2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq
2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq vəsaitin artırılması nəzərdə tutulub.
Gələn ilin dövlət büdcəsi zərfinə əsasən, KİVDF-yə 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.
2019-cu ildə KİVDF-yə 4 milyon 62 min 960 manat ayrılmışdı.
2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin komitələrində müzakirə edildikdən sonra noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda müzakirəyə çıxarılacaq.
2008-ci ildə yaradılan KİVDF söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirmək məqsədilə yaradılıb. İlk dəfə quruma 1.3 milyon manat ayrılıb və hər il bu vəsait artırılıb.
KİVDF daha çox qəzetlərə maddi yardım etməsi, jurnalist müsabiqələri keçirməsi və media mənsublarına ev tikintisi ilə məşğul olması ilə yadda qalıb. Media ekspertləri hesab edirlər ki, qurum bu illər ərzində daha çox media qurumlarının loyallaşdırılması və loyal medianın maliyyələşdirilməsi istiqamətində fəaliyyət göstərib.