Zərdüşt Əlizadə

Mənbə: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Kimdir müqəssir?

Görünür, xalqlar da, bütünlükdə bəşəriyyət də başqa yol tanımır

Gündəmdə birinci yeri tutan xəbərlər sürətlə dəyişir. Hadisə mətbəxinin aşbazı xəbər çömçəsini qazandan aramsız çıxarır və cəmiyyətin boşqablarını elə-hey doldurur. İnsanlar bu xəbər horrasını içəri ötürür və nəyin vacib, nəyin ötəri olduğunu dərk etmir.

Mina partladı, insanlar həlak və ya əlil oldu. Sərhəddə azərbaycanlı hərbçilər erməni hərbçilərini təpikləyib söyə-söyə qovdu. İki gün sonra erməni hərbçiləri azərbaycanlı hərbçiləri yumruqlayıb qovdu. Bunun ardınca azərbaycanlı hərbçilər erməni hərbçilərini...

“Santa Barbara” və ya “Qurdlar vadisi” teleseriallıarı kimi bir-birinə calanan bu hadisələr zəncirinin sonu görünmür.

Bu hadisələr arasında hansı biri daha vacib, daha təhlükəli, daha tutumludur? Hansının davamı bölgədəki durumu kəskin dəyişə bilər?

Şübhəsiz, hər bir hadisənin ustadı və bağbanı var.

Minalar alaq otu deyil, özləri yerdən bitmir. Onları basdıran var. Onları kəndlilər basdırmır. Onları hərbçilər basdırır. Hərbçilərə əmr verirlər, onlar da basdırırlar.

Minaları istehsal edən var. Nə Azərbaycan, nə Ermənistan mina istehsal etmir. Onları daşıyıb bölgəyə gətirən var.

Azərbaycanlı hərbçilər özbaşına deyil, öz keflərindən sərhəd bölgəsində müəyyən yüksəkliyi tutmayıblar. Onlara komandirləri, komandirlərə də əmri siyasi rəhbərlik verib. Erməni hərbçiləri də öz keflərinə gəlib azərbaycanlı hərbçilərlə üz-göz olmur, onlara da komandirləri, komandirlərə də siyasi rəhbərlər əmr verir.

Hər bir hadisə xəbər yaradır, xəbərlər silsiləsi ideoloji-mənəvi ovqat yaradır. Minalar partlayanda, insanlar həlak və ya əlil olanda, hərbçilər təpikləşib söyüşəndə, bunu telefona çəkib şəbəkələrdə yayanda bölgədə müharibə ovqatı yaranır. Belə ovqatda istənilən zorakılıq, istənilən müharibə ehtimalı təbii qavranır.

Soruşula bilər: minalar partlayır, hərbçilər söyüşüb təpikləşir, yeni Qarabağ müharibəsi başlayacaqmı?

Zənn etmirəm. Minalar və təpikləşmələr siyasi oyunların tərkib hissəsidir. Mina basdıran, minada partlayan, bir-birini təpikləyib qovan zavallılar heç dərk etmirlər ki, bu əməlləri ilə kiməsə lazımlı hansısa gələcək siyasi razılaşma üçün münasib zəmin yaradırlar.

Zahirən məişət zəminində baş vermiş Dmanisi hadisələri də çox böyük və təhlükəli siyasi oyunun ilk əlamətlərindən biri ola bilər. Belə qənaət üçün əsas verən amil odur ki, polis qovğanı anındaca yatırmayıb, əksinə, onun alovlanması üçün biganəlik, sanki gücsüzlük göstərib. Zəngin təcrübə deyir ki, bu zahiri laqeydlik və gücsüzlük nümayişi başıpozuq ünsürlərin qudurub daha böyük cinayət törətməsinə açıq dəvətdir. Məhz belə zahiri gücsüzlüyün sərgilənməsindən sonra Dmanisinin azərbaycanlı əhalisi dövlətin bərqərar edə bilmədiyi ədaləti əhalinin zoru gücünə həyata keçirmək niyyətilə kütləvi nümayişə toplaşdı.

Nə yaxşı ki, gürcü hakimiyyəti hadisələrin seyr istiqamətini anlayıb, nəhayət ki, qətiyyət nümayiş etdirdi. Lakin sona qədər deyil: məişət zorakılığı törətmiş vətəndaşlar himayəyə götürüldü, qovğanı qeyri-hüquqi “barış” yolu ilə həll etməyə üstünlük verildi. Bunun isə bir nəticəsi ola bilər: gələcək özbaşınalıqlara yaşıl işıq yandırılır.

Gürcüstanda indi artıq sanki legitimləşdirilmiş Abxaziya və Cənubi Osetiya münaqişələri ilə yanaşı, daha təhlükəli gürcü-azərbaycanlı etnik-ərazi münaqişəsi törətmək cəhdinin qarşısı 1989-cu ilin yayında Gürcüstanın və Azərbaycanın demokratik qüvvələrinin birgə səyi ilə alınmışdı. Onda şər qüvvələri alovlandıra bildikləri Abxaziya, Cənubi Osetiya və Qarabağ tonqalları ilə kifayətlənmiş, bu üç münaqişə vasitəsilə bütün Cənubi Qafqazı sərt nəzarətə ala bilmişdi.

O zamandan bəri Gürcüstan və Azərbaycan Rusiyadan asılılığı azalda bilmiş, müəyyən ərazi itkisi hesabına da olsa, öz xarici siyasətlərini müstəqil yürütməyə başlamışdı. Hətta Ermənistan Rusiya səmtinin səmərəsizliyini anlayıb Qərbə doğru yolu daha inadla aramağa girişmişdi.

Rusiya 2020-ci ildə anladı ki, vəziyyəti köklü dəyişməsə, bütün bölgəni itirə bilər. Qərara aldı ki, ən zəif bənddən başlasın. Ən zəif bənd Ermənistan idi. Həm iqtisadi və coğrafi, həm də siyasi və hüquqi cəhətdən Ermənistanın uğurla müdafiə ediləsi mövqeyi qalmamışdı. Qarabağ məsələsində beynəlxalq hüququn pozulması şübhəsiz idi, sadəcə bunun təsdiqini dünya ağalarının riyakarlığı mümkünsüz edirdi.

Rusiya qərara aldı ki, “oyansın” və birdən xatırlasın ki, “Qarabağ Azərbaycanın qanuni ərazisidr”.

Oyun başladı. Tazıya deyildi ki, “tut”. Dovşana deyildi ki, “qaç”. Dovşan qaçdı, tazı qovdu, tutub parçalamaq istəyəndə bölgənin ağası gəlib tazını dayandırdı və dovşanı xilas etdi. Ona dovşan deyil, bölgəni asılı vəziyyətdə saxlamaq üçün “DQ” qarmağı lazım idi.

İkinci Qarabağ müharibəsindən sonra alınan mənzərə Rusiyanın mövqeyini gücləndirdi. Ermənistan diz üstə. Qatil və cəllad Köçəryan siyasi meyid statusundan çıxıb hakimiyyətə iddia edir. Paşinyan sarsıdılır, həm daxili qüvvələrin səyi ilə, həm də Azərbaycanın təzyiqi ilə laxladılır və nəhayət, çoxvektorlu oyun qaydalarına tüpürüb Qərbə aşkar üz tutduğunu gizlətmir.

Rusiya soyuqqanlı tərzdə onun bu çapalanmasına tamaşa edir. Putin əmindir ki, iyun ayının 20-də seçicilərin səs verməsinin nəticələrindən asılı olmayaraq Köçəryan Paşinyanı devirəcək və hakimiyyə gələcək.

Onda Azərbaycanı ram etməyin növbəsi gələcək. Bunun üçün ona hücum etmək, qoşun yeritmək lazım deyil. Gürcüstanda növbəti qanlı etnik-ərazi münaqişəsi təşkil etmək, iki dost və mehriban xalqı düşmənə çevirmək, Gürcüstanda Rusiyadan aşkar asılı qüvvəni hakimiyyətə gətirmək kifayətdir ki, Azərbaycanın şah qan damarları – neft və qaz kəmərləri, dəmir və şosse yolları Rusiyanın nəzarətinə keçsin.

Qərbə yolu kəsilmiş, ərazisində “DQR” kimi saatlı mina tıqqıldayan Azərbaycan kimin əmrinə müntəzir duracaq?

Tarix boyu bütün imperiyaların uğurla sınaqdan keçirdiyi “ayır-buyur” silahı heç vaxt korşalmayıb, ən iti cərrah bıçağından da iti qalıb, ailələri, nəsilləri, xalqları və millətləri ayırıb və onlara buyurmaq imkanı yaradıb.

Rusiya Cənubi Qafqazı dübarə yeni müstəmləkə qiyafəsində nəzarət altına almaq niyyətini böylə sadə və aşkar çəkildə həyata keçirirsə, aya, bu bölgənin xalqlarının sayıqlığı hara gedib? Əgər bu idbar imperiya öz istəyinə nail olacaqsa, iş işdən keçəndən sonra səslənəcək “kimdir müqəssir” sualının cavabı necə olacaq?

Mən deyim kimdir müqəssir. Müqəssir imperiya deyil. Müqəssir imperiyaya qulluq edən hakimlər də deyil. Onları qınamağın nə xeyri var? Onlar öz şəxsi mənfəətlərini güdürlər və bu, tam təbii, qanuni hadisədir.

Yeni boyunduruqdan ən çox ziyan görəcək və əziyyət çəkəcək sadə xalqdır müqəssir.

Necə? Deym necə. Dmanisi və digər azərbaycanlıların toplum halında yaşadıqları rayonların azərbaycanlılarına gürcü hökuməti neçə vaxtdır imkan yaradıb ki, ərazisində yaşadıqları Gürcüstan Respublikasının dövlət dili olan gürcü dilini öyrənsinlər. Öyrəniblər? Öyrənmişlərin sayı mütləq azlıq anlamına uyğun gəlir. Əksəriyyət dövlət dilini bilmir. Dövlət dilini bilməyən adamın dövlətdə hansısa məqam tutması mümkündürmü?

Təsəvvür edin ki, Azərbaycan Respublikasında kimsə ayrı-seçkilikdən, ədalətsizlikdən şikayətlənir, deyir ki, “bizə dövlət qulluğu vermirlər”. Soruşun ondan ki, “Azərbaycan dilini bilirsən?” Desə ki, “bilmirəm”, nə deyəcəksiniz ona?

Gürcüstan 30 ildir müstəqildir. Onun azərbaycanlı əhalisinin əksəriyyəti inadla dövlət dilini öyrənmirdi. Öyrənmirdi, bilmirdi, təbii ki, dövlət cihazının xaricindəydi. Dövlət qulluğuna gürcü dilini bilən vətəndaşlar qəbul edilirdi. Svanlar, imeretinlər, quriyalılar, acarlar, yunanlar... Əsas odur ki, dövlət dilini biləsən. Gürcü dilini öyrənmiş, dövlət dilində danışan azərbaycanlıların da üzünə dövlət qulluğunun qapıları açılmışdı. Lakin belələrinin sayı çox deyildi.

İndi Dmanisidə azərbaycanlılarla svanlar arasında dava düşüb. Polis dava yerinə gəlib. Polis nəfərləri kimdir? Azərbaycanlılar? Yox. Gürcü dilində danışanlar, o cümlədən svanlar.

Nəticə çıxarın. Kimdir müqəssir?

Erməni milləti dad çəkib taleyindən şikayət edir. İllah ki, hamisi Rusiyanı qınayır. Məncə, müqəssir özüdür. Bəli, müqəssir erməni xalqıdır. Kim min il bundan əqdəm bəlkə olmuş, bəlkə də olmamış Böyük Ermənistanın bərpası kimi siyasi xülyanı ümummilli məqsəd seçər? Təsəvvür edin ki, italyanlar Qədim Roma imperiyasının bərpasını milli siyasi məqsəd seçirlər və öz qanuni torpaqları olan Qalliyanı (indiki Fransa), İspaniyanı və Britaniyanı yadelli işğalçılardan təmizləməyə iddia edirlər.

İtalyanlar belə etsə və cəzalarını ya dəlixanada, ya qazamatda alsa, kimsə bu cəzanın haqsız olduğunu deyərmi?

Eynilə rus xalqının bütün bəlalarının baisi rus xalqının özüdür.

Ukraynaya nə olubsa, öz günahlarından olub.

Bəşəriyyətin bütün müsibətlərinin – dünya müharibələrinin, təbiət fəlakətlərinin, pandemiyalarının - müqəssiri bəşəriyyət özüdür.

Görünür, xalqlar da, bütünlükdə bəşəriyyət də başqa yol tanımır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fkysro

Ən çox baxılan