”Kim bizə inanırsa, o, bizim üzvümüzdür”

Nahid Cəfərov
Nahid Cəfərov

Nahid Cəfərov: “Hərəkatın rəhbəri yoxdur və bir şəxs ətrafında birləşməyi məqbul saymırıq”

Martın 6-da Niderland Krallığının Amsterdam şəhərində “OYAN” Siyasi Hərəkatının əsası qoyulub. Hərəkatın təsisçilərindən və idarə heyəti üzvlərindən biri Azərbaycanın Niderland Krallığındakı səfirliyinin keçmiş əməkdaşı, tutduğu vəsifəsindən azad edildikdən sonra Azərbaycana qayıtmaqdan imtina edən, mətbuatın “etirazçı konsul” kimi təqdim etdiyi  Nahid Cəfərovdur. Meydan TV əməkdaşı Nahid Cəfərovla yeni yaradılan hərəkat və onun məqsədləri barədə söhbətləşib.


– Nahid bəy, yeni “OYAN” Hərəkatı yaratmısız. Bu hərəkat hansı məqsədlə yaradılıb və nə işlər görəcək?

– “OYAN” cəmiyyəti ictimai proseslərə aktiv şəkildə qoşmağı nəzərdə tutur. Hökumət cəmiyyətə “siyasətə qarışmıram” ideologiyasını yeridib və biz çalışırıq ki, siyasəti hər kəsin ən vacib bir işinə çevirək. Qısa sözlə ifadə etməli olsaq, məqsədimiz insanların beyinlərində oyanış etməkdir. İlk öncə qeyd etməliyəm ki, həm Hərəkatın İdarə Heyətinə və həm də Beyin Mərkəzinə kifayət qədər savadlı və peşəkar gənclər cəlb olunub. Biz ilkin olaraq cəmiyyəti narahat edən əsas problemləri araşdırıb müzakirə edirik. Həmin problemlərə uyğun dünya təcrübələri araşdırılır və Azərbaycan reallıqları nəzərə alınaraq həmin təcrübələrin Azərbaycana tətbiqi imkanları müqayisə edilir. İlkin olaraq biz cəmiyyətin iştirakı ilə təhsil sistemindəki problemləri araşdırmağı nəzərdə tutmuşuq. Dünyada ən ideal təhsil sistemi olan Finlandiya təhsil sisteminin əsas xüsusiyyətləri ekspertlərimiz tərəfindən araşdırılır və qısa zaman ərzində xalqın müzakirəsinə ideal bir təhsil sistemi təqdim etməyi planlaşdırırıq.


– Təşkilat mühacirətdə yaradılıb. Azərbaycanda özəyi qurulacaqmı, yoxsa ancaq mühacirətdə fəaliyyət göstərəcək?

– Bu təşkilatın Azərbaycanda hər hansı bir özəyinin yaradılması məsələsi hələlik gündəliyimizə daxil deyil.


–  Təşkilata üzvlük hansı əsaslarla olacaq?

– Təşkilatın üzvlük mexanizmi də mövcud deyil. Qeyd etdiyim kimi, biz insanların beyinlərində oyanış etməyi qarşımıza məqsəd qoymuşuq və buna görə hər hansı bir formada formal üzvlük bu məqsədə xidmət etmir. Kim bizə inanırsa, o, bizim üzvümüzdür. Lakin gələcəkdə biz “OYAN Klubu”nu yaratmağı planlaşdırırıq və orada yalnız sadə bir üzvlük forması olacaq. “OYAN Klubu”nun da məqsədi xalqı birbaşa ümumxalq etirazlarına hazırlamaqdır. Burada bizə üzvlük sadəcə müəyyən proqnozlar və hesablamalar üçün lazım olacaq.


–  Hərəkat siyasi təşkilatdırmı? Bu birliyin hansısa bir siyasi təşkilatla bağlılığı varmı və ya gələcəkdə ola bilərmi?

– Bəli, hərəkat siyasi təşkilatdır. Lakin bu hərəkatın heç bir partiya və birlik ilə bağlılığı yoxdur. Qeyd etməliyəm ki, biz hazırda rejimə qarşı mübarizə aparan bütün siyasi təşkilatlarla əməkdaşlığa hazırıq.


–  Sizin hərəkatın digər təşkilatlardan fərqi nə olacaq? Əsas hansı istiqamətdə işlər aparacaqsız?

–  Açığı biz özümüzü hər hansı bir təşkilatla müqayisə etməmişik. Lakin “OYAN” Hərəkatına aid olan bəzi xüsusiyyətləri sizinlə paylaşmaq istərdim. Bizdə hərəkatın rəhbəri yoxdur və bir şəxs ətrafında birləşməyi məqbul saymırıq. Biz düşünürük ki, siyasət və mübarizə şəxsləşməməlidir. Heç bir şəxs ideal olmadığı kimi heç bir lider də ideal ola bilməz. Lakin bizə məxsus olan ideal dəyərlər var və biz bu dəyərlər ətrafında birləşərək, böyük bir mexanizm yarada bilərik. Bundan əlavə, artıq qeyd etdiyim kimi, bizdə üzvlük mexanizmi də yoxdur. Fərdi siyasi ambisiyaları deyil, missiyanı hədəf kimi götürmüşük.

Bizim fəaliyyətimiz əsasən iki istiqamətdə həyata keçiriləcək: Xaqlı siyasi proseslərə cəlb etmək (OYAN Klubu) və yeni liderlər yarada bilmək (OYAN Akademiyası). Bundan əlavə, xalqa qarşı şiddətə əl atan polis və zabitlər üçün maarifləndirmə layihələri üzərində işlər gedir.


–  Belə bir vəziyyətdə və şəraitdə təşkilatın uğurlu fəaliyyətinə inanırsız?

– Mən bir rayonun ucqar bir kəndində anadan olmuşam və orta təhsilimi də kənddə bitirmişəm. Anam və atam bazarda balıq satmaqla məni böyüdüblər. Heç bir dəstəyim olmadan böyük əziyyət hesabına həyatımı dəyişə bilmişəm. Mən hər şeyin insandan asılı olduğuna və hər şeyin insanın öz əlində olduğuna inanıram. Buna görə də bu hərəkatın uğur qazanacağına və böyük dəyişikliklər edəcəyinə inanıram. Biz inanırıq və eyni zamanda inandırmağa çalışırıq ki, bütün bu problemlərdən çıxış yolu xalqın öz əlindədir. Təşkilatın da məqsədi xalqı buna inandırmaqdır. Əks təqdirdə bu yükün altına girməzdik.


– İqtidarla və ya müxalifətlə ünsiyyətiniz hansı formada olacaq?

– İqtidarla heç bir ünsiyyətimiz yoxdur. Bəzən onlar muzdla tutduğu insanları üstümüzə göndərirlər və düşünürlər ki, bu cür ucuz vasitələrlə bizi hədəfimizdən yayındırarlar. Amma bu tam əks effekt yaradır. Hər dəfə bu cür insanların müdaxiləsi və yersiz şərhlərini görəndə doğru yolda olduğumuzu və hədəfə sərrast zərbələr endirdiyimizi düşünürük. Müxalifətlə münasibətlərimiz çox normaldır. Məqsədimiz eynidir və münasibətlərimiz başqa cür də ola bilməz.


–  Nahid bəy, neçə illər bu iqtidara xidmət etmisiz. Birdən-birə əks tərəfə çevrilməyiniz cəmiyyətdə birmənalı qarşılanmır. Sizin bu addımı şəxsi məqsədlər üçün atdığınız deyilir. Bu ittihamlara cavabınız varmı? Sizin iqtidara üz çevirməyinizə səbəb nə oldu?

– İlk öncə iqtidara xidmət etmək fikrinə aydınlıq gətirmək istərdim. Hökumət ona xidmət edənləri bu cür asanlıqla vura bilmir. İstənilən nazir və rayon icra rəhbərlərinin iş müddətinə nəzər salın. O insanlar xalqa qarşı istənilən dərəcədə haqsızlıqlar edərək milləti bezdiriblər. Lakin hökumət onları nə işdən çıxarır, nə də cəzalandırır. Mən 3 illik diplomatik karyeramın 2 ilində bu hökumətdən qaçıb Niderland Krallığına sığınan insanlara xidmət etmişəm və bunu rejimə xidmət kimi qiymətləndirmirəm. Nə baxışlarımda bir dəyişiklik olub, nə də düşüncəmdə. Mənimlə bağlı məsələ qalxanda digər diplomatlar kimi iki çıxış yolum var idi: ya ölkəyə qayıdıb Arif Məmmədovla bağlı böhtan dolu sənədi imzalamalı idim, bu halda işimə bərpa ediləcəkdim, ya da müxalifətə keçib sığınacaq istəyəcəkdim. Düşünmədən ikincisini, mənimçün daha şərəfli olanı seçdim. Sığınacaq istəməkdə şəxsi nə məqsəd ola bilər, mən onu anlaya bilmirəm. Mən uzun müddət xaricdə olmuşam və xaricdə yaşamağa can atan biri deyiləm. Ölkəmi və xalqımı çox sevirəm. Sən harda olursansa ol, vətənindən kənarda hər zaman ikinci dərəcəli şəxssən və yalnız öz ölkəndə özünü bərabərhüquqlu vətəndaş kimi hiss edirsən. Bu hisslər xaricdə uzun müddət yaşayan insanlara daha çox tanışdır. Digər tərəfdən də, sığınacaq almaq o qədər də asan və xoş bir proses deyil. Mənə hətta təklif etdilər ki, sığınacaq istəyəndən sonra müxalifətə qoşulmasan, ölkəyə istənilən vaxtı gələ bilərsən. Bunu da rədd etdim. Bundan əlavə, mən hazırda Niderland Krallığının Amsterdam Universitetində təhsil alıram və eyni zamanda Erasmus Universitetinə qəbul olmuşam. Karyeramı burada tam qura biləcək potensiala və təhsilə malikəm. Lakin bütün bunlara baxmayaraq, siyasətə qoşulmağı və xalqın bu çətin anında onun yanında olmağı üstün tutdum. Əgər kimsə burda fərqli məqsəd axtarırsa, problem o insanın niyyətindədir, məndə deyil.

Ana səhifəVideo”Kim bizə inanırsa, o, bizim üzvümüzdür”