”İmkanı olan biznesmenlər də hazırda futboldan uzaq dururlar”
Avqustun 6-da futbol üzrə Azərbaycan çempionatında növbəti mövsümə start veriləcək. Bu mövsüm çempionatda daha az-cəmisi 8 komanda (ötən mövsüm 10 komanda) mübarizə aparacaq. Komandaların sayının hər mövsüm azalması futbol təsərrüfatında ciddi problemlərin olmasının göstəricisi kimi qiymətləndirilir. Xüsusən də idarəetmə sistemində. İdman ekspertlərinin dediyinə görə, artıq sponsorlar, iş adamları futbol üzrə Azərbaycan çempionatına maraq göstərmirlər.
Ramin Musayevin etirafı nəyin təzahürüdü?
Çempionatın başlanmasına bir neçə həftə qalmış Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuata verdiyi açıqlama birmənalı qarşılanmadı. PFL prezidenti açıq şəkildə bildirmişdi ki, Azərbaycan çempionatının birinci dəstəsində çıxış edəcək İmişlinin “Mil-Muğan”komandasını (
http://komanda.az/xeber/22492/
) himayə edəcək. Ramin Musayevin “Futbol+” qəzetinin 28 iyul tarixli sayında getmiş müsahibəsindən: “Bəli, mən bu klubu öz himayəmə götürmüşəm. Klubun lisenziya alması üçün bütün məsələləri nəzarətdə saxlayacağıq. “Mil-Muğan”ın baş məşqçisi postuna isə Aqil Məmmədov gətiriləcək”.
Bir şəxs hansısa komandanı himayə edirsə, deməli, həmin komandanın nəticə qazanmasına çalışmalıdı. Ən azı vəsait ayıran şəxs qarşısında hansısa öhdəlik var və hesabat verilməlidir.
Peşəkar Futbol Liqası qeyri-hökumət təşkilatıdı. Bu təşkilat AFFA ilə müqavilə bağlayaraq, yalnız çempionatın keçirilməsinə cavabdehdi. Klublardan alınan rüsumlar hesabına fəaliyyət göstərən bir təşkilatın komanda himayə etməsi bir çox sual ortaya çıxarır. Axı çempionatı təşkil edən bu qurum hansısa komandanı himayə etməklə, obyektivliyini necə qoruya bilər? Onu da vurğulayaq ki, dünyanın heç bir ölkəsində çempionatı təşkil edən qurum hər hansı bir komandanı himayə edə bilməz. Bu, qadağandı. Azərbaycanda isə nəinki bunu edirlər, üstəlik ictimaiyyətə də açıqlayırlar.
SOCAR-dan ayrılan vəsaitə nəzarət üçün mübarizə
Azərbaycan çempionatında iştirak edən klubların AFFA-da mövcud olan iki qrup tərəfindən himayə olunması futbol ictimaiyyəti arasında müzakirə olunan problemlərdəndir. Ancaq indiyədək tərəflər bu himayəçiliyi etiraf etmirdilər. İndi isə qruplardan birinin rəhbəri Ramin Musayev ictimaiyyətə açıq şəkildə bildirir ki, çempionatda hansısa komandanı himayə edəcək. Ramin Musayevin bu açıqlamasına yalnız azad idman mətbuatından təpki gəldi. Futbol mütəxəssisləri və AFFA rəhbərliyi isə susdu.
Futbol kluarlarında gəzən söhbətlərə görə, AFFA-da klublara himayə edən qruplardan digərinə isə qurumun baş katibi Elxan Məmmədov nəzarət edir. Adının açıqlanmasını istəməyən futbol mütəxəssisi deyir ki, qruplar arasındakı mübarizə pul üstündədir: “Sponsorlar, iş adamları futbola maliyyə yatırımı etməkdən boyun qaçırdıqdan sonra bu idman növünün birdəfəlik məhv olmaması üçün SOCAR-dan klublara vəsait ayrılır. Xüsusən də birinci dəstədə mübarizə aparan klublara. Qruplar arasındakı mübarizə də SOCAR-dan ayrılan bu vəsaitə nəzarət etməyə hesablanıb. Hər iki qruplaşma himayəsində daha çox klubun olmasına çalışır ki, daha çox neft puluna sahib olsun”.
Amal Abuşov: “Azərbaycan çempionatında hansısa ədalətli mübarizədən danışmaq mümkün olmayacaq”
Müstəqil futbol yazarı Amal Abuşov Meydan TV-yə bu məsələni belə şərh edib: “Hazırda müşahidə etdiyimiz bütün proseslər, eşitdiyimiz qəribə açıqlamalar Azərbaycan futbolunun artıq canvermə mərhələsini də geridə qoyduğunun əlamətidir. Dünyanın heç bir yerində görülməyən hadisələr bizim futbolumuzda yaşanır, bir-birindən məzəli açıqlamalar eşidilir. 2005-ci ildə “futbolun inkişafına dair Dövlət Proqramı” qəbul olundu, 10 il ərzində neft pulları sel kimi futbola axıdıldı, top oyununa sərmayə qoyan iş adamları və oliqarxlar üçün müxtəlif imtiyazlar açıldı. Amma görülən işlər, xərclənən pullar sağlam təfəkkürə, xoş niyyətə söykənmədiyi üçün yavaş-yavaş həmin iş adamları da futboldan çəkildilər. Şübhə etmirəm ki, bu gün Hafiz Məmmədovun, Mübariz Mənsimovun, Nuru Əliyevin biznesləri zəifləməsəydi belə, onlar hazırki şərtlər altında klub saxlamağa, futbola pul xərcləməyə razı olmayacaqdılar. Onlar gördülər ki, AFFA-nın başında oturanların iradəsindən kənar Azərbaycan futbolunda nə çempion olmaq mümkündür, nə də futbolçu yetişdirmək. Məşhur təmsildə deyildiyi kimi, dərisi soyulmuş dostun aqibəti Azərbaycanda digərləri üçün də nümunədir. İmkanı olan biznesmenlər də hazırda futboldan uzaq dururlar. Belə də AFFA məcbur olub ölmüş futbolumuzun inkişafı haqda yalançı imitasiyalar etməyə çalışır. Faktiki bu gün Premyer Liqada mübarizə aparan “Neftçi”, “Kəpəz”, “Sumqayıt” klubları AFFA-nın baş katibinin nəzarətindədir. Bu klublara Elxan Məmmədovun kadrları nəzarət edir. Elitada hökmranlığı ələ alan baş katib PFL prezidenti Ramin Musayevi hadisələrin mərkəzindən uzaqlaşdırmağa çalışır, onun sırf çempionatın təşkili üçün texniki işlərlə məşğul olmağa məcbur edir. Elitadakı mürəkkəb vəziyyət Ramin Musayevi də bir qədər oyundankənar vəziyyətə salıb. Onun “Mil-Muğan”a himayədarlıq etməsi futbolun, peşəkar çempionatın yazılan və yazılmayan qaydalarına ziddir. Deyilənə görə, İmişli klubu gələn mövsüm elitada oynayacaq. Ola bilsin ki, bu üsulla cənab Musayev elitada öz nəzarətində olan klubun çıxış etməsinə nail olmaq, eyni zamanda, bölgə futbolunun inkişafına çalışdığı haqda fikir formalaşdırmaq istəyir. Belə davam etsə, gələcəkdə Azərbaycan çempionatında hansısa ədalətli mübarizədən danışmaq mümkün olmayacaq”.
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında və birinci dəstədə çıxış edəcək klubların kimlərin himayəsi altında olması ilə bağlı iddialar bunlardır:
AFFA-nın baş katibi Elxan Məmmədovun himayəsində olan klublar: “Neftçi”, “Sumqayıt”, “Kəpəz”, “Turan -Tovuz”, “Səbail”.
PFL prezidenti Ramin Musayevin himayəsində olan klublar: AZAL, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Mil-Muğan”, “Energetik”, “Neftçala”.
Meydan TV AFFA-nın baş katibi Elxan Məmmədovdan iddialara cavab almağa çalışsa da, mümkün olmadı. Ümumiyyətlə, qurumda təmsil olunan heç kim bu suala cavab vermək istəmədi.