Kitayski vətəndaşlar

İsa Qəmbər və Əli Kərimli bütün hərəkətlərinə asanlıqla siyasət adı qoya bilirlər.

Source:


Müsəlman ölkələrində ona görə inqilablar baş vermir ki,


inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə çevrilməyib.


Mirzə Cəlil

Bizim ölkədə kirayə evdə yaşamağın necə bir zülm olduğu çox adama bəllidi. Demək olar ki, kirayədə yaşayan adamın heç bir hüququ yoxdu. Nadir hallarda istisnalar olsa da, ümumi qaydalar belədi – səs salmaq olmaz, evə qız gətirmək olmaz, evin sahibi istədiyi vaxt xəbərdarlıq etmədən, qəfildən girib evdə ürəyi istədiyi qədər gəzə bilər. Xəbərdarlıq etmədən ilin istənilən vaxtında adamı bayıra tullayar. Çox adam da bu qaydalarla razılaşıb. Başqa cür ola biləcəyi haqqında heç düşünmək istəmirlər. Qorxa-qorxa yaşayırlar. Evə partizan kimi qız gətirirlər. Həm ev sahibəsindən qorxurlar, həm də qonşulardan. Yeri gəlmişkən qonşular da kirayədə yaşayan adamı adam yerinə qoymurlar. Elə bəhanə axtarırlar onların üstünə hücum çəkməyə. Əgər bir qəza baş verirsə, hamı günahı kirayədə yaşayan adamın üstünə atır.

Bizim ölkənin sakinlərinin vəziyyətini kirayədə yaşayan adamın vəziyyətinə oxşatmaq olar. Mülkiyyət hüququ yoxdu. İstənilən vaxt buldozerlə evini sökə bilərlər. İstəsələr əvəzində pul verərlər, istəməsələr verməzlər. Hər şey onların kefindən asılıdı. Onların mərhəmətinə sığınmışıq. İstəsələr adamı götürüb ölkə sərhədlərindən kənara atarlar. Ölkənin reallığı hər kəsə məlumdu. Biz bu ölkədə yaşayırıq. Hər birimizin yaxını məktəbdə oxuyur, orduda xidmət edir. Ordunun, təhsilin, səhiyyənin nə gündə olduğunu bilirik. Aztv-nin göstərdiklərinə xalq inanmır. Hətta öz aralarında lağa da qoyurlar. İşin pis tərəfi odur ki, bizim ölkənin sakinləri özlərini kirayədə adam kimi aparırlar. Onlar mövcud qaydalarla razılaşıblar. Qorxa-qorxa yaşayırlar. Çünki heç nəyə qarantiya yoxdu. Məhkəmələr sadəcə insan adına ləkədir. Orda elə adamlar oturub ki, həmin adamlar Həzrəti İsanı ikinci dəfə çarmıxa çəkməyə hazırdılar. Hər an, hər şeydən məhrum ola bilərsən. Hüququnu qorumaq üçün müraciət etməyə bir yer tapa bilməzsən. Hətta bəzən bu hakimiyyətə canla-başla qulluq edən, bu hakimiyyəti quran, yetərincə səlahiyyəti olan adamları həbsə atılan gördük. Mülkləri əlindən alınmış xeyli adam var. Bir sözlə, vəziyyət çox qarışıqdır. Amma bizim vətəndaşlar özlərini elə aparırlar ki, guya hər şey qaydasındadı. Sanki onlar vətəndaş yox turistdirlər və bu ölkədə baş verənlərin onlara dəxli yoxdu. Gəliblər piramidalara baxmağa. Onlara elə gəlir ki, dövləti aldadırlar. Hərə evinə gizlincə əlavə bir elektrik xətti çəkdirib və düşünür ki, dövləti aldatmaqdadı. Bu əlavə elektrik xəttinə görə hər şeyə susur. Gözükölgəli yaşayır. Bilmir ki, öz sərvətinə sahib çıxsa, həm başıuca yaşayar, həm də yaşayışı xeyli düzələr. Özlərini Aztv-nin xəbərlərinə inanırmış kimi göstərirlər. Qandi deyirdi- “Yatmış xalqı oyatmaq asandı. Özünü yuxululuğa vurmuş xalqı oyatmaq çətindi”. Azərbaycan xalqı yatmayıb. Azərbaycan xalqı özünü yuxululuğa vurub. Bu adamlar özlərini vətəndaş kimi hiss etmirlər. Onlar özlərini kirayədə yaşayan adam kimi hiss edirlər. Onlar elə bil vətəndaş səviyyəsinə çatmayıblar. Adamlar dövlətin görməli olduğu işi rüşvətlə, xahiş minnətlə, tanışlığa görürlər… Dövlət görməli olduğu işə görə adamlara minnət qoyur. Adamlar da bu minnətə görə onlara öz alqışlarını bildirirlər. Onlar özlərini ölkənin sərvətlərinin sahibi kimi hiss etmirlər. Onlara elə gəlir ki, sadəcə fərasətli adamlar var iş qurublar, kürünü zadı bazara çıxarıb satırlar. Pul qazanırlar. Sağ olsunlar, qazandıqların da adamlara pensiya mükafat verirlər. Klassiklərimizi də unutmurlar. Mədəniyyətimizə də pul xərclənir. Yubileylər, müsabiqələr keçirilir. Sağ olsunlar. Guya etməsələr nə edəcəyik. Sözün həqiqi mənasında mən eşidəndə ki, filan maxinasiyanın üstü açılıb mat qalıram. Axı maxinasiya nəyə lazımdır. Elə olmaz ki, rahat götürüb xərclənsin. Daha bu rəqəmləri dəyişmək nəyə lazımdır. Guya kim nə deyəsidir ki? Bir dəfə oturub Aztv-yə baxırdım. Mən həmişə demişəm, bir daha deyirəm ölkədə baş verənləri ən real Aztv göstərir. Mən bunu hətta superrealıq da adlandırardım. Aztv həqiqətin özüdü və Aztv-ni yalnız həqiqətə çatmış adamlar başa düşə bilərlər.

Məsələn, Aztv-də göstərirlər ki, filan nazir filan rayonda olubdu, rayon zəhmetkeşləri onu sevinclə qarşılayıblar. Göstərirlər ki, adamları yığıblar. Onların arasında qoca da var, cavan da var, uşaq da. Bəziləri əllərində gül tutublar. Hamısı gülümsəyir. Hətta bəziləri gülür. Aydındır ki, biz o adamların seçilmiş adamlar olduğunu bilirik. Hər rayonda belə adamlar var. Gəlib-gedən qonaqların qarşısına çıxarırlar. Bu adamlar öz rollarını yaxşı ifa edirlər. Onlara hətta heç suflyor da lazım deyil. Bizim teatrların aktyorları onların yanında çox sönük görünürlər. Bəlkə də məhz buna görə bizim teatrlar belə maraqsız təsir bağışlayır. Sadəcə ən dəşhətlisi odur ki, bu göstərilən kadrlar sözün həqiqi mənasında realdı. Bütün bunlar bizim ölkəmizdə baş verir. Bu roman deyil. Bu film deyil. Bu bizim həyatımızdı. Aztv bununla bərabər həm də yüksək sənət nümayiş etdirir. Aztv-nin sayəsində biz reallıqla xəyalların sərhədlərini itirmişik. Bəzən mənə elə gəlir ki, bu sadəcə bütün ömrü boyu baxmağa məcbur olduğum uzun bir kinodur. Sonra çıxıram bayıra və görürəm ki, Aztv-də göstərilənlər reallıqda da baş verir. Görürsən ki, minlərlə insan bir yerə yığışıb, özlərini şənlənirmiş kimi göstərirlər. Deyirsən, ay camaat, nə olub? Deyirlər ki, bu gün filan gündür, bizi də ona görə bura yığıblar ki, şənlənək. O zaman yadına düşür ki, hə doğrudan da təqvimdə belə bir gün var. Söhbət ondan getmir biz o günə nə qədər inanırıq. Söhbət ondan gedir ki, o gün var. Bu zaman məndə belə bir sual yaranır. Bəs mən özüm necə mövcuddamı? Bəlkə mən heç mövcud deyiləm. Aztv-nin kadrları belə sualların yaranmasına şərait yaradır…

Aztv-də göstərdilər ki, qızılı aeroportdan Mərkəzi banka gətiriblər. Sujetdə belə bir cümlə vardı. Qızıl yüksək təhlüksəzilik şərtləri altında Mərkəzi banka gətiririlib. Yəni qızılı Mərkəzi banka gətirərkən təhlükəsizlik qaydalarına riayət olunub. Göstərdilər ki, avtomatlı maskalı adamlar maşınları gizli müşayiət etdilər. Başım çıxmır bu tamaşa nəyə lazımdı. O qızılı zapıda da Mərkəzi banka gətirsəydilər, yenə heç kim toxunmayacaqdı. Dövlətin qızılına heç kim toxunmaz. Demirəm mobil telefon oğurlayarlar, kimisə soyarlar, gecə vaxtı hansısa mağazanı qarət edərlər. Amma daha dövlətin qızılına heç kim toxunmaz. O zaman bu tamaşanı göstərmək nəyə lazımdı…

İnsanların özlərini vətəndaş kimi yox, kirayədə yaşayan adam kimi aparmalarının, belə vəziyyətin yaranmasının səbəblərindən biri də xalqın siyasiləşməsidi. Mirzə Cəlil yazırdı ki, müsəlman ölkələrində ona görə inqilablar baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə çevrilməyib.

Bir çox hallarda hakimiyyət çevrilişləri olur. Güc sahibləri dəyişir. Təfəkkürlərdə isə dəyişiklik baş vermir. Buna şərait yaratmaq üçün çoxlu tərcümələr edilməlidir. Təsəvvür edin, Trotskinin “Mənim həyatım” kimi məşhur memuarı hələ də Azərbaycan dilinə çevrilməyib. Ölkədə nə qədər rusiyapərəst, solçuluğa iddialı adamlar var, amma Trotskinin memuarı çevrilməyib. Gürcü dilinə isə çevrilib. Siyasi baxımdan adamlar çox savadsızdır. Bizim müxalifətin ən böyük səhvlərindən biri kitab nəşr etməmək oldu. Adamlar partiyalarda ideyanın ətrafında yox, şəxsin ətrafında birləşdilər. Hətta partiya funksionerlərinin çoxunun siyasi savadı çox aşağıdı. Çünki kitab oxumurlar. Ona görə belə boz danışırlar. Müxalifət partiyalarına yığışan adamların çoxu hətta Rəzulzadənin yazdıqlarından xəbərsizdirlər və bu partiya rəhbərlərini, İsa Qəmbəri, Əli Kərimlini bir qram da narahat etmir. Onlar partiya üzvlərinin pərəstişindən həzz alırlar. Bu haqda


“Klassik müxalifətin sonu”


, “Yarımçıq müxalifət liderləri”,


“Müxalifətin qış, yaz, yay, payız yuxusu”


yazılarımda yazmışam. Onsuzda son günlər baş verənlər müxalifət düşərgəsinin hansı səviyyənin yiyəsi olduğunu tam ortaya çıxardı. Sağ olsunlar, buna görə onlara təşəkkür də etmək lazımdı. Adamlara əziyyət vermirlər, kim olduqlarını özləri qəşəng göstərirlər. Bir ciddi söhbət yoxdu ortada. Məhəllə davası səviyyəsində dava gedir. Az qala bir-birilərinin üstünə bıçaq çıxarsınlar. Hamısı savadsızlığın nəticəsidir. Siyasi savadsızlığın. Bu vaxta qədər partiya liderləri ətrafdakılarının, tərəfdarlarının siyasi cəhətdən savadlanmasına nail ola bilməyiblər. Bunun üçün heç cəhd də etməyiblər. Çünki onlar öz partiyalarına iş yeri kimi baxırlar. Ətrafdakıların sual verməməsi müxalifət liderlərinə sərf edir. İsa Qəmbər və Əli Kərimli bütün hərəkətlərinə asanlıqla siyasət adı qoya bilirlər. Əgər sabah Əli Kərimli Xalq cəbhəsini, İsa Qəmbər Müsavat partiyasına YAP-a birləşdirsə, hami deyəcək ki, bu bir siyasətdir…

Ana səhifəMənim FikrimcəKitayski vətəndaşlar