Kimin əfvə ehtiyacı var?

Hakimiyyətdən əfv ummayan siyasi məhbusların, yoxsa qəzəbli xalqla üz- üzə qalan hakimiyyətin?

Source:
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Oqtay Gülalıyev


Hakimiyyətdən əfv ummayan siyasi məhbusların, yoxsa qəzəbli xalqla üz- üzə qalan hakimiyyətin?

Bir müddət öncə dövlət başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edildi. Öncə onu qeyd edək ki, vaxtilə bu komissiyanın adı “Azərbaycan Respublikasının Prezidenti yanında Bağışlama Məsələləri Komissiyası” olub və  Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 may tarixli, 326 nömrəli Fərmanı ilə yaradılıb. Sonradan komissiyanın adında və tərkibində bəzi dəyişikliklər həyata keçirilib. Bəlkə də əvvəlki illərlə müqayisədə komissiyaya maraq indiki qədər olmayıb. Ölkədə siyasi məhbusların sayı artdıqca və onların azadlığa çıxma yollarının biri də dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları vasitəsi ilə həyata keçirildiyindən həm bu sərəncamlara, həm də formal da olsa, bu işin ilkin hazırlıq mərhələsini təşkil edən Əfv Komissiyasına ictimai marağı artırıb.

İndi də belədir. Bir çoxu qarşıdan gələn Novruz bayramında yeni əfv sərəncamının imzalanacağını, buna geniş hazırlıq işlərinin aparıldığını və məhz həm də o səbəbdən Əfv Komissiyasının tərkibinin yeniləndiyini diqqətə çatdırmağa çalışırlar. Artıq komissiyanın 2 dəfə toplaşdığı, iclas keçirdiyi və dövlət başçısına müvafiq siyahı təqdim etdiyi bildirilir. Fürsətdən istifadə edib demək lazımdır ki, son illər bəzi şəxslər, qurumlar, hətta hüquq müdafiəçiləri heç bir cinayət törətməyən, şərlənərək həbs olunmuş siyasi məhbusların əlamətdar günlərdə- bayram günlərində əfv sərəncamı ilə azadlığa çıxacağına dair qeyri-dəqiq bəyanatlar verib, həm məhbus ailələrini ümidləndirib, sonda onları xəyal qırıqlığına ugradırlar, həm də yerli və beynəlxalq ictimaiyyətin, hüquq-müdafiə təşkilatlarının başları altına yastıq qoyurlar. Həmin şəxslər və qurumlar bu hərəkətləri ilə höküməti təpkilərdən qorumaq üçün müdafiə istehkamı, “təhlükəsizlik yastığı” rolunu oynayırlar. Eyni zamanda cinayət törətməyən şəxslərin əfv olunması rəyini yaratmaqla onların cinayətkar olduqlarını təsdiqləməyə çalışırlar.


Komissiyada kimlər var?

Əslində komissiyanın tərkibi çoxdan yenilənməli idi. Çünki qurumün üzvü olmuş bir çox şəxs xeyli vaxt idi ki, artıq bu və ya digər səbəbdən öz vəzifələrini icra edə bilmirdi. Çünki 21 nəfərdən ibarət olan Əfv Komissiyasının bir neçə üzvü dünyasını dəyişib, iki nəfər isə komissiyadan çıxarılıb. Komissiyanın üzvü olmuş Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, AMEA-nın Dilçilik İnstitutunun sabiq direktoru Ağamusa Axundov, Zahid Qaralov dünyasını dəyişib. Ombudsman Elmira Süleymanova isə bir müddət əvvəl Əfv Komissiyasının tərkibindən çıxıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da komissiyanın üzvülüyündən çıxarılıb. Hazırda komissiyanın tərkibi əsasən köhnə üzvlərdir. Onların əksəriyyəti isə hakimiyyətin yuxarı qatlarında mühüm vəzifə tuturlar. Hökümətdə vəzifəsi olmayan, eləcə də “ictimaiyyət nümayəndəsi” kimi komissiya üzü olanlar isə bitərəf, müstəqil şəxslər deyil, daha çox hakimiyyətin müdafiəçisi kimi tanınır və qəbul olunurlar.


Əfv Komissiyası siyasi məhbusları azadlığa çıxara bilərmi?

Son zamanlar diqqətçəkən məqamlardan biri odur ki, bəzi dairələr tərəfindən həbsdə olan siyasi məhbusların özləri və yaxınları, ailə üzvləri məqsədli şəkildə istiqamətləndirilir ki, Prezident yanında Əfv Komissiyasına müraciət etsinlər, onların əfv olunması üçün ərizə yazsınlar. Sual oluna bilər; doğurdanmı Əfv Komissiyasının üzvləri siyasi məhbusların azadlığa çıxmasında maraqlıdır? Digər tərəfdən, ümumiyyətlə, qurumun belə bir səlahiyyəti varmı? Öncə onu qeyd edək ki, ötəri araşdırma aparsaq məlum olacaq ki, kiçik istisnaları çıxmaq şərti ilə komissiyanın tərkibində olan bir sıra şəxslər azadlıqdan mərhum edilmiş siyasi məhbusların həbs olunması prosesində bu və ya digər formada rol almış şəxslərdir. Digər bir qisim komissiya üzvləri isə indiyə qədər ölkədə baş verən çoxsaylı qanun və insan haqları pozuntularını, siyasi sifarişli həbsləri və ədalətsiz məhkəmə hökmlərini ən yaxşı halda susqunluqla qarşılayıb laqeydlik nümayiş etdiriblər. Bir qisim üzv isə ümumiyyətlə, Azərbaycanda siyasi məhbusların olmadığını çox ciddi şəkildə iddia edirlər. Əfv Komissiyaları ilə bağlı fərmanda diqqətçəkən məqamlardan da biri odur ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunsun ki, komissiyanın iclaslarında iştirak etsinlər”. Yəni bu “tövsiyə” ilə siyasi məhbuslara qarşı qondarma ittiham aktı tərtib edən və onların qanunsuz həbslərini rəsmiləşdirən qurumların rəhbərləri Əfv Komissiyasında əlahiddə söz sahibi statusu alırlar.

Maraqlıdır, siyasi baxışlarına, ictimai-siyasi fəaliyyətinə görə azadlığını itirmiş insanların həbs olunmasında, onlar haqqında sifarişli və ədalətsiz qərar qəbul olunmasında birbaşa və dolayısı  iştirak etmiş, əsassız həbs və məhkəmə hökmünə həmişə etinasız yanaşmış, ümumiyyətlə, həbsxanalarda bu kateqoriyadan məhkum olmadığını iddia edən şəxslər siyasi məhbusların azadlığa çıxmasına hər hansı dəstək verərmi? Bu sual həm də ona görə səslənir ki, Əfv Komissiyasının üzvlərindən biri bu yaxınlarda mətbuata verdiyi açıqlamada bildirmişdi ki, komissiya tərəfindən əfv etmək üçün təqdim olunan siyahıdan dövlət başçısı heç kimin adını çıxarmır, əksinə bəzi məhkumların adlarını ora daxil edir. Son illərin əfv sərəncamlarına baxsaq bu məntiq çıxır ki, çoxsaylı siyasi məhbusların həbsdə qalmasında əsas maraqlı tərəflərdən biri də elə Əfv komissiyasıdır. Çünki son illər əfv sərəncamları ilə azadlığa çıxan siyasi məhbusların sayı çox azdır və barmaqla sayılası qədərdir.

Yeri gəlmişkən qeyd edək ki, sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 198 nəfərin arasında bir nəfər də olsun siyasi məhbus yox idi. Əksinə, həmin şəxslərin 66 faizi, yəni 131 nəfəri ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlərə dair məhkəmələrin hökmü ilə azadlıqdan mərhum edilmişdilər. Belə çıxır ki, Əfv Komissiyası dövlət başçısına ağır cinayət törətmiş şəxslərin azadlığa çıxmasını tövsiyə edir, amma şərlənərək həbs olunmuş, heç bir günahı olmayan, əksinə insan hüquq və azadlıqlarının təmin olunmasında böyük xidmətləri olmuş hüquq müdafiəçilərinin, vəkillərin, tanınmış jurnalistlərin, inanclı insanların həbsdə qalmasına göz yumur və şərait yaradırlar. Bu məntiqi necə başa düşmək olar və ya bu “məntiq”- in arxasında hansı humanistlik dayanır?

Deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, siyasi məhbusların Əfv Komissiyası vasitəsilə azadlığa buraxılması sadəlövh düşüncənin məhsuludur. Siyasi iradə və hakimiyyətə lazımi təpkilər və təzyiqlər olmadıqca, onların azadlığa çıxması mümkün deyil. Çünki bu ölkədə siyasi məhbusların mövcudluğu hakimiyyətin mahiyyəti və siyasi varlığı ilə sıx bağlıdır.


Əfv Komissiyasında şəffaflıq və ictimai nəzarət problemi…

Əfv Komissiyasının tərkibini yeniləmək, yeni üzvlər təyin etmək, eləcə də hansısa məhbusu əfv edib azadlığa buraxmaq dövlət başçısının müstəsna səlahiyyətlərinə daxildir. Amma dövlət başçısının da addımları nümunəvi olmalı, ədalətə və qanunçuluğa söykənməlidir. Prezident vaxtaşırı olaraq öz çıxışlarında vəzifəli şəxslərin və dövlət qurumlarının fəaliyyətində, onların qərar qəbul etməsində şəffaflığın, ictimai nəzarətin təmin olunmasının vacibliyini bildirir. Müsbət və təqdirəlayiq çağırışdır. Əfv Komissiyasının fəaliyyətində ədalətliliyin, şəffaflığın, ictimai nəzarətin təmin olunmasının əsas elementlərindən biri də dövlət vəzifəsi daşımayan, etimadlı müstəqil şəxslərin, vətəndaş cəmiyyəti fəallarının bu qurumun fəaliyyətində geniş təmsilçiliyini təmin etməkdir. Hazırda Komissiyanın üzvlüyündə ictimai sektoru təmsil edən, məhbus ailələrinin təmas qura bildiyi şəxslər (məsələn, Azay Quliyev, Əliməmməd Nuriyev, Mehdi Mehdiyev və s.) var, amma yüksək ranqlı dövlət məmurlarının təmsil olunduğu bu qurumda onların sayı və səlahiyyəti, təsir imkanları çox məhduddur. Eyni zamanda həbs yerləri ilə bağlı vəziyyəti araşdıran, dustaqlarla, xüsusən siyasi məhbuslarla işləyən, bu problemi tədqiq edən müstəqil ekspertlərin, hüquq müdafiəçilərinin, nüfuzlu ziyalıların komissiyada olmaması  qurumun etimadlı və ədalətli qərar qəbul edib, azadlığa çıxmağa layiq insanların siyahısının hazırlamağa  şübhələr yardır.


Kimin əfvə ehtiyacı var?

Son zamanlar milli valyutamızın – manatın 2-ci dəfə devalvasiyasından sonra hakimiyyət ciddi sıxıntılar keçirir. Qapının ağzını kəsən ağır sosial-iqtisadi böhran, 3- cü devalvasiyanın başlanması və beynəlxalq sanksiya xəbərdarlıqlarına rəgmən hökümət ciddi addımlar ata bilmir. Ölkə monopoliyanın, korrupsiyanın, işsizliyin, iqtisadi tənəzzülün girdabında çabalayır. Neft gəlirlərindən ölkəyə gələn vəsaitləri səmərli istifadə edə bilməyən, əksinə həmin vəsaitlərin mənimsənilməsində iştirak edən höküməti təkcə çətin günlər, ağır imtahan deyil, xalqın qəzəbi və hesab sormaq zamanı gözləyir. Xalqın hakimiyyətdən narazılığı, şikayət və tələbləri getdikcə artır. İndi hakimiyyətdə olan və olmayan bir çoxunu bir sual düşündürür; vaxtında etmədiyi və bu gün edə bilmədiklərinə görə görəsən xalq bu hakimiyyəti bağışlaya, əfv edə biləcəkmi? Əslində bu gün çoxsaylı yerli və beynəlxalq ictimaiyyətin tələbinə rəgmən ölkə həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 100-dən çox siyasi məhbusu azadlığa buraxmaq daha çox hakimiyyətin özünə lazımdır. Çünki həbsdə olan siyasi məhbuslar bütün çətinliklərə baxmayaraq, hakimiyyətdən hər hansı əfv ummadan cəzalarını çəkirlər. Zaman keçdikcə, onlar cəmiyyətdə daha çox tanınır və hörmət qazanırlar. Onlara toplumun ehtiram və sayğı göstərməsi hakimiyyətin nüfuzdan düşməsi və itkiləri ilə paralel gedir. Birincilər qazanır, ikincilər itirir.

İndi düşünün, kimin daha çox əfvə ehtiyacı var; haqq etmədiyi cəzanı təmkin və səbrlə çəkib bu hakimiyyətdən əfv ummayan siyasi məhbusların, yoxsa onları şərləyərək həbsə atan, narazılığı gündən-günə artan qəzəbli xalqla üz-üzə qalan hakimiyyətin?

Bu komissiyanı daha çox əfvə ehtiyacı olanların əfv komissiyası adlandırmaq düzgün olmazdımı?

Ana səhifəXəbərlərKimin əfvə ehtiyacı var?