“Klişələri hakim qruplar yaradır”
Az
ərbaycan cəmiyyətinin 23 illik müstəqillik dövründə sosiloji araşdırmalardan məhrum olduğu sirr deyil. Cəmiyyətdəki qruplar, ümumiyyətlə, belə qruplar varmı, varsa, hansı şərait onları yetişdirib, təsnifatlar necədir, xalqımızdakı klişələr nədən doğur və digər sualları Türkiyənin Mimar Sinan Güzəl Sanatlar Universitetinin magistrı, “XI tezis” dərgisinin əməkdaşı Toğrul Abbasovla cavablandıracayıq.
–
To
ğ
rul b
ə
y, Az
ərbaycanda sosial qruplar varmı, yoxsa, dağınıq, bir-birinə qarışmış bir cəmiyyətdə yaşayırıq?
– Azərbaycanda təbii ki, sosial qruplar var. Ancaq ölkə hələ keçid mərhələsindədir, yəni dövlət kapitalizmdən daha merkantilist, bir az da neoliberal kapitalizmə keçid mərhələlərini yaşayır. Ona görə bütün keçid cəmiyyətlərində olduğu kimi Azərbaycanda da sosial qrupların arasında bir keçid var.
–
Ancaq prezident İlham Əliyev bir neçə il əvvəl bildirmişdi ki, Azərbaycan keçid mərhələsini arxada qoydu?
– Siyasi olaraq bunu deyə bilər. Amma sosiologiya baxımından istənilən siyasi rejimin 20 illik müddətdə istənilən dəyişiklik etməsi, cəmiyyəti yeni qruplara bölməsi mümkün deyil. Bu proses vaxt aparandır. Ümumiyyətlə, sosiologiyada üç cür qruplaşma var: birinci, qapalı sosial qruplar, quldarlıq kimi, ordakı qruplar arasında keçid olmur. İkinci, yarı açıq sistem, müəyyən keçidlər ola bilir, amma siyasi-iqtisadi təməllərinə görə çox azdır bu keçidlər. Nəhayət, açıq sistem, sosial qruplar bir-birinin ərazisinə girib-çıxa bilir, yəni sinfi dəyişikliklər çox olur.Azərbaycan bu mənada yarıaçıq cəmiyyət olsa da, formalaşma gedir. Sosial qruplar bir tərəfdən formalaşır, həm də bunlar arasında keçicilik get-gedə zəifləyir. Məsələn, kasıbın varlanma şansı getdikcə azalır. Dövlət kapitalizmində mülkiyyətin paylanması prosesi bu mənada tamamlanmış kimidir. Yəni bölünmüş kapitalın sosial təbəqələr arasında bölünməsi prosesi bir növ tamamlanıb, amma proses yenə də davam edir. Məsələn, son vaxtlar olan söküntüləri göstərə bilərik. Yəni sərmayəni ələ keçirmiş qruplar onu işlətmək üçün yeni ərazilər axtarırlar.
–
Ancaq Azərbaycanda hər hansı məmur vəzifəsindən azad ediləndə onun da mülkiyyəti yenidən bölüşdürülür, bu, hansı vəziyyətin göstəricisidir?
– Ona görə bu bölgünün yarıaçıq olduğunu deyirəm ki, keçirmələr yenə də ola bilir, biri müflisləşə bilər, başqasını vəzifəyə təyin edərək varlandırmaq mümkündür. Bu gün kapitalizm Azərbaycanda bürokratiya ilə çox yaxından əlaqəlidir.
–
O zaman konkret suala keçək, sosilogiya elmi baxımından Azərbaycan xalqını hansı cəmiyyətə aid etmək, yaxud hansı təsnifatlara bölmək olar?
– Təsnifatlar deyəndə, Azərbaycanda kapitalizmdir.
–
Vəhşi kapitalizmdirmi?
– Vəhşi kapitalizm deyəndə, kapitalizm elə belə olur.
–
Amma Qərbi Avropa kapitalizmi də var…
– Avropa kapitalizmi də vəhşi kapitalizmidir. Sadəcə, kapitalizmin mərhələləri var, 1870-ci ildən əvvəlki mərhələdə bir az liberal idi, rəqabət prosesi daha aktiv idi. Ancaq 1870-ci il böhranından sonra kapitalizm dövlətə daha çox söykənməyə başladı, yəni dövlətin dəstəyiylə böyük oliqarxik şirkətlər, kompaniyalar yarandı. Dövlət dəstəkli kapitalizm 1929-cu il böhranından sonra yüksək səviyyəli şirkətləri belə müəyyən çərçivələrə saldı və daha çox sosial hüquqlar verərək 1980-ci illərə qədər bu cür gəldi. Üçüncü, 1970-ci il böhranından sonra kapitalizm yenidən ilk klassik liberalizm mərhələsinə qayıtdı, buna da neoliberalizm deyirlər. Fikir verin, Avropadakı şirkətlərin çoxu üçüncü dünya şirkətlərinə köçürülür, onlar da insanları vəhşi kapitalizm şəraitində işlədirlər. Deməli, bu, Avropa-Azərbaycan məsələsi yox, ümumdünya problemidir.
–
O zaman Azərbaycan cəmiyyətində sosiloji araşdırma aparılarsa, birinci hansı məsələlərin öyrənilməsinə ehtiyac duyulur?
– Sosiologiyada makro və mikro bölmələr var. Azərbaycan haqqında düşünərkən, siyasi iqtisad öyrənilməlidir, müəyyən qədər kulturoloji araşdırmalar aparılır, xüsusən Qərb universitetlərində milliyyətçiliklə, mentallıqla bağlı qruplar haqqında. Amma əsas çatışmazlıq siyasi iqtisaddır, mülkiyyət, əmək alətləri üzərindəki bölgünün necə aparılması barədə araşdırma yoxdur. Ona görə birinci araşdırma bu məsələlərdən başlamalıdır.
–
Bəs son 10 ildə dinə meylliyin artması barədə nə deyə bilərsiniz?
– Dinə yönəlmə həm də insanın dünyada məna axtarma düşüncəsindən doğur. Eyni zamanda, modernləşmənin krizisə girməsi ilə bağlıdır, bütün dünyada bu problem var. XVIII- XIX əsrlərdəki elmə olan sitayiş, elmin dini ortadan qaldırdığı dünyagörüş dünya müharibələrində və müstəmləkəçiliklərdəki zalımlıqlara görə köhnə gücünü itirdi. Beləliklə, ənənəvi qruplar yenidən fəallaşdı. Azərbaycandakı proseslər sadəcə sırf sosiloji məsələ deyil, müəyyən qarşıdurmalara gətiriləcək xüsusi oyunlar da var. Yəni aşağıdan dinə yönəlmə olduğu kimi yuxarıdan da dini manipulyasiyalar, insanları dini oyunlara cəlb etmə var. Bilirsiniz, heç bir şeyin səbəbini bir şeyə bağlamaq mümkün deyil.
–
O zaman sualımı konkretləşdirirəm, hakimiyyət xalqın rifat içində, müxalifət isə qorxu altında yaşadığını deyir, hansı tərəf haqlıdır?
– Təbii ki, xalq rifah halında yaşamır. Hətta hakimiyyətin belə bir rəsmi iddiası olsa da, özləri bunun belə olmadığını bilir. Amma mənə maraqlı olan müxalifətin qorxu haqqında dediyidir, bəs düşərgə özü nə təklif edir? Qorxunun yerinə nə qoymaq istəyir?
–
Müxalifət cəmiyyətə, insanlara azadlıq verilməsini istəyir…
– Sualım odur ki, müxalifət oliqarxiyanın qaldırılmasını tələb edir, yoxsa müstəqil holdinqlərin qalmasını. Söhbət dövlət məmurunun insanları istismarını, yoxsa holdinqlərin istismarından gedir.
–
Onlar qanunların işlənməsini tələb edir…
– Neoliberalizm, yaxud dünyadakı yeni iş qanunları, toplumsal kapitalizmdə Veber bunları qəfəs adlandırırdı. Amma Amerikadan başlayan Avropaya yayılan neoliberalizmlə bir yerdə qorxunun yerini nigarançılıq duyğusu alıb. Yaxşı, qorxunu yığışdırdıq, bəs insanların sabaha olan nigarançılıq hissi ilə bağlı müxalifətin baxışı nədir? Bu mənada iqtidarla müxalifət arasında heç bir fərq yoxdur.
–
Bəs cəmiyyətdəki biganəliyi, pis mənada praqmatizmi görürsünüzmü?
– İnsanlar həyatda qalmaq üçün müəyyən…
–
Sosial darvinizmi deyirsiniz?
– Yox, yox, sosiloji olaraq bunlar kiçik məqamlardır. Azərbaycan cəmiyyəti 90-ların əvvəlin bir kütləvi hərəkat, yeni əsrin əvvəlində ikinci kütləvi hərakat yaşasa da, ikisində də istədiyini almadı. Ona görə son 10 ildə pessimizin olması normaldır və bu, genetik bir şey deyil.
–
Bəs nəticəsi nə ola bilər?
– Yəqin ki, yeni toparlanma mütləq olacaq, yad planetdə olmadığımız üçün bütün cəmiyyətlərin keçdiyi mərhələləri keçəcəyik. Amma toparlanmanın nə iqtidar, nə müxalifət işərisindən çıxmayacağına əminəm. Hər ikisi bu yöndən ömrünü tükədib.
–
Son olaraq, bir məqama toxunaq, Azərbaycan xalqının yarlıqlardan-klişələrdən xilas olması üçün nə edilməlidir? Məsələn, “düzələn xalqm deyilik”, “rüşvət qanımıza yeriyib”, “belə gəmişik, belə də gedəcəyik” kimi adlanmaları sezirsinizmi?
– Bir şeyi mənalandırmaq üçün insan sadələşdirməyə meyllidir. Məsələn, deyirlər: dünyanın masonlar idarə edir, halbuki, dünya mürəkkəb şəkildə idarə olunur və bir çox aktorlar var. Hətta solçular da deyir: hər şeyi Amerika idarə edir. Bəli, Amerika hər şeyi idarə etmək istəyər, ancaq buna gücü çatmaz, çünki başqa dinamikalar da var. Problem Azərbaycan intelektual aləminin klişəsidir, səbəb də dünya ilə düzgün kontaktın olmamasıdır. Sanki “Azərbaycan dünyada yeganə bu cür yaşamı olan ölkədir” baxışı var. Hər şeyi Şərq-Qərb bölgüsü ilə bağlayırlar. Ona görə bu klişəyi qırmağın yolu intelektual aləmin dünyaya inteqrasiya etməsidir. Əgər indiki iqtisadi sistemin başqa bölgələrdə olduğu görülsə, bunun heç Azərbaycanla bağlı olmadığı bilinər. İkinci, Azərbaycanın aşağı təbəqələri dünyanın başqa yerlərindəki aşağı təbəqələri ilə münasibətə girə bilsə, klişelər dağıla bilər. Klişələri hakim qruplar yaradır. Bu gün müxalifət iqtidarı elə tənqid edir ki, sanki Azərbaycanda bircə bu problem var, insanlar da bütün problemlərin bizdə olduğunu düşünür. Halbuki, dünyada belə problemlər yetərincədir. Bəli, Azərbaycanda çox böyük problemlər var, bəziləri az, bəziləri çoxdur. Bunu dünya sisteminin içərisində görmədiyimiz təqdirdə, özümüzə qapalı klişələr olacaq. Azərbaycanda intelektual mənada özünə qapanma var.