşməsinə görə də günahlandırıb və bildirib ki, onun prezidentliyi dövründə Belarus heç vaxt Ermənistanın narazılığına səbəb ola biləcək hər hansı addım atmayıb.

Köçəryanın sözlərinə görə, ermənilər 2024-cü ilin mayında Şuşaya səfərindən sonra Belarus Prezidenti Lukaşenkoya qarşı mənfi münasibət formalaşdırıblar.

2024-cü ilin iyununda Paşinyan bəyan etmişdi ki, Lukaşenko hakimiyyətdə olarkən Belarusa heç bir erməni rəsmi səfər etməyəcək və bu, İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Belarusun Azərbaycana verdiyi dəstəyə görədir.

Qısa müddət sonra “Politico” 2018-2022-ci illər arasında Belarusdan Azərbaycana qabaqcıl hərbi texnikanın tədarükünün təfərrüatlarını əks etdirən sənədlər əsasında hesabat dərc edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərKöçəryan: Ermənistan suverenliyini qorumaq istəyirsə Avropadan əl çəkməlidir