İntizar Bağırova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Kirayədə yaşayan qadının ev sahibini pilləkəndən itələyib yıxdığı, onun aldığı xəsarətlərdən öldüyü iddia olunur. Hadisə aprelin 30-da Tovuz şəhərindəki evlərdən birində baş verib.
Ev sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağırova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Tovuz rayon Prokurorluğunun hadisə barədə yaydığı məlumatda bildirilir ki, İntizar Bağırovanın evində kirayə qalan Aynaz Alıyeva ilə onun arasında mübahisə yaranıb. İddia olunur ki, 33 yaşlı Aynaz Alıyeva ev sahibini pilləkəndən yıxıb, daha sonra taxta əşya ilə vurub. 71 yaşlı İntizar Bağırova xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub.
Onların özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
Cinayət Məcəlləsinin 126.3 maddəsində 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.