“1986-cı ildə doğulmuşam. Beş-altı il evdə yaşamışam. Ondan sonra gətirib atıblar kimsəsizlər evinə”. Bu sözləri Denis Nikolayeviç Yuzkiv deyir. O, birinci qrup əlildir. 21 il Sumqayıtdakı 7 saylı internat evində yaşayan Denis o illər ömrünün ən yaxşı vaxtları hesab edir.
Sonra həmin internat məktəbində təmir başladığıdan Ramanadakı Gənc Əlillər Evinə köçürülüb: “Bir müddət də həmin gənclər evində yaşadıq. Sonra bizi köçürdülər Qocalar Evinə. 1 il Qocalar Evində yaşadıq. Çox bərbad vəziyyət idi. Sən cavan olasan və gedib Qocalar Evində yaşayasan. İnsan həyatdan küsür”.
Bu dəfə də Qocalar Evində təmir başlayıb və əlilliyi olan şəxsləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərdəkanda yerləşən müalicə pansionatına yerləşdiriblər. Denis Yuzkiv hazırda həmin pansionatda yaşıyır.
Əlillik dərəcəsinə görə ayda 127 manat pensiya alan Denis ailə qurmaq arzusundadır. Ancaq həmin məbləğlə yaşaya bilməyəcəklərinə görə bunu edə bilmir.
Denis daha bir nəfərlə dar, təmirsiz, heç bir şəraiti olmayan otaqda qalır. Divarlara hopmuş nəmişlik qoxusu burada yaşayanların ağır durumundan xəbər verir. Ayaqqabılar, mürəbbə şüşələri pəncərənin önünə düzülüb. Yemək stolunun üstündə qab-qacaqlar, ləvazimatlar bir-birinə qarışıb.
Paltarları yığmağa rəf olmadığından onları zənbillərdə saxlayırlar.
Denis deyir ki, otaq yoldaşının durumu daha ağırdır. Ona baxıcı lazımdır. Ancaq bunun üçün əlaqədar orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Ona görə də otaq yoldaşının da qayğısını çəkmək məcburiyyətindədir: “Burdakı əlillərin hamısı öz işini özü görür. Paltar yumaqdan yemək bişirməyə qədər”.
Otaqda isti suyun olmaması vəziyyətlərini daha da çətinləşdirir: “Bura yeni gələndə hamam yox idi, suyu qızdırıb, ayaqyolunda çimirdik. Rəhbərliyə şikayət etdik ki, heç olmasa hamam tikilsin. Ancaq dedi ki, pulu yoxdur. Məcbur olub özümüz pul yığdıq, hamam tikdik. Qış sərt keçəndə, ümumiyyətlə, su üzünə həsrət qalırıq, binada istilik sistemi olmadığından su donur. Bu qış çox çətin keçdi. Elektrik sobalarından istifadə edirdik, o da tez-tez xarab olurdu” – deyir, Denis Yuzkiv.
Əslində Denisin sənəti var, o dərzidir. Ancaq yaşadığı sıxıntılar ucbatından bu işdən əl çəkib: “Sağlam olsaydım,öz başıma çarə qılardım”.
İnsanların laqeydliyi Denisi həyatdan küsdürüb: “Məni bu il Türkiyəyə göndərəcəkdilər, 21 günlük müalicəyə. Gedib komissiyadan keçdim. Dedilər ki, sən gələn dəfəyə qaldın. Gələn dəfəni də gözlədim, göndərmədilər. Hərdən düşünürəm ki, insanlar niyə belədir? Niyə yalanlarla yaşayırlar? Mən gedib kimə dərdimi deyim? Elə bir insan da yoxdur ki, dərdimi deyim. Dərdimə əlac tapılsın. Çətindir…”.
Gündəlik həyatı pansionatın divarları həyatında keçən Denis nə qədər tənha olduğunu düşünsə də, yenə gözlərində ümid var. Yaşamağa, bir gün taleyinin dəyişəcəyinə ümid… Elə buna görə də ona bu dəyişikliyi gətirəcək insanların yolunu gözləyir.