Kitab və qadın

Onun qarşısında baş əymək lazımdır…

Source:

Ondan başlayım ki, kitab kafelərini çox sevirəm. İşdən sonra, həftəsonları günümün böyük hissəsin bu kafelərdə keçirdirəm. Bakıda yaşayanda tanıdığım yeganə belə kitab kafesi “Əli və Nino” idi. Ordan xoşum gəlsə də, kontingenti heç ürəyimi açmırdı. Bu məkanda kitab oxumağa yox, laqqırtı vurmağa çoxlu sayda insan gəlirdi. Onların nadir hallarda əlində kitab oxuduğunu görmüşəm, daha çox oyun oynayırdılar, kitab oxuyanların əksəriyyəti isə xaricilər olurdu. Tiflisdə kitab kafeləri daha çoxdur, amma burda da insanların əksəriyyəti kitab oxumağa yox, daha çox söhbət eləməyə gəlir. Oxuyanların da əksəriyyəti xaricilərdi. Hələ ki, düşündüyüm kitab kafe formatına tam uyğun gələn yer tapa bilməmişəm.

Tiflisdə bir kitab kafesi var ki, digərlərindən təkcə atmosferinə görə deyil, həm də öz yaranma tarixinə görə digərlərindən ciddi seçilir. Bu kafe ilə məni dostum tanış edib. Kafeni ilk dəfə görəndə buranın “Sovetdən qalma” kitabxana və ya kitab mağazası olduğunu düşündüm, sonradan tarixini öyrəndikcə ilk fikrimdə yanılmadığım təsdiqini tapdı.

Bir gün kafedə dəyirmi masa qurub, onun ətrafına toplaşan çox sayda məktəbli ilə rastlaşdım (üzlərinə baxanda məktəbli olduqları məlum olurdu). Onlara heç fikir vermədən özümü oxuduğum kitaba verdim. Arxam onlara dönük olduğundan onların nə etdiklərindən xəbərim yox idi. Beləcə, bu kafenin də zay olduğunu düşünüb ordan pis bir təəssüratla ayrılmalı oldum.

Səhəri gün yenidən həmin kafeyə gedəsi oldum, ümid edirdim ki, bu dəfə belə bir məclislə qarşılaşmayacam. Amma yanılmışdım, elə təzəcə kitabı açmışdım ki, uşaqların kafeyə doluşduqlarını gördüm. Amma bu dəfə onlar mənim qarşımda olduğundan nə etdiklərini diqqətlə izlədim.

Orda oturduğum dörd saat müddətində məktəblilər əllərində tutduqları vərəqlərdən mənə aydın olmayan gürcü dilində nəsə oxuyur, sonra isə müzakirə etməyə başlayırdılar. Hamı kimi mən də, önyarğılı davranmışdım. Bu işin içində bir iş var deyib, əvvəlcə uşaqlarla oturub, daha sonra kassa arxasına keçən qadına yaxınlaşdım. İlk sualım bu uşaqların kim olduğu və nə işlə məşğul olduğu ilə bağlı oldu. Kafe sahibi böyük bir maraq və həvəslə hekayəni danışmağa başladı.

Orta yaşılı Nino uzun müddət kitabxanada işləyib, indiki kafe də, bir zamanlar 33 Nömrəli kitabxana olub. Sovet İttifaqı çökdükdən sonra çox sayda kitabxana dövlətin mülkiyyətində olub, amma maddi çətinliklər ucbatından onların çoxusu sıradan çıxıb, satılıb. Bu kitabxana isə mövcudluğun saxlaya bilib. Necə?

Nino xanım deyir ki, “Mən öz işimi çox sevirəm, heç nə etmədən, quruca maaşa baxan adam da deyiləm. Gördüm, kitabxananı saxlamaq mümkün olmayacaq, oranı həm kitab mağazasına, həm də kitab kafeyə çevirdim. Artıq 14 ildir ki, belə işləyirəm”.

Məni narahat edən bir başqa məqam oraya doluşan, nəsə müzakirə edən uşaqlar idi. Ona görə suallarımı bu istiqamətdə tuşlamağa başladım. Verdiyim sualları burda yazıb, yazını çox uzatmaq istəmirəm, ona görə elə birbaşa Nino xanımın verdiyi cavabları yazıram.

Nino xanım, “dəyirmi masaya toplaşmış” uşaqları əli ilə göstərib “Aaa, onları deyirsiniz? Onlar yaradıcı qruplardan biridir. Mənim 16 belə qrupum var, hərəsində 8-10 nəfər olur. Onlar məktəblidirlər. Bir gün işçilərimə dedim ki, məktəblərə gedin və şagirdlərə belə bir imkanın olduğunu xəbər edin, istəyən gəlib qoşulsun. Bu işi biz həm də öz Facebook, Tvitter hesabımızdan da yaymağa başladıq. Qısa zamanda 16 qrup formalaşdı, hər qrup özünün sevdiyi mövzular üzrə ayrılır.

Burada fantastik, fentezi, dedektiv yazandan tut, digər sahələr üzrə yazmağı xoşlayanlar var. Onlar hər gün çox sayda kitab oxuyur, oxuduqlarını da müzakirə edirlər. Amma qrupa üzv olmaq üçün onlar mütləq kitabxanının da üzvü olmalıdırlar, bu vasitə ilə onların oxumasını da stimullaşdırıram. Qruplar arasında yarışlar da keçirdirəm. Ən yaxşı yazı yazana kitablar hədiyyə edirəm. Onların arasında yazıçı, dramaturq, rəssam, rejissor vəs. olmaq istəyənlər var. Bilirsiz, biz həm də bura müxtəlif yaradıcı insanları dəvət edirik. Onlar öz yazdıqları hekayələri, romanlardan parçaları danışır, şeirlərini deyir və ya hər hansısa mövzuda fikirlərini bölüşürlər”.

Nino xanım deyir ki, bu işdə ona heç kim maddi köməklik etməyib, hamısını özü edib. Mən isə Nino xanımla danışa-danışa fikirləşirəm ki, qrant/maddi dəstək elə məhz bu kimi insanlara verilməlidir. Azərbaycanda olduğu kimi, Gürcüstanda da milyonlarla qrant uzunmüddətli heç bir xeyir verməyəcək layihələrə xərclənir. Nino xanıma ağlımdan keçirdiyim fikirləri deyirəm və əlavə edirəm ki, bu insanların içindən gələcəkdə yaxşı yazıçı çıxması çox realdır. Aldığım təsssürat çox böyükdür. Deyərdim ki, belə müqəddəs işlə məşğul olan insanın qarşısında sadəcə baş əymək lazımdır.

Bakıda da belə mağaza, kitabxana çox idi. İndi çoxsu ticarət obyektlərinə çevrilib. Səhv etmirəmsə, kitabxanalar və bəzi kitab mağazaları Mədəniyyət və Turizim Nazirliyinin tərkibindədir. Heç kim bilmir ki, bu yerlər necə, niyə və hansı şərtlər daxilində özəlləşdirilib. Bu heç kimin heç vecinə də deyil. Mən satıcılarını çox xoşlamasam da, Sabir Bağı ilə üzbəüz yerləşən kitab mağazasının məhv olmasını, onun yerinin hansısa bir paltar satan firmaya verilməsini ürək ağrısı ilə izləmişəm. Doğurdanmı, heç kimin ağlına gəlmədi ki, oranı həm də kitab kafe etmək olar?

Çoxlarının tanıdığı Elman dayı bu işdə ən prinsipiallardan biri olub. O, çox bahalı icarəyə verilə biləcək yeri zamanınında özəlləşdirib və oranın hansısa paltar mağazasına çevrilməsinin qarşısını alıb. O mağazanın nə zamana kimi kitab mağazası şəkilində qalacağını bilmirəm, amma onu da məhv edəcəklərini indidən görürəm.

Yaxşı nümunələr, rol modellər ilə tanış olmaq həmişə aydınladıcı təsir edir. Məsələdən çıxış yolu bəzən çox sadə olur. Nino xanımın misalındakı kimi.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəKitab və qadın