Kitab oxu

Aralarından çox az qisim monoton həyatdan və sürünməkdən usanıb, özündə islahat aparır

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl

Aralarından çox az qisim monoton həyatdan və sürünməkdən usanıb, özündə islahat aparır

Serb yazıçısı Milorad Pavic deyirdi: “Bədənin vitamin çatışmazlığı olduğu kimi, ruhun da vitamin çatışmazlığı olur”.

İnsan ruhunu vitaminlə təmin edən ünsürlər sırasına kitab oxumağı, gözəl musiqilər dinləməyi, teatr və muzeylərə getməyi, filmə baxmağı, dünya və yerli rəssamların əsərlərinə tamaşa etməyi və s. aid etmək olar.

Bu ünsürlərlə ruhun immuniteti güclənir. Ruhun sağlamlığı xarakterin güclənməsinə səbəb olur. Belə olan halda boz ruhların dayanmadan pessimistlik himni oxuması sağlam ruhlu insanın al-əlvan rənglərini dəyişə bilmir.

Al-əlvan rəngi ilə içində azadlıq və həyat eşqi yaşadan ruh digərləri kimi yerdə sürünmək əvəzinə, yüksəklərə ucalmağa can atır. Həmin yüksəkliyin ən uca nöqtəsi kamillikdir.

Təəssüf ki, insanlarımızın əksəriyyəti nəinki ruhlarını vitaminlə təmin etməyə çalışır, əksinə, onu pis vərdişlərlə yükləyib, daha da ağır duruma salırlar. Sərhəd tanımayan kobudluq, nifrət və vicdansızlıqla birgə ruha bayağı ünsürləri hopdururlar. Nəticədə ruh solur və boz rəng alır. Daha sonra ancaq bozarmağı üçün ən zəruri mənfi ünsürləri tələb etməyə başlayır.

Boz ruhlar yüksəklərə ucalan al-əlvan ruhlara nifrətlə baxır, onların da özləri kimi olmasını arzu edirlər. Aralarından çox az qisim monoton həyatdan və sürünməkdən usanıb, özündə islahat aparır. Bu, çətin və güclü iradə tələb edən prosesdir.

Barack Obama prezident olduğu vaxtlarda hər ay oxuduğu kitabların siyahısını ictimaiyyətə sosial media vasitəsilə təqdim edirdi. Başqa bir neçə ölkənin prezidentləri də dəfələrlə çıxışlarında sevdikləri kitabların adını çəkiblər.

Olduqca faydalı olan belə çıxışların hesabına kitablara maraq, mütaliəyə həvəs xeyli artır.

İndi təsəvvür edin, İlham Əliyev televiziyada sevdiyi kitabdan danışsa, kitab dükanına getsə və ya öz rəsmi “Twitter” səhifəsində oxuduğu kitabların siyahısını paylaşsa, həmin kitablara nə qədər maraq yaranar…

Elə belə deyilməyib ki, kitab oxuyanlar televizora baxanları idarə edəcəklər.

Hər dəfə britaniyalı yazıçı J.K.Rowling’in “Harry Potter” seriyasından növbəti kitabı satışa çıxarılan gün Birləşmiş Krallığın şəhərlərdə yeniyetmələrin cinayət statistikası ən aşağı səviyyəyə düşür. Onların başı növbəyə düzülüb kitabı almağa qarışır. İnsanların marağı heyrət doğurur. Bilirsiniz, bu, nə deməkdir? Kitaba olan dəyər və qiymətlə bərabər, dəyərləri artan qızıl cəmiyyət.

Elə belə deyilməyib ki, kitab oxuyanlar televizora baxanları idarə edəcəklər. Bu gün ən çox kitab oxuyan ölkələr supergüclü dövlətlərdir. Bu nüfuz elm və kitablar sayəsində formalaşıb.

Statistika göstərir ki, dünyada ən çox cinayət məhz kitabdan, təhsildən uzaq bölgələrdə baş verir. Artıq ölkəmizdə kriminal xəbərlərin sayı-hesabı o qədər çoxalıb ki, demək olar, bütün televiziya kanalları hər gün ən azı yarım saatı kriminal xəbərlərinə ayırır. Qətllərin motivləri isə adamı dəhşətə gətirir. Amansızlıqla törədilən qətllər nə qədər insanlarımızın insanlıqdan çıxdığını göstərir.

Bütün insanlar yaradılış cəhətdən demək olar, eynidir. Bizi bir-birimizdən fərqləndirən ruhumuzdur. Ruhun yaxşı və ya pis olması eyni zamanda onun sahibinin üzünə də sirayət edib, mənalandırır. O qədər yaraşıqlı adamlar tanıyıram, hətta onların yaraşığı da ruhlarının bozluğunun qarşısını kəsə bilmir. Adama mənfi enerji ötürürlər.

Ruhu gərək uşaqlıqdan qoruyasan. Bunun üçün uşağa düzgün tərbiyə verməklə yanaşı, onun ruhunun əsas vitamini olan kitab oxumaq və kitab oxutdurmağa alışdırmaqdan yorulmamalıyıq.

Albert Eynşteyndən soruşurlar ki, necə edək, uşaqlarımız ağıllı olsun. Onun cavabı sadə və müdrik olur: “Əgər siz istəyirsinizsə ki, uşaqlarınız ağıllı olsunlar, onlara nağıl oxuyun. Əgər istəyirsinizsə ki, onlar daha da ağıllı olsunlar, onlara daha çox nağıl oxuyun”.

Ana səhifəMənim FikrimcəKitab oxu