”Kiminsə oğurladığı 10-12 milyard borcu dövlət qaytarmamalıdır”

Qurban Məmmədov: ”Bank sektorunda korrupsiyaya görə cinayət işi qaldırılıbsa, Maliyyə Nazirliyində mütləq vəzifəli şəxs həbs edilməlidir”

Source:


Qurban Məmmədov: ”Bank sektorunda korrupsiyaya görə cinayət işi qaldırılıbsa, Maliyyə Nazirliyində mütləq vəzifəli şəxs həbs edilməlidir”

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə cinayət işlərinin 12 faizinin bank və bank olmayan kredit təşkilatları ilə bağlı olduğu haqda bildirib.

Kamran Əliyev cinayət təqibindən kənar üsul və vasitələrdən istifadə üzrə ötən il 27 qərar qəbul edildiyini

deyib.

İdarə rəisi ən çox korrupsiya cinayəti hallarının bank, tikinti sektorunda olduğunu xüsusui vurğulayıb.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə deyib ki, bütün sahələrdə korrupsiya faktları var, amma bu daha çox bank sistemində özünü biruzə verir.

Fazil Mustafa bildirib ki, əhalinin böyük əksəriyyətinin problemi bank sektorundakı korrupsiyadan irəli gəlir:

“Amma dövlətin hər bir sahəsində korrupsiyanın elementləri var və bununla bağlı müəyyən informasiyalar açıqlanır. Sadəcə, bank sektoru əhaliyə bağlı olduğundan informasiyalar tez yayılır. Elə sahələr var ki, vətəndaşın şəxsi həyatına böyük zərər vurmur, dövlət büdcəsinə zərər vurur. Amma bank sektoru həm dövlət büdcəsinə zərər vurur, həm də ayrı-ayrı vətəndaşları acınacaqlı duruma saldığından diqqət cəlb edir”.

Fazil Mustafa

Deputat bank sektorunun sağlamlaşması istiqamətində müəyyən addımların atıldığını söyləsə də, bunu qaneedici saymır:

“Çünki 10-12 milyard oğurlayanın kiminsə borcunu dövlət ödəməməlidir. Elə sistem yaranmalıdır ki, kimsə oğurlaya bilməsin. Əgər həmin borc dövlət və vətəndaşın hesabına ödənilirsə, ikinci daha çox sıxıntı keçirir. Ona görə də korrupsiyaya şərait yaradan mühitin ortadan qalxması vacibdir”.

Hüquqşünas Qurban Məmmədov isə Azərbaycanda korrupsiyaya qarşı real mübarizənin aparılmadığı qənaətindədir:

“Korrupsiya sözünün mənası bir neçə sahəni əhatə edən cinayət fəaliyyətidir. Söhbət iqtisadi, biznes, maliyyə, oğru aləmi və sairdən gedir. Bunlar birləşib korrupsiyanı həyat və iş tərzinə çevirirlər. Rüşvət adlı cinayət var, amma korrupsiya adlı cinayət yoxdur. Rüşvət korrupsiyanın həyata keçirilməsində vasitədir”.

Qurban Məmmədov hesab edir ki, yüksək səviyyədə himayə yoxdursa, korrupsiya baş verə bilməz.

Qurban Məmmədov

Onun fikrincə, korrupsiya uzun müddət oturuşmuş və davam edən mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinə deyilir.

“Bu, o deməkdir ki, hər hansı siyasi post tutan və nazir vəzifəsi olmayan adamın himayəsi yoxdursa, korrupsiya mümkün deyil. Bir sahədə mənimsəmə varsa, yaxud bankın pulunun oğurlanması varsa, deməli, ya rəhbəri savadsız və bacarıqsızdır, yaxud da özü oğurluğun təşkilatçısıdır. O zaman sahənin rəhbəri istefaya göndərilməli və həbs olunmalıdır. Təəssüf ki, son illərdə korrupsiyaya görə nə bir nazir, ya da komitə rəhbəri həbs olunub. Ona görə Kamran Əliyevin dedikləri korrupsiya faktları deyil. Sadəcə, ayrı-ayrı adamların oğurluq əməllərinin qiymətləndirilməsidir”.

Qurban Məmmədov bildirib ki, bank sektorunda korrupsiya əməlinə görə kiməsə qarşı cinayət işi qaldırılıbsa, Maliyyə Nazirliyində mütləq vəzifəli şəxs həbs edilməlidir.

“Ancaq indiyə qədər belə həbs olmadığından korrupsiyaya qarşı mübarizə aparılmadığı təsdiqlənir”.

Ana səhifəXəbərlər”Kiminsə oğurladığı 10-12 milyard borcu dövlət qaytarmamalıdır”