Kitablar və adamlar…

Mən bu yazını son illərdə kitaba yaranan biganə münasibətə görə yazdım

Source:

Mən bu yazını son illərdə kitaba yaranan biganə münasibətə görə yazdım. Və bilirəm ki, kitabın özü kimi onun barəsində yazılan yazı da həvəslə oxunmayacaq. Amma yenə kitaba olan sonsuz vicdan borcumun üstündən sükutla keçə bilmədim. Yoxsa ki, lovğalıq olmasın, əlimdə oxucunun saqqızını oğurlayacaq başqa bir mövzu vardı.

Hər şey göründüyü kimi deyil. Heç olduğu kimi də deyil… Bunun belə olduğunu hamımız bilirik. Amma yenə də heyrətlənir, qınayır, haqq qazandırırıq. İnsani hisslərdi… Ən dəhşətlisi hisslərdən məhrum olmaqdır.

Bütün təhsili yalnız bircə sinifdən ibarət anam harda bir qəzet qırığı, kitab vərəqi görsəydi, əlinin sığalıyla əzizləyib evə gətirərdi. Anam elə bilirdi ki, üstü yazılı bütün kağızlar yalnız gözəl hisslərdən əmələ gəlib.

Bu yayda qonağımız olmuş Moskva diplomlu xanım ocaqdan götürdüyü qazanın altına “Ovod”u qoydu. Sonra da heyrətdən böyümüş gözlərimin içinə gülə-gülə baxaraq: “Faciə deyil, indi bütün kitablar internetdə var”, – dedi.

Bəli, faciə deyil. Etiraf edək ki, komediya da deyil. Ən azından ona görə ki, tanıyandan bəri ruscası zəif olan mən o qadına klassik rus ədəbiyyatını orijinaldan oxumaq imkanına görə həsəd aparmışdım. Boyuna-buxununa, evinə-eşiyinə görə deyil… Bu yaydan sonra insana, heyvana, sevgiyə, kədərə eyni hissiyyatsız münasibətini görüb ucunda Çexovu tərcümədən oxumaq olsa belə onun yerində olmadığıma sevindim.

Ortada yalnız yaxın bioloji çərçivəyə deyil, bütün dünyaya açılan böyük ürək yoxdursa, gerisi təfərrüatdır. O zaman adam bilikli, məlumatlı nadandan başqa bir şey ola bilmir. Bir də var sərhədsiz duyğulara, bəşəri sevgilərə köklənərək özün kitab olasan. Bu unudulmaz, kövrək əhvalatdakı kimi…

***

Bütün çətin günlərimdə rəsmən mənə sürücülük etmiş “хalturşik” dostum: “Sizə bir işim düşüb” – deyəndə dalağım sancdı. O qədər təmənnasız yaхşılığın qarşısında əlim ətəyimdən uzun qalsa, adamın yanında ayıb olardı. Amma sağ olsun, mümkün olanı istədi. Həyat yoldaşı üçün Hüqonun “Səfillər”ni. Kitabı verəndə maraq xətrinə soruşdum:

– Özün oхumusanmı?

Bir az duruxub tərəddüdlə: “Yox…” – dedi. Deməyinə dedi, amma cavab şübhəli gəldi mənə. “Oxuduğunu unudubmu görəsən?” – deyə düşünüb ürək-dirək vermək istədim:

– Qaytarmağa tələsmə, həvəsin olsa, sən də oxuyarsan.

Adam kədərlə dilləndi:

– Mən o kitabı bilirəm…

Cavan vaxtı Rusiyada işləyərkən əlindən çıxan bir qəzaya görə on il həbsxanada “yatıbmış”. Bir gün havalandırmaya aparılanda diqqətləri “Marksa oxşayan bir kişinin” şəklini çəkir. Şəklin altından həmin şəxsə aid bir aforizm yazılıbmış. Həbsxana yoldaşları arasında ömürlük məhkum edilmiş mühasib varmış. Küllü yeyintinin bütün günahlarını öz üstünə götürmüş ənənəvi qurban. Şəkil barədə ondan soruşurlar. Mühasib şəklin də, aforizmin də Viktor Hüqoya məxsus olduğunu bildirir.

O gündən Uzaq Şərq həbsxanasının bir köşəsində “Səfillər” nağılı başlayır. Mühasib hər dəfə hadisələrin ən maraqlı yerində yorulduğunu, ağrıdığını bəhanə edib canlı “qiraətin” vaxtını uzadırmış. Dünyanın bütün zövqlərindən təcrid olunmuş kiçik “auditoriya” həmin qışdan böyük “Səfillər”in tükənməz hiss-həyəcanı ilə çıxır. “Ömürlüklərin” arasında səssiz və daim acıqlı bir qatil də varmış. Türmənin emalatxanasında ağacdan qəribə fiqurlar düzəldərmiş. Mühasibin “Səfillər”dən bəhs etdiyi zamanlarda eyni səssizliklə özünə dalıb gedərmiş. Bir gün qəfil yaxınlaşaraq taxtadan yonulmuş kiçik fiqurları yoldaşlarına paylayıb mülayim səslə “dil açır”:

– Qavroşa baxanda məni xatırlayarsınız…

Dostum gözlərini bir anlıq yumub o səhnəni xatırladı:

– Ağacdan o fiqurları elə gözəl yaratmışdı ki, elə bil Qavroşun özü idi!

Qoca mühasibmi “tanıtmışdı” Qavroşu, yoxsa qonağımın öz fantaziyası idimi? Nə fərqi varmış ki, onsuz da Qavroş hər kəsin qəlbinə dünyanın ən gözəl uşağı kimi yerləşib. Hətta cinayətlərin ən ağırını törətmiş qaraqabaq adamın qəlbi belə onu ağaca “köçürəndə” şəfqət və sevgi işığı ilə dolubmuş…

Qavroşun sevgi heykəlini yaradan o adama “qatil” deməyə bu dəfə dilim gəlmədi…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəKitablar və adamlar…