Yardım verilən qəzetlərin böyük əksəriyyəti hökumətyönümlü qəzetlərdir
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) 33 qəzetə maliyyə yardımı ayırıb.
KİVDDF-nin məlumatına görə, fondun Müşahidə Şurasının dekabarın 29-da keçirilən iclasında 2016-cı ilin birinci yarısı üçün qəzetlərə 1.223.000 manat yardım ayrılması barədə qərar qəbul edib.
Fondun rəhbəri Vüqar Səfərli bildirib ki, 34 qəzet müsabiqəyə sənəd təqdim edib.
“Müvafiq araşdırmalardan sonra “Zaman Azərbaycan” qəzeti istisna olmaqla, digər 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib. “Zaman Azərbaycan” qəzetinin təqdim etdiyi sənədlər müsabiqənin şərtlərinə cavab vermədiyi üçün qəzetə maliyyə yardımı ayrılmayıb”, deyə o qeyd edib.
Beləliklə, Kaspi (azərbaycanca), Kaspi (rusca), Mövqe, Yeni Azərbaycan, Ədalət, “525-ci qəzet”, Səs, Bakı-xəbər, Yüni Müsavat, Ekspress, Palitra qəzetlərinin hər birinə 60 min manat, Palitra, Həftə içi, Azad Azərbaycan, Şərq, Xalq Cəbhəsi, Futbol+Qol, Bizim Yol, Olaylar 40 min manat, digər 14 qəzet isə 30 mindən 9 minədək yardım alıb.
Yardım verilən qəzetlərin böyük əksəriyyəti hökumətyönümlü qəzetlərdir. Müşahidəçilər bu nəşrlərin əksəriyyətinin yüksək vəzifəli məmurlar tərəfindən himayə olunduğunu güman edir
(
Turan İA
).