Kitayski azadlıq

Brend qəhvə içməklə azadlıq imitasiyası…

Source:

1971-ci ilin məchul ayında, Amerikanın şimal-qərbində yerləşən Sietl şəhərində iki müəllim və yazıçı, bir sözlə, universitet illərindən tanış üç dost şərik olub bir şirkət açırlar. Şirkətin rəmzi qədim-yunan mifalogiyasından götürülmüş Sirena olur. Homerdən sonrakı deyimlərdə bu məxluqatlar qanadlı qız və ya ayaqları əvəzinə balıq quyruğu olan qadın obrazında göstərilir. Şirkətin adını isə çox fikirləşməyib Herman Melvilin “Mobi Dik” əsərindən çırpışdırırlar. Beləliklə, ilk Starbaks qəhvəxanası yaradılır. Mənim bu qiqant kofeşop şəbəkəsinin yaranma tarixi haqqında yazmaq fikrim yoxdur. Belə, heç həvəsində də deyiləm.

Bircə onu qeyd etmək istəyirəm ki, bu mağazalar şəbəkəsi dünyanın 70-dən artıq ölkəsində fəliyyət göstərir və bu yaxınlarda bizim ölkəyədə gəlib çıxıb. Xoş gəlib, səfa gətirib.

Bu anda qısa haşiyə çıxmaq zorundayam. Bildiyimiz kimi, Azərbaycanlılar kofe (bundan sonra məhz belə yazacam, “qəhvə” sözü dilimizdə kobud səslənir, mentallığımıza şıllaq atır, ayağı sürüşkənliyə meyillidir və cəmiyyətimiz belə səhvləri bağışlamır) istifadə etsələr belə, bütün aləm bizi çayxor kimi tanıyır. Yəni kofenin Azərbaycanda çay qədər hörməti, izzəti, vesi, blatı yoxdur.

Birdə ki, kofenin məmləkətimizdə geniş istifadəsi əsrin müqaviləsindən sonra oldu. Xaricilər gəldikləri ölkəyə öz məvalarından bir dəb də gətirdilər. Kofe içmək, suşi yemək, hellouini qeyd etmək ənənəsi. Kofenin ofislərdə, iş yerlərində quru südlə tandemdə müftə verilməsi, onu proletar azərbaycanlının gözündə populyar etmişdi.

Buna baxmayaraq, bizlər çay manyakıyıq, çayın xəstəsiyik, dəlisiyik. Çayın Azərbaycanda statusu arağın Russiyada, şərabın Gürcüstanda, viskinin Şotlandiyadakı, statusundan yuxarıdır, ucadır, əbədidir və sarzılmazdır. Lap müstəqilliyimiz kimi. Çaya bizim gündəlik həyatımızın hər notunda, hər addımında rast gəlinir. Əgər süfrə açılırsa, ora ilk növbədə çay gəlir. Yeməyin əvvəlində-axırında, xeyr-şərdə, həyətdə-bacada, kafedə-restoranda, dəniz kənarı parkda-zooparkda, barda-saunada, qatarda-təyyarədə, bir sözlə, hər məkanda çay bizi kabus kimi izləyir.

Çay məclisləri, çay dəsgəhları fonunda dirilər evlənir, ölülər yad edilir, dostlar görüşüb dərtləşir, sevgililər kabinetlərdə sevişir, qaqaşlar nəşə eşir, möminlər toplaşıb “Yusif peyğəmbər”, əyalət əhli isə “Kurtlar vadisi”, “Muhteşem yuzyıl” filmlərini seyr edirlər. Nə isə, qayıdaq mövzuya.

Deməyim odur ki, çayın bu ölkədə, bu cəmiyətdə devrilməz hegemoniyası var. Bu sarsılmaz avtoritetin qarşısında, bir qrup insanın sosial şəbəkələrdə Starbuks kofe şirkətinin Bakıya gəlişinə əl açıb oynaması, yallı getməsi mənim üçün açığı, gözlənilməz oldu. Əvvəla, onu deyim ki, hər hansı bir brend paltar mağazasının, restoran-hotel şəbəkəsinin Bakıda peyda olması mənim həyatıma rəng qatmır, rifahımı yaxşılaşdırmır, maliyyə durumumu zənginləşdirmir. Əksinə şəhərdə iri kitab mağazaları açılsa idi, onda mən sözün əsl mənasında şad-xürrəm olardım.

Hətta bir iri qoç da kəsərdim o kitab dükanının qarşısında. Uzun sözün qısası, mənim bu kimi hadisələrə apatiyam var. Amma sırf maraq xatirinə bu yeni açılmış bomond yuvasına baş çəkməyi qərara aldım. Düzü, mağazanın heç içərisinə belə girəsi olmadım. Qismət deyilmiş. İnsanların qapı girəcəyində danışıqları, snobizmi məni həvəsdən saldı. Gözlərində xöşbəxtlik, səadət, simalarında eyforiya, əllərində üzərinə adları həkk olunmuş plastik stəkanlı millətlə birlikdə yolu adlayıb keçdim üzbə-üz parka.

Orada da bir neçə insan, əli uşaqlı, əli stəkanlı. Həmin plastik qabların üzərində isə kofe sahibinin adından savayı, nəm saçları çılpaq sinəsini örtmüş yaşılbaş Sirena. İnsanlar rahat gəzişir, söhbət edir, arada bu stəkanların qapaqındakı xırda deşikdən ehmalca kofe sümürürdülər. Hər qurtum sonrası stəkanı qaldırıb embləmə baxır, gülümsünür, davranışlarında daha azad olurdular. Sanki topuğlarında gəzdirdikləri paslı zənciri qırmış kimi yüngülcə addımlayırdılar.

Etiraf edək ki, bu kofe mağazasının alıcıları arasında əyalətdən gəlib, Bakıda kirayə evdə yaşayan tələbəyə, tikintidə işləyən fəhləyə və ya avtobus sürücüsünə çətin rast gələk. Bunun bir neçə səbəbi var. İlk növbədə sözsüz ki, qiymət məsələsi. Bu şəhərdə nə ucuzdu ki, hələ bir kofedə baha olmaya. İkincisi insanların həyata baxışı.

Məsələn, götürək, elə mənim qonşum qəssab Qurbanı. Onun üçün kofenin və ya çayın harada içilməsi böyük əhəmiyyət kəsib etmir. Həmin içkilərin brendi, markası, istehsal tarixi belə onu maraqlandırmır. Yəni sabah səhər dan yeri ağarmamış iri buynuzlu heyvanı yerə yıxıb, kəsib-soyub-doğruyan qəssab Qurban, qurumuş boğazını islatmaq üçün Gürcüstandan min əzabla gətirdiyi maşınına minib, üstü qanlı-nəcisli sürmüyəcək şəhərin mərkəzinə ki, nə var-nə var bir stəkan kofe içim. Bu ona lazım deyil, heç onun marağında da deyil.

Sovet dövründə insanlar cins şalvar, saqqız, rəngli jurnallar, kosmetika, siqaretlər və digər məişət malları almaq üçün əldən gedirdilər. Elə Bakının özündə Kubinka deyilən küçədə də bu cür mallar satılırdı. Bu kontraband malı gətirən “farsovşik”lər isə yaxşı gəlir əldə edirdilər. Sovet vətəndaşının bu mallara həvəsi keyfiyyət və qiymət ilə bağlı deyildi. Əksinə, Sovetdə istehsal olunan mallar zamanca daha dözümlü olurdu. İnsanların o malları istəməsində başqa səbəb var idi. Azadlıq!

Sovet insanı o əşyaları aldıqca ozünü şüuraltı azad hiss edirdi. “Kola” içməklə, “Marlboro” çəkməklə, rəngli finski corab geyinməklə özünü azadlıqa toxunmuş bilirdi. Dəmir darvazanı uçurmuş sanırdı. Avtoritar ölkədən qırılıb bir anlıq Qərb sivilizasiyasına, kapitalist sisteminə qarışırdı. Azad fikir bildirmək, şablonluq çərçivəsindən çıxmaq, boz sosialist həyatını “refreş” etmiş olurdu. Bu mövzuda bir çox rus dissidentləri əsərlərində, məktublarında, xatirələrində dəfələrlə yazıblar.

Cənablar, mən sizə kofe içməyi qadağan edə bilmərəm. Elə kofe şirkətinin şərəfinə atəş-fəşanlıq etməyinizi də. Bunun mənə isti-soyuğu yoxdur. Amma iftixarla içdiyiniz qaynar kofe damlasının sizə azadlıq gətirməyəcəyini deməliyəm. Adlarınız yazılmış boş kofe qabları üstümə atsanız belə, mən sizə xitab edirəm.

Hər biriniz azad olmadığınızı dərk edirsiniz. Bunu məndən və qəssab Qurbandan da aydın sezirsiniz. Amma artıq alışdıqınız mənəvi qandallar sizi xülyalar uydurmağa, narıncı eynək geyinməyə, illüziyalar içində uyumaqa sövq edir. Siz starbucks kofesi içib, bulvarda gəzişib , Papa-Jons pizzası yeyib, özünüzü azad sanırsınız. Və bunu öz ətrafınızada inandırmaq meylindəsiz. Bu, azadlıq deyil, bu azadlıqın Çində qayrılmış replikasıdır.

Sizə az porsiyada bu azadlıqdan dadmaqa icazə verirlər ki, tam əqlinizi itirmiyəsiz, boş-boğazlıq etmiyəsiz. Bu akvarimu işıqlandırmaq, çay daşı, dekorativ otlarla bəzəməyə bərabərdir. Siz öz yazdığınız nağılda yaşamaq istəyirsiniz. Sizin içinizdə özünüz ölçüdə xofunuz var. Heykəlin belə kölgəsindən çəkinirsiniz. Siz diri ikən, sizi ölülər diyarından idarə edirlər. Özünüzü yuxarıdan seyr etməyə çəkinirsiniz, birdən həqiqəti ifşa edərsiz. Kardon qutunun içində olduğunuzu anlayarsız. Sanki bazarda satışa qoyulan qırmızı göz, ağ xəzli bala dovşan kimi.

Cənablar, azadlıq sevgi kimidir, onu yalnız yaşamaq olur, imitasiya burada yersiz və gülüncdür. Azadlıq uğrunda vuruşmaq, çarpışmaq gərəkdir.

Bizim aramızda yalnız bir addımlıq məsafə var. Mən avtomu sizin maşınlarınızın yanında park edirəm, siz bankomatdan pul alarkən, mən sizin kürəyinizə baxıram, siz restoranda yeməklə selfi edərkən mən yandakı masada hesabı ödəyirəm. Mən sizinlə bir küçədə yaşayıram, arabir liftə bir minirik, kinoteatrda yanbayan otururuq.

Siz məni kütlədə seçməsəniz də, mən sizi təqib edirəm. Qorxularınız mənə bələddir, mətbəxdə pıçıltılı dialoqlarınızdan agaham, “biz siyasətə qarışmırıq” kəlmənizi eşitmişəm, somnambula tək yaşadığınıza öyrəncəliyəm.

Amma rica edirəm, bu yazını oxuyarkən qaynar kofeni tələm-tələsik içib, sərt damağınızı yandırdığınız zaman ingiliscə söyüş söyməyin, həmin an çox gülməli  görünürsüz.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKitayski azadlıq