Qubad İbadoğlu: “Problemin köklü həlli odur ki, siyasi və iqtisadi hakimiyyət bir-birindən ayrılmalıdır”
Oktyabrın 12-də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı iclas keçirib. Prezident daxili iqtisadi durumda yaranan problemlər, sahibkarlara qarşı əsassız əngəllərin olduğundan narazılığını açıq şəkildə büruzə verib. Dövlət başçısının söylədikləri ilə əlaqədar suallarımızı Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçşı Qubad İbadoğluna ünvanladıq.
–
Qubad bəy, söhbətimizi prezidentin 12 oktyabrda keçirdiyi Nazirlər Kabinetinin iclasında “təzyiqlərə və təxribatlara baxmayaraq iqtisadiyyatımız inkişaf edib” açıqlamasından başlamaq istərdim. Hansı təzyiq və təxribatlardan söhbət gedir?
–
Rəsmi göstəricilərə baxanda bəzi göstəricilərimiz pozitivdir, yəni ümumi daxili məhsulun və əhalinin gəlirləri ilə bağlı artım müşahidə olunur. Ancaq rəsmi məlumatlara nə qədər inanırıq, o başqa məsələdir. İndiyə qədər işsizlik, yoxsulluq və inflyasiya göstəriciləri ilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə şübhə olub, alternativ cədvəllərlə göstərmişik ki, komitə rəqəmləri şişirtməklə və siyasiləşdirməklə məşğuldur. Bir daha deyirəm, rəsmi rəqəmlərdə ilin yekunu pozitivdir, baxmayaraq ki, beynəlxalq təşkilatlar iqtisadiyyatımızda artım tempinin aşağı düşməsini elan etsələr də, yekunda iqtisadi artımın pozitiv olacağını deyiblər. Gözlənilən ondan ibarətdir ki, ilin sonuna 3,3 faiz iqtisadi artım olmalıdır, hazırda iqtisadi artım tempi 3,7 faizdir. Rəsmi statistika göstərir ki, həm sənaye istehsalında, həm kənd təsərrüfatında artım var, bununla da iqtisadiyyatdakı dəyişiklikləri müsbət ifadə edirlər. Mənim üçün də bu ilin 9 ayında açılan 87 min iş yerinin 67 mininin daimi olması çox şübhəlidir. Əslində iş yerlərinin açılması ilə bərabər bağlananı da var. Çox yaxşı olar ki, bağlanmış iş yerlərinin statistikası səslənəydi. Bu mənada rəsmi prizmadan yanaşma birtərəflidir, müsbət, pozitiv göstəricilər açıqlanır, amma mənfiyə doğru dəyişikliyi ifadə edən rəqəmlər barədə danışılmır. Bu da siyasi təbliğat vasitələrindən biridir, hakimiyyət bununla iqtisadiyyatın inkişaf etdiyini sübut etməyə çalışır.
–
Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri qeyri-neft sektorunun 10 faizdən çox artmasıdır. Bu barədə nə deyə bilərsiz?
– Azərbaycanda alternativ hesablama və və dəyərləndirmə aparmaq üçün mənbələr mövcud olmadığından rəsmi statistik məlumatlar əsasında danışmağa məcburuq. DSK-nin məlumatına görə, qeyri-neft sektorunun inkişafı diqqət çəkir. Amma neft sektorunun zəifləməsi ümumdaxili məhsulda payının aşağı düşməsi fonunda getdikcə genişlənib. Əvvəllər 100 manatlıq məhsul istehsal olunurdusa, onun 70 faizi neft sektorunun payına düşürdü, qalan 30 faizi qeyri-neft sektorunun. İndi avtomatik olaraq neftin ÜDM-ə payı azalıb, təxminən 30 manata düşüb. Bu, o deməkdir ki, qeyri-neft sektorunun ÜDM-ə payı ən azı neft sektorunun payının azalması səbəbindən artmalıdır. Bu da müsbət göstərici kimi təqdim olunur ki, bizim iqtisadiyyatımız əvvəlki qədər neft sektorundan asılı deyil. Halbuki, baş verən proseslərdə hökumətin hansısa rolundan danışmağa dəyməz. Çünki iqtisadiyyatda qeyri-neft bölməsinin üstünlüyə malik olmasını neft sektorundakı tənəzzül şərtləndirib. Hökumət belə göstəricilərə istinad edib təbliğatda istifadə edir. Bu baxımdan indiki mənzərə yaranıb.
–
Əvvəlki illərlə müqayisədə prezident hökuməti qənaət etməyə çağırıb, hansı sahələrdə bu qənaəti görürsünüz?
– Büdcə vəsaitləri əvvəlki səviyyədə xərcləri maliyyələşməyə kifayət etmir. Bu baxımdan iki yol var: birinci, büdcə gəlirlərini ya əvvəlki səviyyədə saxlamalıyıq, ya artırmalıyıq ki, əvvəlki qədər də xərcləyək. İkinci, büdcə gəlirləri azaldığına görə əvvəlki qədər deyil, ondan az xərcləmək məcburiyyətində qalacağıq. Az xərcləmələrin hansı sahələrə şamil olunacağı ilə bağlı hökumətin siyasəti çox maraqlıdır. Dövlət, ilk növbədə, investisiya layihələrini azaltmaq istəyir, növbəti ilin büdcəsində 2,5 milyard manat investisiya layihələrinin azalması ilə bağlı təklif irəli sürülüb. Bunların sırasında yol-nəqliyyat, infrastruktur layihələri üstünlük təşkil edib. Gözlənilir ki, şəhərlərin görkəmi ilə bağlı icra hakimiyyətlərinə verilən xərcləmələr ixtisar olunsun. Sosial infrastrukturda da yeni məktəblərin, yeni xəstəxanaların, poliklinikaların tikintisinə əvvəlki qədər vəsait ayrılmayacaq. Amma bunlarla vəziyyətdən çıxmaq mümkün deyil. Çünki yenə də qənaət tələb olunur və bu qənaət yalnız investisiya layihələrinin “qayçılanması” ilə deyil, həm də mövcud xərcləmələrin içərisində rasionallığa getməklə mümkündür. Məncə, mövcud xərcləmələrdə də idarəetmə aparatının saxlanılması, məhkəmə, hüquq-mühafizə orqanlarının xərclərinin azaldılması istiqamətində mümkün olacaq. Çünki təhsil, səhiyyə və müdafiə xərcləmələri demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Azalma ən çox investisiya, məhkəmə, hüquq-mühafizə orqanlarının saxlanmasında müşahidə olunacaq.
–
Siz iş yerləri ilə bağlı məsələyə toxundunuz, ancaq bir məqam var; bir neçə il əvvəl 100 minlərlə iş yerinin açılması elan olunurdusa, artıq rəqəm çox kiçilib. Azalmanın səbəbini hansı amillərlə izah edərdiniz?
– Ancaq yenə də 9 ayda 67 min daimi iş yerinin açılması inandırıcı görünmür. Əvvəlki illərlə müqayisədə son aylarda daha çox iş yerləri bağlanıb. Müqayisə aparsaq bəlli olacaq ki, iş yerlərinin bağlanması statistikasında mövcud iş yerləri də azalır. İnfrastruktur layihələri ixtisara düşdükcə, iş yerlərinin azalması daha çox nəzərə çarpır. Bununla ixtisassız adamların işsizliyi daha çox olacaq, nəinki ixtisaslıların. Bilirsiniz ki, ixtisassız adamlar daha çox tikintidə çalışırdı, tikinti isə neft sektorundan sonra daha böyük sektora çevrilmişdi.
–
Yekunda prezidentin sahibkarların əsassız ödəmələrilə bağlı dedikləri barədə münasibətinizi bilmək istərdik. Əvvəllər bu barədə iradlar olub, amma bu iradların hər müşavirədə səsləndirməsi nəyin göstəricisidir və ümumiyyətlə, problemin köklü həlli üçün nə edilməlidir?
– Problemin köklü həlli odur ki, siyasi və iqtisadi hakimiyyət bir-birindən ayrılmalıdır. İqtisadiyyatda idarəetmə funksiyasını daşıyan şəxslər bizneslə məşğul olmamalıdır. Onların korporativ maraqları var, nəzarətlərində şirkətləri, gəlirli biznes sahələri olduğundan maraqları çərçivəsində səlahiyyətlərindən istifadə edib bazara gələn oyunçuları sıxışdırırlar. Birinci səbəb bundan ibarətdir. Başqa səbəb korrupsiya və rüşvətxorluğun həmin sektorlarda davam etməsidir. Ən başlıca səbəb islahatların getməməsidir. Əgər islahatlar aparılarsa, iqtisadiyyat liberallaşarsa, əsassız cərimələr, yoxlamalar aradan qaldırılar. Bu gün dövlət büdcəsinə vəsaitlər yığmaqla biznesə əsassız basqılar var. Bunlar vergiləri vaxtında tam ödəməsindən asılı olmayaraq əlavə ödəniş məcburiyyətində qalırlar ki, son nəticədə iş adamlarının fəaliyyət imkanları daraldılır. Qısa müddətdə müəyyən təşkilatlar bundan effekt ala bilirlər, daxilolmalarda artım olmasa da, ən azı əvvəlki səviyyəni saxlayırlar. Ancaq 1-2 illik dövrdə isə bu çox pis nəticələrə gətirən effekt verə bilər. Yəni kiçik və orta sahibkarlar sinfi sıradan çıxa bilər. Bu isə dövlət büdcəsinin və iş yerlərinin əsas mənbəyi olan bir sektorun məhvini şərtləndirə bilər.
