Kitabı şirinçayla bağlanan Amerika…

Bu ölkədə yeganə seçici və təsdiqedici qüvvə hakimiyyətdir

Source:

Bu ölkədə yeganə seçici və təsdiqedici qüvvə hakimiyyətdir. Hər şeyə qərar verən də odur. Prosesdə bizim sadəcə sayımızdan, faizimizdən istifadə olunur. Seçilmişlərin harda nə ilə məşğul olmalarının fərəhi və yaxud xəcaləti bizə düşmür. Məsələn, son günlər adı hallanan ahıl deputat prezident seçkisinin mürəkkəbi qurumamış turizm Qusarında nə gəzirdi, bu, bizi maraqlandırmaz. Bizim də hansı cəhənnəmdə bir loxma çörək savaşı aparmağımız cəmi deputatların vecinə deyil. Sadəcə cəhənnəmin təşkilində iştirak edirlər, vəssalam.

Hətta xalqın çox az hissəsinin təmsil olunduğu cüzi müavinətlərin kəsilməsinə qədər qəddarlaşan deputat və məmur dəstəsi Azərbaycan vətəndaşının təsəvvürünə sığışmayan yüksək məvacib alır. Vəzifə, kredit, layihə və istənilən fəaliyyət sahələrindəki işgüzar alver əlaqələrindən pay götürürlər. Həm də bütün bunları hər birimizin saxtalaşdırılmış səsi, oğurlanmış haqqına görə əldə edərək əvəzində hər birimizə qənim kəsilirlər. Niyə? Çünki, hardan, hansı yollarla bu nağıllar-qoğallar aləminə gəldiklərinin şahidi olduğumuzu unuda bilmirlər. Bu “yüksək” aləmə qovuşmaq üçün aşağılaşdıqları hər şeyin qəzəbini, kinini, nifrətini bizə yükləyirlər. Hər şeyə rəğmən bizim onlar kimi olmadığımızı həzm edə bilmirlər. Özlərinin bizim kimi olmaq şansları isə əvvəldən yox idi.

Azərbaycan xalqının məşhur “bunlar yeyib-doyublar” aforizminə görə yox, ətraf mühitin korlanmaması üçün bu tiplərin oturduqları yerdə qalmaları münasib deyilmi? Dərimizi kimin hansı kürsüdən soymağının nə önəmi var ki? Düymələri eyni mərkəzdən basıldıqdan sonra…

Hər kəsə məlum şeyləri sadalamaqla “Amerika kəşf etmək” istəməzdim. Di gəl ki, başqa mövzulara girə də bilmirəm. Bildiyim yalnız ümidləri kif bağlamış vətəndaşa görə ən maraqlı və təzə şeyin keçmiş olmasıdır.

***

Yerli qəzetin gənc müxbiri olaraq anamla allah bilir, neçənci kirayədə yaşayırdıq. (böyüklərə ciddi toxunan hər yazıdan sonra bir bəhanə ilə bizi evdən qovurdular). Növbəti məkanımızda təzə vaxtlarımızdı. Qəfil imkanlı bir qonaq gələsi oldu. Anama min dəfə yalvarmışdım ki, hər adamın qabağına olub-olmayan hər nə varla çıxmayaq. Məsələn, durumumuzu bilməyini istəmədiyim məsafəli kəsləri çayla yola verək. Qəfil qonağımızın da belə istisnalara aid olduğunu mətbəxdə qurdalanan anama işarət verdim. Məmur-professoru yeganə otağımızda yerləşdirib “ev sahibliyi” vəzifəmin icrasına başladım. O da öz növbəsində standart hal-əhval bölməsini bitirib cəfakeş hakimiyyətin ölkədə yaratdığı gözəl ab-havadan danışdı. Getmək məqamında professor “el üçün ağlayan kor olar”la başlayan yekun nəsihət mərhələsinə keçdi. Heç olmasa anama görə özümə gün ağlamalı olduğum barədə ibrətamiz sitatlar gətirəndə mən, nəhayət, dözə bilməyib: “şükür, günümüzə-güzaranımıza nə olub ki?” deyə adamın cavabını verdim.

Həmin soyuq vida anlarında birdən anam əlində podnos lay qapıdan içəri keçib şirin-şirin qonağa səsləndi:

– A oğul, yola çıxırsan, qız da işdən gəlib, bir qismət çörək kəsməmiş dünyasında buraxmaram.

Mənə məhəl qoymadan gətirdiyi çörəyi, yağı-şoru, şəkər tozunu süfrəyə düzdü. Qonaq vəziyyəti anlayıb süni təvazökarlıq etdi:

– Vallah, ana, havaxtdı bu şirinçayı canım çəkir, guya ziyan olar deyə evdə qoymurlar. İndi sayənizdə doyunca əvəzini çıxaram.

Anamın menyusu ilə “nahar edən” qonaq “CİP”inə oturub getdi. Onu yola salıb bəzi incə mətləbləri yenidən xırdalamağa hazırlaşırdım ki, anam qapıda məni qabaqladı:

– Bax, gördün, a bala, necə iştahla yedi? Tamarzıymış anası ölmüş… Yoxsa ki sən gecə-gündüz hər şeyin çürüyünə gedib özün demiş, “Amerka açmağa” başlayırsan.

O vaxtdan anama açdığım Amerika kitabını bağlayıb özümü onun təbii məntiqinə təhvil verdim. Ağzımız şirin olsun…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəKitabı şirinçayla bağlanan Amerika…